Asif Hacılı. Hörmətli Atəş müəllim, Sizi salamlayır və dəvətimizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, görkəmli ictimai xadim Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə bu Assosiasiyanın kollektivi möhtəşəm bir layihənin – “Göyçay Ensiklopediyası”nın üzərində işə başlayıb. Bir qədər əvvəl Elxan müəllimin millət vəkili olduğu Şamaxı rayonu haqqında AVCİYA tərəfindən “Şamaxı Ensiklopediyası” hazırlanmışdı. Ensiklopediyaların ümumi prinsipləri eyni olsa da, Azərbaycanın mərkəzi rayonlarından olan Göyçayın özünəməxsus xüsusiyyətləri bu Ensiklopediyada nəzərə alınacaq. Özünəməxsusluq təbii şərait, coğrafiya, regional mühitlə müəyyənləşir və ilk növbədə folklorda, etnoqrafiyada təzahür olunur. Buna görə də Göyçay əsilli folklorşünas alim, hazırda bir neçə cildlik “Göyçay folkloru” antologiyasının üzərində çalışan tərtibçi kimi Sizinlə müəyyən müzakirə və mükalimə aparmağı əhəmiyyətli hesab etdik. İlk sualım da məhz bu bölgənin diyarşünaslıq baxımından səciyyəsi, folklor, mədəniyyət baxımından özünəməxsusluğu haqqındadır. Qədim və özünəməxsus bölgələrimizdən olan Göyçayın bu özünəməxsusluğunu nədə görürsünüz? Bu özünəməxsusluq ilk növbədə Göyçay ərazisinin tarixindən, təbiətindən, coğrafiyasından, təsərrüfatından və sairədən qaynaqlanır. Bu amillər və Göyçayın mədəni, folklor mühitinin ümumi səciyyəsi haqqında fikriniz?
Atəş Əhmədli. Asif müəllim, əvvəla, bir göyçaylı və ziyalı kimi belə bir müstəsna əhəmiyyətli layihənin başlanmasına görə hörmətli Elxan müəllimə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda məni yada salıb bu söhbətə dəvət etdiyinizə görə də minnətdaram. Siz özünüz də Ahıska və Borçalı timsalında geniş regional-diyarşünaslıq araşdırmaları aparmış, çöl materialları toplayıb təhlil etmiş tədqiqatçılarımızdansız və bu yöndə araşdırmaların əhəmiyyətini doğru qeyd etdiniz. Göyçay, həqiqətən, özünəməxsus və həm də öz ətraf mühitinə, Şirvan regionuna sıx bağlı bir bölgədir. Məlumdur ki, Göyçay nəhəng Şirvan arealının kiçik bir yörəsidir və arealda baş verən hər hansı inkişaf və dəyişilmələr təbii ki, bu yörəyə də təsirsiz qala bilməzdi. Amma yerləşdiyi mühitdən, landşaftdan asılı olaraq, ərazinin özünəməxsus coğrafi səciyyəsi vardır ki, bu faktor da onun sosial və təsərrüfat həyatının təşkilində önəmli rol oynamışdır. Özəlliklə də, aran hissədə yerləşməsi imkan vermişdir ki, burada ilboyu əkinçilik və digər təsərrüfat sahələrindən səmərəli istifadə olunsun.
Asif Hacılı. Tarixdə və mədəniyyətdə coğrafi amilin müstəsna rolu var.Göyçayın Şirvanın aran hissəsində yerləşməsi və əslində dağlıq bölgəyə özünəməxsus keçid alması, yəni tarixi miqrasiya marşrutları üzərində yerləşməsi bu ərazinin mədəniyyətinin qədimliyini və tarixi proseslərin də intensivliyini təyin edir. Buna görə də Göyçayda tarixi abidələr, qədim dövrlərin izləri az olmamalıdır. Ancaq bunlar nə qədər aşkarlanıb və tədqiq edilib?
Atəş Əhmədli. Vacib məqama toxundunuz. Bu ərazidə, ümumən Şirvanda həm tarixi hadisələr, həm də təbii-geoloji proseslər çox gərgin və intensiv cərəyan edib. Bəlkə, elə buna görə Göyçay yerüstü abidələrlə zəngin olmasa da, tarixçilərin qənaətincə, arxeoloji araşdırmalar aparılarsa, ərazidə önəmli faktlar aşkarlana bilər. Çünki ərazi tarixi “İpək yolu”nun müəyyən bir səmtini təşkil edir və çox güman ki, vaxtilə mövcud olan get-gəllərin hansısa əlamətləri burada izlərini saxlamışdır. Yerüstü abidələrindən, məsələn, “Surxay xan qalası”nın nişanələri hazırda ərazidə qalmaqdadır. Bəzi tarixçilər qalanın IX-X əsrlərdə tikildiyini iddia edirlər. Müdafiə məqsədi ilə tikilmiş bu qalanın dolayısı ilə də olsa Nadir şahın hakimiyyət dövrü ilə ilişkisi vardır. Deyilənə görə, Nadir şah Azərbaycanda xanlıqları birləşdirməyə səy göstərdiyi dönəmdən bir qədər öncə Dağıstandan bu yerlərə gəlmiş Surxay adlı xan qalanı özünə sığınacaq seçmişdir. Lakin tikilinin XVIII əsrə qədər əvvəlki görkəm və davamlılığında qaldığı ağlabatan görünmür. Güman ki, bu dönəm qalada yenidənqurma işləri də aparılmışdır və ola bilsin ki, elə o vaxtdan bu istehkam “Surxay xan qalası” adlanmağa başlayıb. Belə səciyyədə olan nümunələr ölkəmizdə çoxdur. Məsələn, Gədəbəydə hazırda mövcud Koroğlu qalası bir vaxtlar sərkərdə Cavanşirin adını daşıyıb. Belə fərz olunur ki, həmin qala öncə Cavanşir tərəfindən inşa etdirilib. Müharibələrdə dağılmalara məruz qalmış qala Koroğlu dönəmində yenidən qurulmuşdur. Dövrlər arasında böyük fərq olsa da, maraqlıdır ki, qala hər iki adını yaşatmaqda davam edir.
Mənbələr bildirir ki, Nadir şahın təzyiqinə davam gətirməyəcəyini anlayan Surxay xan əvvəlcə qalanı, sonra da bütün əraziləri tərk etməyə məcbur olmuşdur. Oğuz rayonunda da indilikdə bu adı daşıyan qala mövcuddur və belə çıxır ki, həmin dövrün tikilisi kimi bu adda olan qalalar şəbəkə təşkil etmişdir. Təəssüf ki, bu şəbəkəyə daxil olan qala-istehkamlar indiyədək ciddi araşdırılmayıb. Araşdırılarsa, heç şübhəsiz, bu civarda daha yeni və maraqlı məlumatlar əldə edə bilərik.
Digər tərəfdən, ərazidə çoxlu toponimlərə rast gəlmək olur ki, bunlara da əski dövrlərin maraqlı və qiymətli informasiyaları yansımışdır. Bütün bunlar isə bədii yaradıcılıqda, o cümlədən, folklor örnəklərində hansısa bir əlamətilə işartılanmaqdadır. Deyək ki, ərazidən toplanmış əfsanə və rəvayətlərdə, bayatılarda və s. janrlarda bu informasiyalar qoruna bilmişdir.
O ki, qaldı regional araşdırmalara, düşünürəm ki, bu sahədə tədqiqat aparmağa gündən-günə tələbat artmaqdadır. Əslində, bütövün öyrənilməsi ona aid olan hissəciklərin sərf-nəzər olunmasından keçir. Hər ehtimala qarşı bildirməliyəm ki, regional araşdırma regionçuluğun təqdir olunması demək deyildir.
Bu məsələdə yerli ziyalıların da böyük rolu ola bilər və doğma Göyçay haqqında diyarşünaslıq səciyyəli xeyli maraqlı məlumatı Göyçayda yaşayıb-yaradan dəyərli ziyalımız, filologiya üzrə fəlsəfə doktoru, vətənpərvər tədqiqatçı Əkbər Əliyevin “Göyçay: nə bilirik?” adlı kitabından əxz etmək olar. Yeri düşmüşkən, müsahibəmizin müəyyən məqamlarında bu kitabdan istinadlara ehtiyacımız olacaq.
Asif Hacılı. Atəş müəllim, hazırda işlək olan toponimlərdən – həm də mütləq əksəriyyəti türk mənşəli etnotoponimlərdən də göründüyü kimi,Göyçay əzəli türk torpağıdır. Göyçayda bir çox xalqların nümayəndələri dost və qardaş kimi yaşayır. Ancaq buranın əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləridir və burada türk mənşəli, türk tipologiyalı zəngin xalq mədəniyyəti ilə qarşılaşırıq. Göyçay folklorunda, etnoqrafiyasında, eləcə də toponimlərdə bu cəhət necə aşkarlanır?
Atəş Əhmədli. Çox önəmli bir problemə toxundunuz və bunun çözümü üçün dərindən araşdırma aparmağa ehtiyac duymuruq. Sadəcə, bölgədən əldə olunmuş etnoqrafik və digər faktoloji resurslara arxalanmaqla (həm də sizin israrla üzərində dayandığınız) bu fikri tam dəstəkləmək olar. Məsələn, rayon hüdudunda elə toponimlərə rast gəlmək olur ki, onlar birbaşa bu əsaslandırmanı təmin edir. Bunlardan Qarayazlı (və ya Qarayazı), Qaraxıdır, Qarabaqqal, Qaraman, Bığır, Alpoud və bu qəbildən olanlarını qeyd edə bilərik. Kənd adları daşıyan bu toponimlər elə səslənməsində türklüyü bizə yansıtır, nəinki bunu dərindən çözməyimizə elə bir yer qoymur. Hüngütlü toponimi də maraq doğurur və bu anlamda cəlbedici olması ilə seçilir. Ruhu şad olsun, Əzizə xanım Cəfərzadə vaxtilə bu adı daşıyan kənddə bir bayatı qeydə alıb və bayatıda Hun dağından söz açılması ona olduqca önəmli təsir bağışlayıb:
Əzizim Hun dağına,
Gəl gedək Hun dağına.
Oğlu ölən ananın,
Qan damar qundağına.
Əgər ərazidə hunlarla ilişkili yer adlarına rast gələ biliriksə, deməli, ərazinin aborigen sakinləri haqda fikir söyləmək üçün bu fakt bizə ipucu verə bilir. Ümumiyyətlə, toponimlərimiz xalqımızın tarixi, tarixi coğrafiyası, etnik tərkibi, dili, təfəkkür tərzi, məişəti və s. mühüm cəhətləri haqqında qiymətli məlumatlar verən etibarlı faktlardır. Sözsüz ki, bayatıda izah olunası digər məqamlar da vardır və bunların üzərindən ötəri keçmək mümkün də deyildir. Lakin etiraf etməliyik ki, bizim müsahibənin çərçivəsi hazırda bunu təfsir etməyimizə imkan vermir.
Asif Hacılı. Tamamilə razıyam, tarixi Azərbaycan ərazilərində bir çox toponimlərimiz son iki yüz ildə xeyli təhrifə uğrayıb. Qərbi Azərbaycanda da tamamilə dəyişdirilərək erməniləşdirilib. Başqa yerlərdə də belə faktlar kifayət qədərdir. Çox şadam ki, biz 44 günlük tarixi zəfərimizlə həm işğalda olan torpaqlarımızı azad etdik, həm də tarixi yaddaşımızı bərpa etməyə başladıq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Şərqi Zəngəzur toponiminin rəsmən bərpa edilməsi bu baxımdan böyük mənəvi və həm də siyasi hadisədir. Qeyd etdiyiniz yer adlarının əksəriyyəti etnotoponim səciyyəlidir və bu etnonimlər qədim türk tayfalarının tarixini, özünəməxsus həyat tərzini, təsərrüfat və məişətini də xatırladır, bu isə Göyçayın bu günündə də aşkarlanan etnoqrafik, mədəni özəllikdir.Göyçay, fikrimcə, həm türk köçəbə və həm də klassik mədəniyyətimizdən, Şirvan yazılı ədəbi ənənəsindən təsirlənir. Burada Şirvan aşıq sənəti və klassik şeirin, eləcə də muğam və halayın birgə təsiri izlənir. Bu sinkretikliyi necə şərh edərdiz?
Atəş Əhmədli. Maraqlı sualdır və çalışacağıq ki, cavabı da maraq oyadacaq məzmunda diqqətinizə çatdıraq. Əvvəldə də qeyd etmişdik ki, Göyçay nəhəng Şirvan bölgəsinin kiçik bir yörəsidir və yenə o qənaətdəyik ki, bölgənin keçirdiyi hər hansı yüksəliş və eniş buraya da sirayət etməli olacaqdır. Elə götürək aşıq sənətini, təkcə bu sahənin səciyyələndirilməsinə əsaslanmaqla verilən sualı dolğunluqla cavablandırmaq mümkündür. Bildiyimiz kimi, Şirvan aşıq sənəti həm də muğam kökənlidir və bu da imkan verir ki, hər iki sahə, yəni şifahi ənənə ilə yazılı ənənə bu müstəvidə çulğaşsın, mübadilə etsin və sözün tam mənasında inteqrasiya olunsun. Tarixə nəzər salsaq, onda əmin olarıq ki, Şirvan (həm də Göyçay) aşıqları mahir muğam ifaçılarından heç də zəif çıxış etməmişlər və bu da özlüyündə onların klassik poeziyaya yaxşı bələd olduqlarını şərtləndirir. Repertuarlarında qoşma, gəraylı, bayatı və bu kimi şifahi ənənədən gələn ölçülər üstünlük təşkil etsə də, Şirvan aşıqlarının ifalarında qəzəliyyata və digər klassik şeir formalarına da yer verildiyini müşahidə etmək olur. Yəni ki, onlar Xaqani, Nəsimi, Seyid Əzim irsinə də yaxından bələd olduqlarını açıq sezdirə bilirlər. Məsələn, biz bu səciyyəni Qərb və digər bölgədən olan aşıqlarımızın timsalında və ümumiyyətlə, həmin miqyaslarda izləyə bilmirik.
Asif Hacılı. Atəş müəllim, dediyiniz məqam, yəni klassik ədəbiyyat, divan ənənəsi, muğam, əruz və sairə müvafiq mühitdə, ilk növbədə dövlətçilik, saray mühitində intişar tapır. Şirvan isə çox zəngin bir dövlətçilik ənənəsinin, qüdrətli şahlıq tarixinin yurdudur. Eyni zamanda, Şirvan zəngin üləmalar, din xadimləri, irfan sahiblərinin məskəni olmuşdur və burada tək Azərbaycanda deyil, bütün Qafqazda imanı, dini, şəriəti, dini fəlsəfəni yayan insanlar fəaliyyət göstəriblər. Bir maraqlı nümunə göstərim. Məlum olduğu kimi, böyük Şeyx Şamilin o dövrün ən böyük imperiyasına qarşı onillərlə apardığı Qəzavatı yalnız milli azadlıq deyil, həm də dini-mənəvi hərəkat olmuş və bunun da əsasında müridizm ideologiyası durmuşdur. Maraqlıdır ki, müridizmin əsas qaynağı məhz Şirvanda olub. Belə ki, Şeyx Şamilin dərs aldığı Şeyx Məhəmməd Yaraqlının (Yəraqi) özünün müəllimi Şirvanlı Şeyx Məhəmməd Nəbi (Qəbələli Dərviş Baba) olmuşdur. Beləliklə, Qəzavatın dini-ideologiyası Şirvandan qaynaqlanıb. Sonradan bu məktəbin görkəmli davamçısı Qaramanlı din xadimi, maarifçi, xeyriyyəçi Hacı Rəhim Əfəndi olmuşdur. Təbii ki, bu mənəvi zənginlik Şirvanın qədim dövlətçilik ənənələri, saray mədəniyyətinin inkişafı ilə izah edilə bilər.
Atəş Əhmədli. Çox maraqlı və Şirvanda dövlətçilik, maarif ənənəsinin zənginliyinə dəlalət edən faktdır. Bu cəhət Şirvanın folklor ənənəsində də aşkarlanır. Buna görə də klassik ənənənin aşıq yaradıcılığında, folklorda fəal təzahürü təkcə sənət və sənətkar tandemində, fərdi sənətkarlıqda izahını tapacaq məsələ deyil. Bunun digər, həlledici nişanəsi həm də bu irsin dövlət və dövlətçilik ənənəsindən günümüzə miras qaldığını əlamətləndirir. Dövlətçilik ənənəsi dedikdə, biz saray mühiti və bu kimi təsirləri nəzərdə tuturuq və birmənalıdır ki, bu mühitdə klassik poeziyaya meyillilik daha güclü olub. Fikrimizcə, məhz bu amil bölgədə muğam sənətinin inkişafını və populyarlığını şərtləndirib və mümkünsüzdür ki, bölgə aşıqları da bu amildən yararlanmasınlar. Odur ki, Şirvan aşıqlarının sənətə münasibətini bu iki sahənin qovuşuğunda sərf-nəzər etməyimiz yəqin ki, oxucular tərəfindən də anlayışlı qarşılanacaq.
Asif Hacılı. Siz uzun illərdir Göyçay folklorunu toplayırsınız və artıq çapa hazırlamısınız. Göyçay folklorunun səciyyəsi barədə fikirləriniz maraqlıdır. Göyçay folklorunun özünəməxsusluğu nədədir, janr, üslub, dil xüsusiyyətləri barədə fikriniz?
Atəş Əhmədli. Öncə onu deyim ki, Göyçay folklorunu Şirvan folklorunun fonunda səciyyələndirmək lazımdır. Çünki bu parametrdə əksər məqamların üst-üstə düşdüyünü müşahidə edə bilirik. Elə götürək nağılları, bu janr bu parametrdə ən oxşar mövzularda yayğındır və bu cəhət də onların asanlıqla müqayisəsini aparmağa imkan verir. Məsələn, Şah Abbas mövzusu Şirvan nağılçılığında ən geniş yayılmış mövzulardandır. Göyçaydan topladığımız nağılların da əksəriyyətində bu mövzunun aparıcı olduğunu müəyyənləşdirə bilmişik. Ümumiyyətlə, nağıla maraq bu bölgədə daha üstün mövqedədir, hətta bu bölgədə el şənliklərinə dəvət almış aşığa “aşıq imkan varsa, bir nağıl danış” deyə, müraciət edənlər olur. Yeri düşmüşkən, bölgədə dastan təqdimatı nağıl ifaçılığı kimi də qəbul olunur. Görünür, bu cəhət həmin janrların tarixi inteqrasiyasına əsaslanır. Mövzuların təsnifatına gəlincə, burada da ümumbölgə üçün ortaq olan cəhətləri qruplaşdırıb müqayisəyə çəkmək mümkündür. Digər janrlar üzrə paralellər aparılarsa, şübhə etmirik ki, çıxardığımız nəticə eynilə təkrarlanacaq.
O ki qaldı ən qabarıq özünəməxsusluğa, əlbəttə, bu məqamla bağlı Göyçayı ümumbölgədən fərqləndirən aspektləri olduğunu da deyə bilərik. Elə götürək yerli ləhcəni, yetər ki, bu lokalizənin fonunda müəyyən fərqlər ayırd edilsin. Yəni, sizin də vurğuladığınız kimi, burada üslub və dilə aid bir sıra törəmə subyektlər nəzərdə tutulur. Ümumiyyətlə, dil sistematik çalışan mexanizmə bənzəyir və mütəmadi olaraq məfhumlar törədə bilir.
Asif Hacılı. Göyçayda aşıq sənətinin vəziyyəti, Aşıq Mürsəl kimi ustadlardan sonra kimlər var?
Atəş Əhmədli. Əvvəla, onu deyim ki, aşıq sənəti Şirvan bölgəsi üçün səciyyəvi sayılan ənənəvi peşə sahələrindən biridir, bəlkə də, birincisidir. Bu sənət həm də öz tarixi köklərinə görə bölgədə ən qədim sahələrdən hesab olunur. Niyə Şirvan amilini burada da qabardırıq, öncə onu izah edək. Rəsmi açıqlamalara görə Şirvan aşıq sənətinin tarixi XVI əsrdə fəaliyyət göstərmiş Şirvanlı Dostunun adı ilə bağlıdır. Maraqlıdır ki, bu tarixin XIII əsrlə ilişkili məlumatları ilə də rastlaşa bilirik. Belə ki, həmin dövrdə yaşamış Şirvanlı Molla Qasımın da aşıq üslubunda şeirlər yazdığından bəzi mənbələrdə söz açılır. Düzdür, saz ifaçılığı haqda elə bir qeyd verilməsə də, hər halda, onun yüksək şairlik təbindən bu mənbələrdə geniş danışılır. Əlbəttə, aşıqlıqdan təsirlənərək yazıb-yaradıbsa, onda düşünmək olar ki, Molla Qasımın bu ifaçılıqla birbaşa ilişkisi də olmuşdur. Təbii ki, bunlar ehtimaldır və problemin diqqətdə saxlanılmasına bu yalnız stimul verə bilir. Hesab edirik ki, problem olduqca aktualdır və araşdırılması folkorşünaslığımıza yeniliklər gətirə bilər.
Asif Hacılı. Aşıq sənəti, deyə bilərik ki, Şirvanda, o cümlədən Göyçayda XX əsrdə də aktual, sevilən yaradıcılıq sahəsi olub. Təbii ki, öz havacatı, repertuarı, ifa tərzi və dediyiniz kimi, ləhcə-üslub özəllikləri ilə. Aşığa münasibət də həm zəngin ənənədən, həm də müasir sənətkarların cəlbediciliyindən törəyir, yəqin ki. Bəs dünyanın dəyişdiyi, ünsiyyətin virtuallaşdığı, bəsit oxuyanların çoxaldığı bu günlərimizdə vəziyyət necədir?
Atəş Əhmədli. Göyçayda aşıqlığa münasibətə gəlincə, bu haqda bir neçə kəlmə söyləməklə kifayətlənmək istərdim. Uşaqlıq illərindən xeyli keçməsinə baxmayaraq, Göyçayda təşkil olunan el şənliklərinin Şamaxıdan, yaxud da Kürdəmirdən gətirilən aşıqların iştirakı ilə keçirildiyini indi də yaxşı xatırlayıram. Ruhu şad olsun, Aşıq Şakirin toyu necə idarə etdiyi dumanlı şəkildə də olsa uşaqlıq xatirəmdə izlərini saxlamaqdadır. Bu, həm də onun göstəricisidir ki, Göyçay elə gələnəkdən Şirvan aşıq sənətinin təsiri altında olub. Bütün bunlar öz yerində, Göyçay rayonunda da ərsəyə gəlmiş bir neçə aşığın adını çəkə bilərəm: Aşıq Mürsəl, Aşıq Əbülfəz, Aşıq Namət, Aşıq Bədir, Aşıq Əhməd. Çox təəssüf edirəm ki, ustad aşıqların yetişdiyi Göyçayda bu möhtəşəm sənət indilikdə tamamilə öləzimişdir.
Asif Hacılı. Aşıq sənətinin öləziməsi, təbii ki, təəssüf doğurur. Ancaq günümüzün acı reallıqlarındandır. Təsəllimiz odur ki,Göyçay həm də görkəmli ədiblərin vətənidir. Rəsul Rza, Ənvər Məmmədxanlı, Anar, Əli Kərim və bir çox başqaları Azərbaycan ədəbiyyatının zirvələri, bu gün də sevilən, oxunan, düşündürən, duyğulandıran sənətkarlardır. Əslində bütün bu və digər sənətkarlar ümummilli mənəvi sərvətimizdir, bəşəri amallı böyük Azərbaycan ədibləridir. Ancaq hər halda kökləri Göyçaydan qaynaqlanan, genetik yaddaşları bu yurddan gələn sənət adamları kimi də maraq doğururlar.
Atəş Əhmədli. Tamamilə haqlısız, hətta əlavə edərdim ki, yaradıcılıqlarının spesifikasına görə həm də bu şəxsiyyətlər ədəbiyyatımızda bənzərləri olmayan zirvələrdir. Əlbəttə, siyahını bir qədər də genişləndirmək olardı. Ruh və qayəcə bu sferaya uyğun gələn şair və yazarlardan söz gedir, sayı süni artırmaq xatirinə bunu demirəm. İsgəndər Coşqunu, İbrahim Göyçaylını, Vaqif Süleymanovu və bu qəbildən olan digərlərini bu siyahıya qatsaq, əslində itirmərik..! Sonuncu, İslam Səfərlinin sözləri ilə “dillər əzbərinə çevrilmiş” məşhur “Göyçay” mahnısının bəstəkarıdır. Ümumiyyətlə, müqayisədə götürsək, qədimdən bu torpaqda poeziyaya meyil daha yüksək olub və zənnimcə, indi də bu fərq yerində qalıb.
Asif Hacılı. Qədim demişkən, adı məşhur olsa da, haqqında yetərli tədqiqatlar aparılmayan Həbibinin Göyçaydan olması söylənir. Başqa sənətkarlar haqqında bir məlumat varmı?
Atəş Əhmədli. Klassiklərə gəlincə, etiraf etməliyəm ki, Həbibi haqqında çox az bilirik. Yalnız orta məktəb dərsliyindən bunu oxumuşdum ki, Göyçay qəzasının Bərgüşad kəndində dünyaya göz açıb və hələ uşaq ikən fitri qabiliyyətinə görə yaşıdlarından seçilib. Məlumatın nə dərəcədə doğru olduğunu deyə bilmərəm, bir də ağızlardan onu eşitmişdim ki, Füzulinin müəllimi olub. Güman ki, bunu söyləyənlər mənəvi müəllimliyi nəzərdə tutublar, çünki birbaşa təmasda olmaları haqda elə bir tutarlı mənbə hələ ki, ortalıqda yoxdur. Fərz etmək də olar, belə ki, tədqiqatçılar Həbibinin 1470-ci ildə anadan olduğunu qeyd edirlər. Bu minvalla, o, Füzulidən 24 il öncə doğulmuş hesab olunur. “El arası” söhbət kimi mövcud olsa da, hər halda, bu olduqca maraq doğuracaq bir informasiyadır, o mənada ki, informasiya “qəlb şairi” Füzuli ilə əlaqələndirilmişdir. Əlaqələri “olub”, ya “olmayıb”, bunu daha dürüst tədqiqatçı müəyyənləşdirə bilər. Bizə gəlincə, təkcə bu informasiyaya görə Həbibişünas olmağa dəyər! Qeyd üçün deyək ki, Həbibi şair kimi Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yetişmiş, sonralar isə Səfəvilər sarayında böyük nüfuz qazanaraq məliküşşüəra rütbəsi almışdır.
Bildiyimiz qədər görkəmli ədibimiz Rəsul Rza fəlsəfi şair olub. “Rənglər” başlıqlı silsilə şeirləri bunu aydın ifadə edir. Poeziyada yenilikçiliyin tərəfdarı olub. Sərbəst üslubu poeziyamıza ilk dəfə böyük sənətkarlıqla gətirən də məhz o olub. Bu üslub onun ruhuna tam uyğun idi. Çünki şairliyi öz yerində, bir insan kimi də sərbəst düşüncə sahibi olub. Şübhəsiz, bu cəhət də, həmin dövrdə hamıya xoş gələ bilməzdi. Hansısa “həmkarı” özünü “gözə soxmaq” üçün bunu onun özünə qarşı istifadə edə bilərdi! Lakin bunlara rəğmən, Rəsul Rza cəsarətli və həqiqəti çəkinmədən deyən şair olub. Hətta sonrakı dövr şeirlərində ideologiyaya münasibətinin dəyişildiyi aydın sezilir. Məsələn, 1962-ci ildə yazdığı “Sarı dana və balaca qız” şeirində bunun işartılarını görə bilirik. Rəng seçiminə gəldikdə, şair dananı qara, qonur və s. rənglərdə də təsvir edə bilərdi. O bu seçimində tam sərbəst idi. Bəs niyə “sarı” rəngi əsas götürmüşdür və bununla nəyə işarə etmişdir?! Bax, problem də elə bunda idi! Şeiri geniş təhlil etməyə lüzum görmürük, sadəcə, məğzini qısaca çatdırmaqla mətləbi qapatmaq fikrindəyik. Belə olur ki, fermanın sarı danası xəstələnir. Sədr, partkom, baytar, briqadir tökülüb gəlir danaya baş çəkməyə. Sağıcı Gülxara bütün səyi ilə çalışır ki, sarı dananı sağaltsın. Sağaldır da! Amma sarı dana ilə möhkəm qayğılanan Gülxaranın qızcığazı qayğısızlıq ucbatından xəstələnib ölür. Şeir belə bir sonluqla bitir:
Quyruğunu qoyub belinə qaçır,
tullanır sarı dana indi.
Ancaq, soruşan yoxdur,
yaşıl otlar içindəki o balaca qəbir kimindir!
Düşündürücü məqamdır, eləmi?!
Gəlin ardını sərf-nəzər etməyi oxucuya həvalə edək!
Əminəm ki, o özü “tükü saçdan ayıra biləcək”!
Asif Hacılı. Rəsul Rzanın Göyçay haqqında şeiri də həm yurd sevgisinin səmimiliyi, həm də sənətkarlığı ilə seçilir.
Atəş Əhmədli. Bəli, ümumən Rəsul Rza düşündüyünü, duyduğunu yazıb.Deyim ki, Əli Kərim də onun kimi yenilikçi və səmimi şair olub. Ümumiyyətlə, sənət adamının sənətə yenilik gətirməsi onun mərhələ təşkil etməsi ilə müəyyənləşir. Həqiqətən, bu yeni bir mərhələ idi. “Qaytar ana borcunu” dillər əzbərinə çevrilmişdi. Həmin dövrdə Əli Kərimsayağı yazan çoxlu şairlər meydana gəlmişdi. Çoxları da Əlinin nisgilli etirafından nəticə hasil edib, “analarına olan övlad borcunu” necə qaytarmaq haqda “düşüncəsilə çarpışırdı”. Çox təəssüf ki, bu mərhələ uzun sürmədi və Əli Kərim vaxtsız bu dünyadan köç etdi. Tələbə olduğum dövrdə bir şair tanışımın onun haqqında söylədiyi fikir indi də olduğu kimi yadımdadır. Deyirdi ki, yəqin fikir vermisiz, ildırım çaxanda ətraf aləm necə işıqlanır… Daha diqqətlə baxsaz, adi vaxtda görə bilmədiyiniz həşəratların belə, yerdə necə hərəkət etdiyini o anda görə bilərsiz… Bax, Əli Kərim də o ildırım kimi çaxdı və ətrafındakı zülməti işığında çökdürdü… Tez də yox oldu bu qığılcım, elə ani çaxıb, sönən ildırım kimi… O vaxtdan xeyli keçib, indi haqqında tam məlumatsızam həmin tanışımın… Gərək ki, Musa Sadiq imzası ilə yazırdı o vaxtlar…
Asif Hacılı. Rəsul Rza, Əli Kərim tək poeziyamızda deyil, tək estetik şüurda deyil, ictimai fikirdə dönüş yaratmış, bədii yaradıcılığı milli zəmində modernləşdirmiş və onu ənənəvi şablonlardan azad etmiş böyük sənətkarlardır. Bəli, nəzərə almalıyıq ki, adını çəkdiyiniz əsərlər sosialist realizmi carçılarının tüğyan etdiyi dövrlərdə yazılıb, onda məsələnin mahiyyəti daha aydın olar. Lakin bu bir qədər başqa mövzudur. Qayıdaq mətləbə – ədəbiyyat maarifdən, təhsildən ayrılmazdır və həmin dövrlərdə Göyçayda təhsil də ciddi təbəddülatda olub və bu prosesdə şəhərin qəza mərkəzi olması böyük rol oynayıb. Bu dediyimdən sonra sualım bir qədər ritorik səslənsə də, soruşmaq istərdim: Göyçayın qəza mərkəzi olması yerli mədəniyyətə, təhsilə nə verib?
Atəş Əhmədli. İmperiyanın maraqlarına xidmət etsə də, şübhəsiz, bu mərhələ Göyçayın bir ərazi kimi həm də coğrafi mərkəzə çevrilməsində önəmli rol oynamışdır. Göyçaya qəza statusu XIX əsrin ortalarında verilir və bundan sonra ərazinin inkişafı xeyli sürətlənir. Gediş-gəliş çoxaldığı üçün artıq ərazidə “şəhərləşmə” prosesi baş alır, alış-veriş yerlərinin fəaliyyət göstərməsinə ehtiyac yaranırdı. Həmin məqsədlə əsas ərazidən iki km aralı cənub hissədə bazar salınır. Bu həm mərkəzləşmiş ərazidəki sıxlığın azalmasını, həm də istifadəsiz qalmış ərazilərin sahmana salınmasını şərtləndirirdi. Həftəbazar kimi tanınan bu “qaynar” məkan indiki Potu kəndinin ərazisində yerləşirdi (Kənd sakinlərinin dediyinə görə, həmin bazarın yerini indi də təyin etmək olur). Tezliklə burada çayxana, çörək bişirmə, dəmirçixana, dəlləkxana kimi sahələr fəaliyyətə başlayır, müxtəlif xırdavatlar satan dükanlar açılır. Ətraf kəndlərdə yaşayan əhali də öz məhsullarını satmaq üçün bu bazara gətirər və buradakı dükanlardan hazır məmulatlar (qab-qacaq, parça, tütün, qənd, çay, ayaqqabı və s.) alıb, aparardılar. Bazarın Potu ərazisində salınmasını şərtləndirən digər mühüm amil, bir-birindən təxminən 260- 700 metr aralı olan beş su dəyirmanının burada mövcud olması idi. O zaman nəinki ətraf kəndlərdə, hətta qonşu Ucar, Zərdab kimi böyük yaşayış məntəqələrində bu tipli su təchizatları yox idi. Bütün bunlar əsaslandırır ki, Potu kəndi öncə qəza mərkəzi kimi fəaliyyət göstərmiş, genişləndikcə, bu mərkəz bütünlükdə Göyçay ərazisini əhatə etmişdir.
Asif Hacılı. Bütün bunlar həm də miqrasiyanı sürətləndirir, bir əyalətin inzibati mərkəzinin daha abad mühiti ətraf kəndlər, iri yaşayış məntəqələri üçün cəlbedici olur. Təəssüf ki, təbii fəlakətlər də Göyçaya köçü sürətləndirir, xüsusən Şamaxı zəlzələləri. Eyni zamanda Göyçayın milli tərkibində də dəyişiklik yaranır, bürokratik aparata rusdilli işçilər cəlb olunur. Göyçay qəza ləğv olunduqdan sonra da sürətlə inkişaf edir. Maraqlıdır ki, keçən əsrin 20-ci illərində Respublikada ilk dəfə olaraq Göyçay rayonunda Derkanasovlar ailəsinin təşəbbüsü ilə balet dərnəyi yaradılıb və fəaliyyət göstərib, həmin dövrdə teatr tamaşaları olub, 1929-cu ildə xalq teatrı səviyyəsində kəndli teatrı fəaliyyət göstərib, 1945-51-ci illərdə Göyçay Dövlət Dram Teatrı yaradılıb. Bunlar Göyçayın mədəni həyatının zənginliyini göstərir. Dediyimiz kimi, müxtəlif səbəblərdən bura əhali axını da daim intensiv olub.
Atəş Əhmədli. Bəli qəzanın yaradılması, əhalinin artması öz təsirini həyatın bütün sahələrinə yansıtıb.1859-1902-ci illərdə Şamaxı şəhərində baş vermiş zəlzələlər nəticəsində evsiz qalan ailələrin bir hissəsi Göyçaya pənah gətirir. Bu səbəblə ərazidə yeni yaşayış məntəqələri salınır, mərkəzi massiv əvvəlki hüdudlarından bir qədər də kənara çıxır. Əslində, Göyçayın əlverişli coğrafi mövqeyi və mülayim iqlimi ətraf yerlərdən insanların bura axışıb, burada qərar tutmasına bir növ təminat olmuşdu. Əlbəttə, sosial sahədə baş verən bu inkişaf ərazinin mədəni həyatının dirçəlişinə də təsirsiz qalmadı. Yeni salınmış magistral yolların bu inkişafa təsiri ayrıca əhəmiyyət kəsb edirdi. Məsələn, çar hökuməti dağətəyi karvan yoluna yaxın olan Bakı-Batumi şose yolunu şəhərin mərkəzi hissəsindən saldırmışdı. Dövlət əhəmiyyətli sənəd və əmrləri quberniya və qəzalara, yaxud da Tiflisə çatdıracaq furqonlu poçt arabalarının gecələməsi üçün indiki yanğından mühafizə idarəsinin yerləşdiyi ərazidə kiçik bir çaparxana tikilmişdi. İnzibati dəyişikliklər Göyçayın inkişafına təkan verirdi.
Göyçay, çar hökumətinin Qafqazda inzibati islahatına əsasən 1867-ci ildən etibarən Bakı quberniyasının tərkibində qəza mərkəzi olduqdan sonra doqquz rayon bu mərkəzə tabe edildi, bura gediş-gəliş kəskin artdı. Görülən quruculuq işləri şəhərləşməni daha da sürətləndirdi və nəhayət, Göyçay 1916-cı ildə şəhər statusu aldı. Heç şübhəsiz, bu mərhələlərin hər biri əraziyə yeni ab-hava gətirmiş, bir çox sahələrdə irəliləyiş əldə olunmasına təkan vermişdir. 1929-cu ildə qəza ləğv edilir və 1930-cu ildə Göyçaya rayon statusu verilir. Lakin rayonda bu dövrdə də quruculuq işləri səngimir və qeyd etdiyiniz mədəniyyət ocaqları, yeni müəssisələr açılır.
Təhsilə gəlincə, deyim ki, iri təhsil ocaqları o dövrdə əsasən mərkəzi şəhərlərdə, o cümlədən, Bakıda, Tiflisdə və Qoridə yerləşirdi. Olsa-olsa, Göyçayda kiçik qəza məktəbləri fəaliyyət göstərə bilərdi ki, bunlarda da təhsil ibtidai səviyyədə tədris olunardı. Faktlara əsaslansaq, Göyçayda ilk belə məktəb 1878-ci ildə qəza mərkəzində fəaliyyətə başlamışdır. Bu tipli digər məktəblər 1885-ci ildə Məlikkənddə, 1887-ci ildə İvanovkada, 1888-ci ildə Lahıcda, 1889-cu ildə isə Qalağayın kəndində təşkil edilmişdir. Bu məktəblər haqqında geniş bilgimiz olmasa da, bəzi qeydlərdən bəlli olur ki, Göyçayda Hacı Rəhim Əfəndi kimi tanınan mötəbər şəxsin təhsilin inkişafında böyük rolu olub, onun təşəbbüsü, maddi və mənəvi dəstəyi ilə Bığırda, Qaramanda məktəblər tikilib. Qaramanda məscid inşa edib. Əcdadı olduğu Əfəndilər nəslindən bir çox müəllimlər, alimlər yetişib. Şadam ki, Hacı Rəhim Əfəndinin ənənəsini bu gün nəvəsi Elxan Süleymanov davam etdirir. Qaraman məktəbinin yenidən tikilib tam təchiz edilməsi, babasının tikdirdiyi kənd məscidinin köklü təmiri, şagirdlərə, məktəblərə yardımı buna sübutdur. O vaxt yerli kadr olmadığı üçün müəllimlər Göyçaya Bakıdan və Şamaxıdan dəvət olunurdu. Məşhur müəllimlərdən Hacı Əhməd Əfəndinin, Qazıyev Abdulhəmid Əfəndinin adına da həmin qeydlərdə rast gəlirik. Tanınmış maarifpərvərlərdən Mahmud bəy Mahmudbəyov və Kalaşev belə məktəblərin nəzdində yaradılmış ipəkçilik şöbələrində şagirdlərə kənd təsərrüfatına, o cümlədən, ipəkçiliyə dair biliklər də çatdırırdılar.
Tiflisi və Qorini təsadüfən vurğulamadıq, bilirsiz ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri bu şəhərlərdə təhsil alıb. Özəlliklə də, Qori maarifçilik hərəkatının önündə gedib və bu hərəkata böyük töhfələr verib. Mübaliğəsiz deyərdim ki, bir orduya bərabər mütəfəkkirlərimiz bir vaxtlar orada fəaliyyət göstərən seminariyada təşkilatlanıb. Bildiyim qədər, o dövrdə həmin təhsil ocağına Göyçaydan da bir neçə həddi-buluğa çatmış aparılıb. Bu haqda geniş bilgimiz olmasa da, araşdırılmasını diqqətdə saxlamışıq. Alınan nəticənin ümumi işimizə yalnız faydası olardı.
Asif Hacılı. Sovetin ilk illərində müəllim çatışmazlığı kəskin məsələyə çevrilmişdi. Buna görə də müxtəlif bölgələrdə Pedaqoji Texnikumlar yaradılır və müəllim hazırlayırdılar. Bunlardan biri də Göyçayda qurulubmuş.
Atəş Əhmədli. Ümumiyyətlə, Çar Rusiyası da maraqlı idi ki, nominal həddə də olsa, savadlı yerli kadrlar yetişsin. Amma bu onların apardığı siyasətə mane olmayacaq hədlə müəyyənləşməli idi. Yəni, məqsədləri o idi ki, az-çox yazı-pozudan baş çıxaran “mirzə” yetişdirsinlər, bir də ki, işğalçı niyyətlərini “maarifçilik pərdəsi altında” cəmiyyətə qəbul etdirsinlər!
Asif Hacılı. Təbii ki, imperiyalar ilk növbədə öz maraqlarına, mənafeyinə xidmət edir. Lakin təhsilin səviyyəsi yüksək idi və yüksək keyfiyyətli kadrlar hazırlanırdı. Ən azı Cənubla müqayisə etsək, görərik ki, tənasüb necədir. Bütün bu deyilənlər, tək bir Göyçayla bağlı apardığımız söhbət onu göstərir ki, diyarşünaslıq məsələləri özlüyündə necə də aktual, çoxşaxəlidir. Yəqin ki, bütün bunlar AVCİYA-nın Göyçay ensiklopediyası üzərində yaradıcı fəaiyyəti maraqlı, aktual və əhəmiyyətli olduğu qədər də, məsuliyyətli və mürəkkəbdir. Sonda bir göyçaylı və həm də Göyçay xalq yaradıcılığını toplayıb öyrənən folklorşünas alim kimi AVCİYA-nın Göyçay ensiklopediyasına münasibətinizi və təkliflərinizi dinləmək faydalı olardı.
Atəş Əhmədli. Heç şübhəsiz, zəngin məlumat tutumuna və yüksək əyara malik olan bir külliyatdan söz açırsınız. Ümumiyyətlə, bu, çox ağır zəhmət tələb edən və üzücü prosesdən sonra başa gələn bir məhsuldur. Ensiklopediya deyəndə, həm də çeşidli məlumatlarla təchiz olunmuş ciddi məxəz nəzərdə tuturuq. Bəzən, illərcə axtarışında olduğumuz, lakin əldə edə bilmədiyimiz nadir məlumatlarla burada qarşılaşa bilirik. Olduqca xeyirxah bir missiyanı həyata keçirmək ərəfəsindəsiniz, bu yolda sizə və bu işdə iştirakı olan heyət üzvlərinizə uğurlar arzulayıram!
Bundan öncə hazırladığınız Şamaxı ensiklopediyası haqda məlumatlıyam, hətta varaqlayanda ürəyimdən keçdi ki, kaş Göyçay nəşri də bu səviyyədə ərsəyə gətiriləydi. Bütün parametrləri uyğun gəlməyə bilər, çünki Şamaxı nəhəng arealdır, mövzuları da çoxpilləlidir. Hər halda, səliqə və tərtibat baxımından uyğunluq əldə etmək olar.
O ki qaldı təkliflərə, əlbəttə, hər hansı bir işdə hər bir gedişat bizim arzuladığımız qənaətbəxşliklə yekunlaşa bilməz və bu da tərəfimizdən nəzərə alınmışdır. Ancaq birmənalıdır ki, doğulduğu yer insana daha doğma olur və şübhəsizdir ki, doğma sözü elə doğulmaq sözünün törəməsidir. Yəqin niyyətimi duydunuz, doğulduğum və boya-başa çatdığım bir diyara həsr olunmuş ensiklopediyada yalnız millətimizin nəfinə çalışmış (yaxud da çalışan) insanların mövqe tutmasını öncə görmək istərdim. Daha sonra, xeyirxah işləri olmuş, lakin bu günə qədər adı heç bir yerdə hallanmamış şəxslərin burada yer alması təmin olunmalıdır. Bir də ki, cəmiyyət üçün heç bir faydası olmayıb, ancaq əlaqələrinin hesabına adlarını bu “mübarək kitaba” saldırmaq istəyənlərə qarşı olmalıyıq! Nəsibiniz uğur, bizə də sonluğu uğurlu görmək nəsib olsun. Amin!
Asif Hacılı. Təşəkkür edirəm, hörmətli Atəş müəllim, vaxt ayırıb bizimlə görüşdüyünüzə, arzu və təkliflərinizə görə. Hamımızın məqsəd və niyyəti vətənə, xalqımıza xidmətdir. Bu işdə Sizi də daim yanımızda görmək istərdik. Sizə, bir daha vaxt ayırıb dəyərli məlumat və tövsiyələrinizi bizimlə bölüşdüyünüzə görə təşəkkür edirəm.