17 İYUL 2014-cü ildə Avropanın ən qaynar nöqtəsində- Şərqi Ukraynada, mərkəzi hökümətlə yerli rejim arasında münaqişə zonasında, içərisində ABŞ vətəndaşları da olan Malyaziyaya məxsus təyyarə düşür. Nəticədə 280 sərnişin və 15 ekipaj üzvü həlak olur.
Dərhal hadisənin faciəsi ikinci dərəcəli məsələyə çevrilir. Təyyarənin dağıntıları belə tapılmadan, münaqişə tərəfləri onun raketlə vurulması barədə digərini və müvafiq havadarını ittiham edir.
Axı prinsip məsələsidi. Mütləq digər tərəfə ziyan vurmaq üçün bütün mümkün vasitələrdə istifadə etmək lazımdır.
Hadisə sosial mediaya sirayət edir. Ayrı vaxtı öz ölkəsinin gündəlik probleminə biganə qalanlar, indi birmənalı şəkildə, şəksiz-şübhəsiz xoşları gəlməyən tərəfi ağır cinayətdə ittiham edir, ona qarşı kompaniyaya başlayır, onu lənətləyir. Heç kəsi təyyarənin vurulduğunu təsdiq edən əsaslı sübutun olmaması, vuranın alternativ kimsə ola biləcəyi maraqlandırmır.
Axı prinsip məsələsidi. Fürsət varkən, düşmənə qarşı istifadə etmək lazımdır.
Bu prinsip İYUL 1914-cü ildə Avstriya Şahzadəsi Frans Ferdinantı qətlə yetirən Qavrila Prinsipə çevrilməsin?
Həmin qətl, dərhal milyonlarla insanın həyatına son qoyan, bir neçə imperiyanı süqut etdirən, dünyanı neçə il inkişafdan geri salan və ən əsası daha dağıdıcı növbəti dünya müharibəsi üçün zəmin yaradan birinci dünya müharibəsinə gətirib çıxarmışdı.
Sonradan qətli araşdıranlar maraqlı fatklar aşkat etmişdilər. Sanki, kimlərsə ağıldan kəm serb millətçisi üçün əla zəmin yaratmışdı. Frans Ferdinantın illər sonra dəhşətli müharibənin ocağına çevriləcək Sarayevoya getməsi, onun üçün qatilin düz qucağına aparacaq marşrutun seçilməsi, qətl üçün əla şəraitin yaradılması, bütün bunlar onu göstərir ki, Prinsipə sadəcə tətiyi çəkmək lazım idi. Hər şey onun üçün hazırlanmışdı. Dava şahzadənin ölümdavasıydı. Prinsipin tətiyi çəkməyə gücü çatmasa belə, kimsə onun yerinə çəkib tapançanı yenidən ona qaytaracaqdı.
Əsas prinsip məsələsi isə bunu Prinsipin üzərinə atmaq idi.
Haşiyə:
Sovet dövründə çəkilmiş bir komik animasiya filmi var: “İtalyansayağı qarət”. Avara, tüfeyli həyat sürən, heç bir işlə məşğul olmayan, böyük ailə başçısının şəhərdə hər kəsə – satıcıya, qonşuya, qohuma, polisə hətta fahişəyə belə borcu var. Borcunu qaytarmaq üçün yeganə çıxış yolunu yerli bankı soymaqda görür. Həmin gün şəhər əhalisi üçün bayram olur. Hər kəs onun çiynində banka aparır. Hətta, bankın işçiləri də könüllü şəkildə həvəslə pulları çıxarıb ona verirlər, çünki bu pullardan onların da borcu qaytarılacaqdı. Marioya isə sadəcə qarət qərarını ifadə etmək kifayət edir.
Frans Ferdinantın qətli mənə nədənsə bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciəni xatırladır. Yenə də ağıldan kəm bir qatil, sanki əməlinin mənasını dərk etməmiş kimi rahatca aliməktəbə gedir, neçə sayda gəncin həyatına son qoyur. Səhəri gün, ayrı vaxtı ölkəsinin faicələrinə göz yuman kimsələr, sanki fürsət gözləyirlərmiş kimi guya ölənlərin haqqını təlbə etmək bəhanəsi ilə dövlətə qarşı kompaniyaya başlayır. Dövləti öz vətəndaşlarının qətlində ittiham etdilər. Ancaq, o tapançanı qatilin əlinə kimin verməsi, onun necə asanlıqla binaya daxil olması, kimin sifarişini yerinə yetirməsi kimsələri maraqlandırmırdı.
Axı prinsip məsələsi idi, hakimiyyətə qarşı istifadə etmək üçün əla imkanyaranmışdı.
İndi, o raketi doğrudan da əgər baş veribsə, hansı bədbəxt əskərin buraxması heç də prinsipial məsələ deyil.
Prinsipial məsələ odur ki, niyə təyyarə məhz münaqişə zonasının ərazisində vurulub?
Prinsipial məsələ odur ki, münaqişə zonası olduğu halda təyyarə, niyə həmin əraziyə yönəldilib?
Prinsipial məsələ o ola bilər ki, nəyə görə raket atan hədəfi səhv salıb?
Ən əsası, prinsipial məsələ odur ki, bu hadisə yenidən milyonlarla insanın məhvinə gətirib çıxara biləcək yeni dünya müharibəsinə bəhanə ola bilər. Axı Ukrayna indi Avropanın “barıt çəlləyi”dir. Biz də dünyanın və Avropanın bir parçası olduğumuzdan bu müharibədən kənarda qalmağımız qeyri-mümkündür.
Haşiyə:
Aqata Kristinin “Şərq ekspresində qətl” əsərinin sonunda, Herkül Puaro qəribə bir vəziyyətlə rastlaşır. Qurbanla eyni vaqonda səyahət edən (hadisə Yuqoslaviya ərazisində baş vermişdi) bütün şəxslərin qətldə iştirak etdiyi məlum olur. Qatillərin hər birinin öz motivi vardı. Hansı bıçaq zərbəsinin ölümcül olması cinayət-hüquqi baxımdan əhəmiyyətli olsa da, hazırki halda mənasız idi.
İndi, raketi kimin buraxması, hazrıkı vəziyyətdə o bıçaq zərbəsi qədər mənasızdır. Əsas məsələ odur ki, o təyyarə Frans Ferdinant, raketi buraxan isə Qavrila Prinsipolmasın. Axı 2014-cü ilin İYULUDU. Frans Ferdinantın qətlindən düz 100 il ötür. Kimlər üçün isə bu “Prinsip məsələsi” ola bilər!
Aqşin Atalızadə
Hüquqşünas