Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığını qeyd etdi.
Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşləri dostluq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi və Si Cinpinlə növbəti görüşü məmnuniyyətlə gözlədiyini dedi.
Əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması üçün real imkanların olduğunu və artıq ölkələrimizin müxtəlif sahələrdə çox yaxından əməkdaşlıq etdiklərini bildirən dövlətimizin başçısı son vaxtlar Azərbaycan ilə Çin arasında müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayının artdığını dedi, bunun da əlaqələrimizin möhkəmlənməsi işinə xidmət etdiyini vurğuladı.
Prezident İlham Əliyev iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində artımın olduğunu deyərək, insanların qarşılıqlı gediş-gəlişinin artdığını da məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı Şen Yueyuenin Azərbaycana səfərinin məhsuldar olacağına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əmin olduğunu bildirdi.
Qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən qonaq dedi: “Uzun illərdir ki, Siz Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Çin xalqının dostusunuz. İlk növbədə, Sizə Çin Xalq Respublikasının Sədrinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim. Son illər Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə Azərbaycan xalqı birlik göstərərək inkişaf yolu ilə gedir. Ölkənizdə dayanıqlı sabitlik, sürətli iqtisadi inkişaf müşahidə edilir və Azərbaycanın qüdrəti böyük dərəcədə artmışdır”.
Şen Yueyue Çinin Azərbaycan xalqının öz inkişaf yolu ilə bağlı etdiyi seçimini və Azərbaycanın Cənub-Cənub xətti üzrə qlobal iqlim dəyişiklikləri ilə bağlı fəal beynəlxalq əməkdaşlığını dəstəklədiyini vurğuladı. O, dünyada Azərbaycanın nüfuzunun daim artdığını deyərək bildirdi ki, bu, ölkəmizin yaxın dostu və etibarlı tərəfdaşı kimi Çini sevindirir.
Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan Şen Yueyue dövlətimizin başçısının bu seçkilərdə inamlı qələbə qazandığını vurğulayaraq təbriklərini çatdırdı və bunu Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətinə olan böyük dəstəyinin nümayişi kimi dəyərləndirdi. Qonaq Çin xalqının özünə yaxın hesab etdiyi Azərbaycan xalqına inkişaf yolunda yeni uğurlar arzuladı. O, Si Cinpin ilə Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı planları müəyyənləşdirdiklərini qeyd edərək iki dövlət başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətlərinin yeni mərhələyə qalxacağına və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini bildirdi.
Çin Xalq Respublikasının Sədrinin salamlarına, təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir.
Qonaq vurğuladı ki, Çin Xalq Respublikası daim Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyib. O, “Vahid Çin” siyasətinə dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi.
Azərbaycanın öz milli maraqları əsasında siyasət həyata keçirdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, Si Cinpinin rəhbərliyi ilə Çin Xalq Respublikasının, o cümlədən Çin iqtisadiyyatının əldə etdiyi nailiyyətlər Azərbaycanı dost və tərəfdaş kimi sevindirir. Çinin dünya iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayan dövlətimizin başçısı bunun qlobal iqtisadiyyatın inkişafı üçün çox vacib olduğunu dedi.
Qonaq COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxundu.
Söhbət zamanı vurğulandı ki, Azərbaycan Qlobal Cənubun tərkib hissəsidir və bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində bu ölkələrin maraqlarını müdafiə edib. Həmçinin COP29 çərçivəsində də Azərbaycan Qlobal Cənub ölkələrinin maraqlarının təmsil olunmasına öz səylərini əsirgəməyəcək.
Vurğulandı ki, ölkəmiz COP29 çərçivəsində də Çin Xalq Respublikası ilə əməkdaşlığa hazırdır və Azərbaycanın COP29 nümayəndə heyəti Çinə səfər edərək müzakirələr aparıb.
Görüşdə hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Çin nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələri qeyd edərək, xalq diplomatiyası çərçivəsində Çinin aidiyyəti təşkilatları ilə əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğuladılar.
Prezident İlham Əliyev hakim partiyalar arasında əməkdaşlığa toxunaraq, Çin Xalq Respublikasının müxtəlif təşkilatları ilə Heydər Əliyev Fondu arasında xalq diplomatiyası əsasında həyata keçirilən mədəni-humanitar tədbirlərin əhəmiyyətini qeyd etdi.
Söhbət zamanı bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdikləri bildirildi, Azərbaycanda elektroavtobusların və elektroavtomobillərin, həmçinin bərpaolunan enerji vasitələrinin istehsalının təşkili və bu istiqamətdə Çin şirkətləri tərəfindən investisiyaların qoyulması məsələsi müzakirə olundu.
Görüşdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, Çin-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə çatdığı bildirildi. Ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.