Dövlət başçısının son bir ayda Şamaxıya təkrar səfəri əhali arasında böyük ruh yüksəkliyi yaratdı, problemlərin həllinə olan inamı daha da artırdı. Bunu “Xalq qəzeti”nə açıqlamasında Şamaxı sakini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev bildirib.
D.Musayevin sözlərinə görə, dövlət başçısı sakinlərlə səmimi görüşü zamanı onların problemləri ilə şəxsən maraqlanıb: “Dövlət başçısı görüşdə iştirak edən hər bir sakinin problemi ilə ayrıca maraqlandı. Həmin problemlərin dərhal aradan qaldırılması barədə tapşırıq verdi. Dövlət başçısı əsas diqqəti zəlzələdən zərərçəkən şəxslərə yönəltdi. Görülən işlərlə maraqlandı və sonra yarımçıq işlərin icrasının sürətləndirilməsi üçün qəti tapşırıqlar verdi. Bildirdi ki, zərərçəkən heç kəs çətinlik yaşamayacaq, dövlət evlərin bərpası üçün çəkilən bütün xərcləri öz üzərinə götürüb”.
Dövlət başçımız bir daha sübut etdi ki, o, hər bir vətəndaşın problemlərinə diqqət və qayğı ilə yanaşır. O, Şamaxıda zəlzələnin ziyan vurduğu mənzillərə də baxış keçirdi, qəzalı vəziyyətdə olan evlərin yenidən tikilməsi ilə şəxsən maraqlandı, lazımi tapşırıqlarını verdi. Şamaxılılar tam əmindirlər ki, Azərbaycan dövləti daim xalqın, öz vətəndaşının yanındadır.
Qeyd edək ki, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra dağıntılar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən, təbii fəlakətin törətdiyi fəsadlar sürətlə aradan qaldırılır.
Anar TURAN,
“Xalq qəzeti”