Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hakan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.
Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:
– Hörmətli cənab nazir, hörmətli qonaqlar.
Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik.
Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.
Bu təlimlərin uğurla keçməsi, əlbəttə, hesab edirəm ki, çox önəmli hadisədir. Bu təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac var. Əminəm, bizim qardaşlarımız – Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən özləri də gördülər ki, onlar burada öz Vətənindədirlər. Əminəm ki, onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Bir daha xoş gəlmisiniz.
X X X
Türkiyənin Milli Müdafiə naziri Hulusi AKAR dedi:
– Hörmətli cənab Prezidentim, sağ olun, çox təşəkkür edirəm.
Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.
Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.
Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik.
Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik.
Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar.
Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir.
Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiyə Cümhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir.
Burada Baş Qərargah rəisimiz, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanlarımızla birlikdə həqiqətən bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürük.
Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik.
Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Sağ olun, var olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Xahiş edirəm ki, mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız.