Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir Alain de Muyser Lüksemburqun Azərbaycanda akkreditə edilən ilk səfiri olmasından məmnunluğunu bildirərək, bu təyinatın və səfir kimi fəaliyyətinin ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına, eyni zamanda, insanlar arasında təmasların artmasına xidmət göstərəcəyini qeyd etdi.
Prezident İlham Əliyev Lüksemburq Böyük Hersoqluğunun səfirinin Azərbaycanda akkreditə olunmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Lüksemburq arasında əlaqələrin həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev əməkdaşlığın inkişafı üçün səylərin fəallaşdırılmasının zəruriliyini bildirdi. Alain de Muyserin səfir kimi əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti ona fəaliyyətində uğurlar arzuladı.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı surətdə məlumatlandırmanın və iqtisadi təmasların artırılmasının vacibliyi qeyd olundu.
Səfir COP29-un Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərarla bağlı təbriklərini dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Yaşıl enerjiyə keçid, yüksək və kosmik texnologiyalar sahələrində Lüksemburqun zəngin təcrübəyə malik olduğunu deyən səfir bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etdi. O, Lüksemburqun əsas daşıma şirkəti olan “Cargolux” ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini vurğuladı.
Söhbət zamanı ölkələrimiz arasında bank, maliyyə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.