Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət veririk.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının yeni seçilmiş Federal Kansleri Fridrix Mertsə ünvanladığı təbrik məktubunda yer alıb.
“İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycan ilə Almaniya arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün birgə səylər göstərəcəyik”, – deyə dövlətimizin başçısı qeyd edib.