İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, “yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir.
Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsi görülən bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.
Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.
“Azərenerji” ASC-nin mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, ermənilərin təbiəti məhv etməklə köhnə nəsil texnologiyalar əsasında kortəbii hesablamalarla apardıqları planlaşdırmadan fərqli olaraq, dördüncü nəsil sənaye inqilabına uyğun süni intellektə adaptasiya edilən müasir texnologiyalar əsasında ölkənin ən böyük su bazası olan bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür.
Qeyd edilib ki, növbəti illərdə Kəlbəcər və Laçın rayonlarında yenidən qurulması təklif edilən digər kiçik su elektrik stansiyalarının ümumi gücü 82,2 MVt təşkil etsə də, yeni hesabatlara əsasən bu həcmi iki dəfə artırmaq mümkün olacaq.