“Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, prezident həmsədrlərlə görüşündə girovların məsələsinə toxunub və onlardan bu istiqamətdə ciddi addımlar atmağı tələb edib: “Hazırda bu məsələ ilə Qırmızı Xaç Komitəsi məşğul olur. Biz onlarla əlaqə saxlayırıq və yaxın günlərdə müsbət nəticəyə ümid edirik”.