“Təəssüf ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmirik. Səbəb olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin saxlanmasını, necə var elə də qalmasını istəyirlər”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Rossiya 24” kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr olduğu ölkələrin prezidentləri dəfələrlə status-kovonun qəbuledilməz olduğunu bəyan ediblər: “Status-kvo dəyişilməlidir. Status-kvonun dəyişilməsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi deməkdir, hansı ki, bu, nizamlanma prosesinin əsas şərtidir”.
Azərbaycan prezidenti münaqişənin postsovet məkanında olan digər münaqişələrdən fərqli olduğunu söyləyib: “Bu fərq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnaməsi mövcuddur. Bir deyil, 4 qətnamə var. Hansı ki, bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və şərtsiz çıxmasının tələb edildiyi yazılıb. Lakin bu qətnamələrə 20 ildən çoxdur ki, əməl olunmur. Təəssüflər olsun ki, bu qətnamələrin həyata keçirilməsini təmin edən mexanizm də yoxdur. Ermənistan sadəcə olaraq bunu rədd edir. Bu qətnamələr münaqişənin nizamlanmasının əsasını təşkil etməlidir. Ona görə ki, başqa cür ola bilməz”.
İlham Əliyevi bu il danışıqlar prosesində keçən illərlə müqayisədə daha da intensivlik müşahidə olunduğunu söyləyib: “Həmsədr ölkələr, prezidentlər səviyyəsində danışıqlar prosesində aktiv iştirak ediblər. İndiyə kimi heç vaxt belə olmamışdı. Avqust ayında Vladimir Putinlə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında ABŞ dövlət katibi Con Kerri bizimlə analoji görüş keçirdi. Oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət elədi, bizimlə ikitərəfli və üçtərəfli müzakirə aparıldı. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində mövzulardan biri də inam mühitinin möhkəmləndirilməsinə aid idi, hansı ki, qoşunların təmas xəttində itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü müsbət qiymətləndirdilər. Düz iki həftə sonra isə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də deyil, məhz Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və mindən çox hərbi texnika iştirak edib. Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?”
Azərbaycan prezidenti beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: “Bu gün dünyada baş verənlər beynəlxalq institutların öhdələrinə düşən vəzifələri yerinə yetirməyi bacarmadıqlarını və onlara olan ümidləri doğrultmadıqlarını nümayiş etdirir. Bu bizimlə bağlı olan vəziyyətə də aiddir. 20 ildir ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. Bundan başqa, məsələ BMT-nin kompitensiyasına aiddir. Prinsipcə, dünyada beynəlxalq institutların deformasiyası gedir. Bu çox təhlükəli və narahatedici vəziyyətdir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri bu barədə öz sözlərini aydın deməlidirlər. Özü də tək bəyanatlarla deyil, qəbul edilən qərarlara hörmət edərək”.