Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.
Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait – mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır.
Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur.
Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir.