Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
– Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru.
Əziz dostlar.
Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiyiniz üçün təşəkkürümü bildirirəm. Bu təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra Zirvə görüşünün təşkili göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa Zirvə görüşünə qoşulduğuna görə minnətdarlığımı bildirirəm.
Zirvə görüşünün gündəliyi təqdim olunmuşdur. Gündəliklə bağlı hər hansı təklifiniz yoxdursa, işimizə başlaya bilərik.
Hörmətli həmkarlar, bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk.
Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır.
Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Biz mart ayının əvvəlində təşkilatın mütəxəssislərini Azərbaycana dəvət etmişik. Qısa müddətdə dəvətimizə cavab verilmişdir. Belə ki, 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermişlər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.
On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.
Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.
On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.
Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır.
İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır.
Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilmişdir. İstehsal olunan avadanlıqlar və ləvazimatların satılması dövlətlər tərəfindən məhdudlaşdırılmışdır. Ona görə də daxili istehsal ehtiyacı yaranmışdır. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır.
Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir.
Sirr deyil ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq etmişdir. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunmuşdur ki, iş yerləri ixtisar edilməsin. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilmişdir. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaqdır. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanmışdır. Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaqdır. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaqdır. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılmışdır. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artmışdır. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilmişdir. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.
Hörmətli dostlar, hesab edirəm ki, bugünkü fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir.
Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.
Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.