İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana zəng edib.
Dövlətimizin başçısı iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının əhəmiyyətinə toxunaraq, bu sahədə ölkələrimiz arasında mövcud əməkdaşlıqdan məmnunluğunu bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyi vurğulanıb.
COP28-in sədri olaraq Birləşmiş Ərəb Əmirlikləri və COP29-un sədri olaraq Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib.
Dövlətimizin başçısı ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində verdiyi maliyyə töhfəsinə və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda humanitar əsaslı tikinti layihələrinə töhfə vermək niyyətinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığını bildirib.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında münasibətlərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.