1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Həmin hadisələr zamanı Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər həlak olub, 400-dən çox insan bədən xəsarəti alıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.
Niyə Sumqayıt?
Yaşlı və orta nəslin nümayəndələri 27 il əvvəl – 1988-ci il fevralın 27-28-də Sumqayıtda erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və “Daşnaksütyun” partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar. Hadisəni törətməkdə başlıca məqsəd erməni şovinistlərinin azərbaycanlıları başkəsən, quldur və qaniçən millət kimi dünya ictimaiyyətinə təqdim etməsi idi. Separatçı, millətçi və terrorçu erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıtda törədilən iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 1855461-88 nömrəli xüsusi cinayət işi açılıb, 444 adam məhkəmə qarşısında cavab verib, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılıb, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfər – Əhməd Əhmədov ölüm cəzasına məhkum olunub və bu hökm tələsik yerinə yetirilib.
Sumqayıtda törədilmiş hadisələr barədə Sovet İttifaqının və xarici ölkələrin mətbuatında dərc olunmuş, dünyanın kütləvi informasiya vasitələrində, radiolarda, televiziya kanallarında səslənmiş materialların əksəriyyəti erməni mövqeli, birtərəfli, qərəzli xarakter daşımışdır. İnformasiya müharibəsində erməni tərəf qabaqcadan hazırlıq görüb azərbaycanlılar haqqında böhtan xarakterli yalanlar yaymağa müvəffəq olub.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirildi və onun başvermə səbəbləri araşdırıldı. Məhz bundan sonra ermənilərin əsl siması üzə çıxdı. Məlum oldu ki, Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirilib. Ermənilər əslində bununla gələcəkdə həyata keçirəcəkləri digər faciələri ört-basdır etmək niyyəti güdürdülər.
Sumqayıt hadisələrinin başvermə səbəbləri araşdırılarkən ortaya belə bir sual çıxır: ermənilər öz təxribatlarını həyata keçirmək üçün niyə məhz bu yolu seçdilər? Cavab məlumdur: ölkəmizin əleyhinə güclü ideoloji mübarizə aparmaq, habelə soydaşlarımızın indiki Ermənistandan zorla qovulmalarının səbəblərini ört-basdır etmək. Onlar belə bir ssenarini beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədilə reallaşdırdılar. Xəyanətkar qonşularımız dünyaya əvvəlcədən guya azərbaycanlıların Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq etdiklərini, təzyiqlər göstərdiklərini planlaşdırılmış formada təqdim etməyə can atırdılar. Halbuki insanları qətlə yetirənlər elə ermənilərin özləri idilər.
Respublikamız həmin dövrdə güclü informasiya blokadasına alınmışdı. Dünyaya birbaşa çıxışımız olmadığından əsl həqiqətləri beynəlxalq aləmə çatdıra bilmirdik, xarici aləmdən təcrid olunmuşduq. Azərbaycanın digər bölgələrində baş verən iğtişaşlar da “Krunk” təşkilatının gizli dəstəyi ilə hazırlanmış məxfi əməliyyatların tərkib hissəsi idi. Sov.İKP MK-nın birinci katibi M.Qorbaçovun, akademik Aqanbekyanın, digər yüksək vəzifəli ermənilərin, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının da bu işdə xüsusi rolu vardı.
O vaxtlar şəhərin icra qurumlarının, hüquq-mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarətə götürülmüşdü. SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, DTK nümayəndələri şəhərə ezam olunmuşdular. Hadisələr baş verərkən soydaşlarımızın qeyri-qanuni həbs edilmələri, ölüm cəzasına məhkum olunmaları məhz bu amillərlə bağlı idi. Şəhərə əvvəlcədən çəkiliş və terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərirdi.
Ermənilər Sumqayıtı əbəs yerə hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan – öz ata-baba yurdlarından qaçqın düşmüşdü. Soydaşlarımız Sumqayıta pənah gətirərkən burada gizli erməni təxribatçıları fəaliyyət göstərirdilər. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki qüvvələr tərəfindən idarə edilirmiş. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözləri qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verirdi.
Ümumiyyətlə, 1988-ci il fevral ayının 27-də Sumqayıtda iğtişaşlara əvvəlcədən planlaşdırılmış şəkildə start verilmişdi. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətə düşmüşdü. Bütün silahlar onlardan alınmışdı. Nəticədə bir çox ticarət, ictimai-iaşə və məişət obyektləri dağıdıldı, maşınlar yandırıldı. Mitinq iştirakçılarını sakitləşdirmək qeyri-mümkün idi. Həmin anlar sovet hərbi bölmələri Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarına dislokasiya olunmuşdu. Lakin hadisələrin qarşısını almaq üçün müdaxilə edilmirdi. Fevral ayının 28-də və 29-da şəhərdə qanlı aksiya baş verdi. Mart ayının 1-də isə şəhərdə komendant saatı elan olundu. İndi o günləri xatırlayanda hələ də aktuallığını itirməmiş suallarla üzləşirsən. Məsələn, hərbçilər niyə gözləmə mövqeyi tutmuşdu? M.Qorbaçov 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında “Qoşunlar Sumqayıta bir saat gecikmişdi” fikrini söyləmişdi. SSRİ müdafiə naziri Yazov isə “Sumqayıtın əks-sədası” sənədli filminin çəkiliş qrupuna verdiyi müsahibəsində bu faktı təkzib etmişdi.
Erməni ekstremistləri məhz Sumqayıt şəhərini ona görə seçmişdilər ki, orada 10 minə yaxın yeniyetmə texniki peşə məktəblərində təhsil alırdı. Azərbaycanın müxtəlif regionlarından gələn həmin gənclərin əksəriyyəti valideyn nəzarətindən uzaq idi. Şəhərdə kriminogen vəziyyət xoşagələn deyildi. Həmin günlər 100-dən yuxarı saqqallı və qara gödəkçə geyinmiş erməni ekstremisti Sumqayıtda idi. Əksəriyyəti “Dalğa” və “Sumqayıt” mehmanxanalarında qalırdı. Onlar əhali arasında müxtəlif şayiələr yayır, aranı qızışdırır, insanları ermənilərin evlərinə soxulmağa təşviq edirdilər.
Ermənistan rəhbərliyi, ideoloqları Sumqayıt hadisələrindən kart kimi istifadə edərək azərbaycanlıları quldur millət kimi dünya ictimaiyyətinə təqdim etmək üçün təbliğat mexanizmini işə saldı. “Azərbaycanda ermənilər qırılır, qətlə yetirilir, başları kəsilir, yandırılır” və s. kimi cəfəng uydurmalar yayılırdı. Hadisələr zamanı Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabrielyan videokamera ilə hadisələrin bəzi məqamlarını lentə alırdı, sonralar onlar montaj olunub xarici telekanallarda göstərildi.
Sumqayıtda baş verən hadisələrdə əsas təşkilatçılardan və icraçılardan biri Eduard Qriqoryan idi. O, iki dəfə məhkum olunmuşdu və heç yerdə işləmirdi. “Krunk”un fəal üzvü idi. İstintaq qrupunun materiallarından aydın olur ki, 1988-ci il fevral ayının ortalarında onun yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlibmiş. Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr verilmişdi. “Paşa” ləqəbli Edik ertəsi gün ətrafına bir neçə azyaşlı yeniyetmə və gəncləri toplayıb yaxın günlərdə bəzi əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini bildirərək onları şirnikləndirmiş və 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara rəhbərlik etmişdi. Onun barəsində ən dəqiq proqnozu SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkin verib: “Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsa da, nəticə çıxarmayıb. O, Sumqayıtın azyaşlı uşaqlarını başına toplayıb beyinlərini dumanlandırmış, iğtişaşlara rəhbərlik etmişdir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır…”
Həqiqəti ört-basdır etməyə hesablanan yalanlar, uydurmalar, şayiələr
1988-ci il fevralın 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Bununla bağlı mətbuat səhifələrində yayılan böhtanlar, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Yerevanda nəşr olunan “Sumqayıt, genosid, aşkarlıq” kitabı başdan-başa böhtan və iftira toplusuna çevrilmişdi. Hətta təkzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olunmuş, rəqəmləri şişirtməklə dünya ictimaiyyətini çaşbaş salmaq istəmişdilər. “İzvestiya” qəzetinin 1988-ci il 30 mart tarixli nömrəsində belə bir sərlövhə ilə yazı dərc olunmuşdur: “Sumqayıt: istintaqa şayiələr mane olur”. Həqiqətən ermənilər mərkəzi – SSRİ Baş Prokurorluğunun istintaq qrupunu da çaşdırmaq üçün hər cür yalan və hiylələrə əl atırdılar. Sumqayıt hadisələrində həlak olanların sayını bəzən ağlagəlməz dərəcədə artırırdılar. “Pravda” qəzeti 4 aprel 1988-ci il tarixli nömrəsində yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, Sumqayıtda 1000 nəfərə qədər adam öldürülüb. Ermənilərin saxta mənafeyi qorunmayanda köhnə vərdişlərindən əl çəkmir, şərə və böhtana üstünlük verirdilər. Toplantılarında Moskvaya, Mərkəzi Komitəyə, rus xalqına inamsızlıq ifadə edən bəyanatlar yayırdılar… O vaxtlar Qarabağ komitəsinə rəhbərlik edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan idi. Deməli, hələ sovet vaxtından xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün çirkin və məkrli oyunlar gedirdi. Sumqayıtda törədilmiş qanlı cinayətlər də əvvəlcədən hazırlanmış həmin ssenarilərin davamı idi.
1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların miqyası genişlənirdi. Komendant saatından sonra 2 minə yaxın adam həbs olunmuşdu. Qəribə burasıdır ki, cəmi iki-üç gündə dünyanın ucqar yerlərindən ermənilərin tərəfdarları və təbliğatçıları peyda olmuşdu. Hadisələrin sabahısı İsveçrədən gələn yuxarıda adını qeyd etdiyimiz Artaşes Qabrielyan adlı erməni videokamerası ilə Sumqayıtın küçələrini gəzirdi. O, lentə aldığı materiala belə ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başladı. “Azadlıq” radiosunun erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan hadisələri öz xeyirlərinə şərh etmək üçün hər cür böhtana, şərə əl atırdı. Ölənlərin sayını artırır, yalan və qərəzli məlumatları mətbuat səhifələrində yayırdılar. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri fəallaşdılar, iftira və təhrifə üstünlük verməklə çoxlu sayda kitablar nəşr etdirdilər.
Sumqayıt hadisələrini araşdıran siyasi analitiklər, bu mövzuda yazan jurnalistlər, eləcə də hadisələrin mahiyyəti ilə maraqlanan insanların çoxu hələ o vaxtlar yaxşı dərk etmişdilər ki, iğtişaşların ssenarisi Moskvada – Sov.İKP MK-nın Siyasi Bürosunda hazırlanmışdı.
1988-ci ilin fevralında Sumqayıtda iğtişaşların törədilməsinin bir neçə səbəbi vardı. Ermənilər Azərbaycandakı soydaşlarının zorakılığa məruz qalması görüntüsü ilə nəinki bu şəhərin sakinlərinin, bütövlükdə azərbaycanlıların şəxsində düşmən obrazı yaratmaq, bununla da mənfur niyyətlərini ört-basdır etmək fikrində idilər. Həmin illərdə Sumqayıtda gənclər çoxluq təşkil edirdi. Onlar müxtəlif bölgələrdən gəlir, işə düzəlir, yataqxanalarda yaşayırdılar. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı şəhərdə hər cür adam tapmaq mümkün idi. Müşahidəçilər sonralar yazacaq və deyəcəkdilər ki, ermənilər sumqayıtlı gənclərə pulsuz olaraq tərkibinə müxtəlif uyuşdurucu maddələr qatılmış çoxlu miqdarda alkoqollu içkilər paylamışdılar. Ermənistandan qaçqın düşərək respublikamıza pənah gətirənlərin böyük hissəsi də Sumqayıtda məskunlaşmışdı. Doğma yurd-yuvalarından zorla qovulan bu adamların təbii narazılıqlarından imkan daxilində istifadə etmək, eləcə də hadisələrin guya onlar tərəfindən törədildiyini bəyan etmək daha inandırıcı görünürdü.
Üç minə yaxın günahsız şəhər sakini həbs edildi
Martın 1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün fəaliyyətə başladı. Bu qrupa keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsi rəisinin müavini Nenaşev və Baş Prokurorluq yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Qalkin başçılıq edirdilər. Keçmiş SSRİ DTK-nın və SSRİ Hərbi Prokurorluğunun xüsusi qrupları da Sumqayıtda idilər. Üç minə yaxın günahsız şəhər sakini həbs edildi. Onların bir qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi çətinliklə də olsa azadlığa çıxa bildi. 94 nəfər haqqında isə cinayət işi başlanıldı. İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr verməsində adıçəkilən qrupla yanaşı, Azərbaycanın müvafiq qurumlarının üzüyola əməkdaşlarının da “xidməti” olmuşdur. Məhkəmələr yuxarıların göstərişlərini əsas tutmuş, baxılan cinayət işlərində qanunun aliliyi prinsiplərini kobudcasına pozaraq ədalətsiz hökmlər çıxarmışlar. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, İ.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxmış, prosesdə müttəhimlərə qarşı ittihamların əsassızlığı sübut olunmuşdu. Ona görə də həmin iş bütövlükdə yenidən istintaqa qaytarılmalı idi. Buna baxmayaraq, yalnız İ.Cəfərovun və T.İsmayılovun cinayət işinin materialları yenidən təhqiqata verilmiş, Ə.Əhmədova isə heç bir tutarlı dəlil-sübut tapmadan hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum edilmiş və hökm Moskva şəhərində icra olunmuşdu. Haqsız yerə həbs olunmuş Elçin Gəncəliyev ona verilən işgəncələrə dözməyərək həbsxanada intihar etmişdi.
Ermənilərin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi ilə bağlı iddialarına baxmayaraq, cinayət işləri öyrənilərkən müəyyən olunmuşdur ki, şəhərə qoşun yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda başlanan istintaq işinə əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakıdakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Valeri Markaryan içərisində hərbçilər olan avtobusu Sumqayıtda dinc əhalinin üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal antiazərbaycan informasiya kampaniyasına başlamışdı. Onlar hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmirdilər. Ermənilər indi də bu hadisələrin azərbaycanlılar tərəfindən onlara qarşı soyqırımı törədildiyi fikrini formalaşdırmağa çalışır, hadisələrə siyasi qiymət verilməsinin vacibliyini vurğulayırlar.
Araşdırmalar isə göstərir ki, Sumqayıt hadisələrinin ən azı üç tərəfi olmuşdur: birincisi, “yenidənqurma”, “yeni siyasi düşüncə” şüarları ilə pərdələnən Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr, ikincisi, yaranmış fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr, üçüncü tərəf isə hadisələri icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetkinləşməmiş gənclər.
Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, müəyyən etmişlər ki, şəhərdə özlərini “Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır. O vaxtlar SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov bildirir ki, həmin təxribat qrupunun ifşa edilməsi üçün cüzi də olsa tədbirlər görülməmişdir. DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan “Paşa” ləqəbli Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o, buna şübhə ilə yanaşmış, milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev ona Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində “Paşa”nın əslən qarabağlı, milliyyətcə erməni olan Osipov və ya Osipyan soyadlı bir “həmkarı” ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat alınmış və bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina etmişlər.
Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdi ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv iş aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri demək olar ki, kölgədə qalmışdır.
Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi
Ermənistanın rəhbərləri, hərbçiləri, qatı millətçiləri Dağlıq Qarabağın və Azərbaycanın digər torpaqlarının işğalında təkcə öz imkanlarından istifadə etməmişdilər. Əgər kənardan kömək olmasaydı, onlar cürət edib Azərbaycan torpaqlarını zəbt edə bilməzdilər. Buna cəsarətləri çatmazdı! Sovet hərbçiləri bu işdə onlara dəstək idilər. Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi.
Parisdə nəşr olunan “Jurnal dyu dimanş” qəzeti 1990-cı il yanvar ayının 24-də yazırdı: “Axır günlər Livandan Yerevana minomyot və avtomatlar daşıyan təyyarələr gəlməkdə davam edir. Onların boşaldılması erməni gömrük işçilərinin nəzarəti altında gecələr həyata keçirilirdi. Artıq neçə gündür ki, aeroportun gömrüyündə bir nəfər də olsun rus xidmət etmir. Bu silahların daşınması ola bilsin ki, sentyabrdan başlanıb. Dağlıq Qarabağda vətəndaş müharibəsi qızışan andan Yerevanda və kəndlərdə, Azərbaycanla sərhəd ərazidə daha çox silahlı adamlara, həmçinin hər şeyə hazır olan qızışmış gənclərə rast gəlinir. Bu dəstələrin başında çox vaxt Beyrutdan və Dəməşqdən gəlmiş erməniləri görmək olar. Onların bəziləri Livan terrorçularına və silahlanmış xristian qruplarına yaxındırlar. Küçə döyüşləri taktikasını yaxşı bilən yüzlərlə Livan ermənisi bura vizasız gəlib. Onların bir hissəsi Yerevanda yerləşir, əksəriyyəti isə sərhəd rayonları olan Gorus və Xanlar ətrafına yola düşüb. Qonşu respublikalarda olduğu kimi, “Qarabağ Komitəsi” bu təşkilatları Azərbaycana qarşı öz əlində saxlayır”.
Ermənilər ideoloji silahdan da məharətlə istifadə etməyə çalışırdılar. Erməni və ermənipərəst qüvvələr dünyanın ayrı-ayrı mətbuat səhifələrində guya “böyük Ermənistan”ın mövcud olduğunu iddia edir, Osmanlı imperiyası tərəfindən dağıldığını ön plana çəkirdilər. Fransız sovetşünası Lemerse-Kelkeje “Azərbaycana xaricdən təsir” məqaləsində Azərbaycan tarixini təhrif edir, qonşu dövlətlərə (ermənilər nəzərdə tutulur) qarşı xəyanətkar olduğunu sübut etməyə çalışırdı.
Erməni ideoloqları öz havadarlarının pulu hesabına xaricdə kütləvi informasiya vasitələrində Azərbaycan haqqında mənfi imic yaratmaqla məşğul idilər. Məsələn, 1989-cu il iyun ayının 29-da “Yurmala” qəzetinin 26-cı nömrəsinin birinci səhifəsində belə bir başlıq verilmişdi: “Qəzetin bu nömrəsi Ermənistana və erməni xalqına həsr olunur”.
Qərb ölkələri, transmilli korporasiyalar, xarici mətbuat Azərbaycanda gedən ictimai-siyasi proseslərdən, Sumqayıtda baş verən qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən SSRİ-nin dağıdılmasında və Kommunist Partiyasının ləğvində bir alət kimi yararlandılar. Erməni millətçiləri isə bu hadisələrdən tarixi şans kimi istifadə etməyə çalışdılar. Həmin illər ermənilər informasiya müharibəsində üstünlük qazanmışdılar. Fransada, Kaliforniyada, Hollandiyada kütləvi informasiya vasitələrində ermənilər və ermənipərəst siyasətçilər, politoloqlar Azərbaycanın ünvanına böhtanlar, hədyanlar yağdırırdılar. “Sandi Tayms” qəzeti yazırdı: “Azərbaycanlılar ermənilərdən aciz və gücsüz deyillər. İnformasiya müharibəsində isə azərbaycanlılar ermənilərdən aciz və gücsüzdürlər”.
Sumqayıtda qanlı terror fevralın 27-də baş tutsa da, bu ssenari çoxdan hazırlanmışdı. Ssenari çox məxfi şəkildə hazırlandığından iğtişaşlar başlanandan sonra da həqiqət dünyadan, cinayətkarlar isə istintaqdan gizlədildi. Hadisələrin xronikası, ardıcıllığı sübut edir ki, erməni millətçi və separatçı qüvvələri bu qanlı terrorun məxfi planını, parol və işarələrini çoxdan hazırlamışdılar. Bir-birinin ardınca təşkil olunan aksiyalar, siyasi gedişlər də bunu sübut edir. Eyni vaxtda Xankəndidə və Yerevanda Qarabağ uğrunda mitinqlər təşkil olunur, yığıncaqlar keçirilirdi. Ermənistanda yaşayan azərbaycanlılar kütləvi şəkildə ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlirdi. Bunun ardınca cavab aksiyaları təşkil olunurdu. Nümayişçilər, yürüşçülər arasında Azərbaycan dilində sərbəst danışan saqqallı erməni emissarları görünürdü. Erməni separatçıları məqsədlərinə çatmaq üçün hər cür hiyləyə əl atır, dəridən-qabıqdan çıxırdılar. Moskva isə hadisələri sükutla izləyir, əslində, daha riyakar və dəhşətli planların konturları cızılırdı.
1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin qarşısını aldı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə olunması faktı ortaya çıxa bilərdi. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı üzə çıxardı. Bir də ermənilərin dünyaya bəlli olan iç üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: “Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları ötüb keçiblər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər”. Əslində dünya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar, qaniçən, bir sözlə, ümumbəşəri bəla kimi…
Doğrudur, hadisələrin mahiyyətini açmaq, baş verənlərə hüquqi qiymət vermək üçün SSRİ Baş Prokurorluğu istintaq qrupu yaratdı. İlk baxışda gözləmək olardı ki, əsl həqiqət üzə çıxacaq. Amma belə olmadı, şəhərdə kütləvi həbslər başladı. Günahsız adamlar istintaqa cəlb olundu. Əsl cinayətkarlar məsuliyyətdən kənarda qaldılar.
Moskvadan gələn müstəntiqləri qanlı təxribatı təşkil edənlər maraqlandırmırdı…
Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına götürərək Sumqayıtın və ümumiyyətlə, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırdı. Belə bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəf kimi tanınması asanlaşdı, tutulan ermənilərin hamısı “səhvən yaxalanmışlar” kimi azadlığa buraxıldı.
Hərbçilər tərəfindən tutulmuş E.Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində mümkün oldu. Qriqoryan uzun müddətə azadlıqdan məhrum edilsə də, sonradan cəzasının qalan hissəsini çəkmək üçün onun Ermənistana göndərilməsi də çox şeydən xəbər verir.
Moskvadan gələn müstəntiqlər Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla çox sərt rəftar edirdilər. SSRİ DTK-nın baş müstəntiqi polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala tutarkən aydın başa düşülürdü ki, sovet rəhbərliyini qanlı təxribatı təşkil edənlər yox, yerli partiya və sovet orqanlarının, təsərrüfat və istehsalat sahələri rəhbərlərinin şəxsi həyatları barədə kompromat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün bunlar isə, təbii ki, həmin şəxslər barəsində “zəruri” tədbirlər görmək üçün yox, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs etmək üçün lazım idi. Belə faktlar azərbaycanlıların əleyhinə növbəti çığır-bağır kampaniyası qaldırmağa “əsas” verirdi.
Hadisələr ərəfəsində yerli hakimiyyət strukturları yuxarı hakimiyyət orqanlarına əsl vəziyyət barədə məlumat vermişdilər. Moskvadan gəlmiş yüksək vəzifəlilər, qoşun hissələrinin və digər orqanların səlahiyyətli nümayəndələri Sumqayıtda idilər, iğtişaşlar və talanlar onların gözü qarşısında törədilmişdi. Bu fakt da sübut edir ki, hadisələr Moskvadan idarə olunur və izlənilirdi.
Sumqayıtda yaşayan ermənilərin bir qisminin millətçi-ekstremist fikir daşıyıcıları olmasına dair məlumatlara keçmiş Azərbaycan SSR DTK-nın arxivində saxlanan və istintaqa təqdim edilmiş “Nalyotçik” (“Basqınçı”) kodu altında əməliyyat işinin materialları arasında olan sənədlərdə də rast gəlinir. Məsələn, əməliyyat işinin rus dilində tərtib edilmiş 146-147-ci vərəqləri Sumqayıt şəhərindəki hadisələr ərəfəsində DTK orqanları tərəfindən hazırlanmış 47 ekstremist erməni barəsindədir. Qeyd edək ki, adları çəkilən ermənilərin heç biri şəxsən zərər çəkməmişdir.
1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevrilişlə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupu tərəfindən intihar etmiş sabiq SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı rəflərdəki sənədlər arasında Məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağla və digər bu kimi hadisələrlə əlaqədar sənədlər aşkar edilmişdir. Sənədlərdə Dağlıq Qarabağda fəaliyyət göstərmiş “Krunk” təşkilatı, onların üzvləri barədə, ümumən Dağlıq Qarabağ hadisələri haqqında SSRİ DİN-ə daxil olan ilk məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar həm Ermənistan, həm də Azərbaycan Daxili işlər nazirliklərinin arayışlarından, eləcə də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Bu faktın özü də onu göstərir ki, baş verənlər barədə SSRİ rəhbərliyinin ilk günlərdən ətraflı məlumatı olmuş, lakin müəmmalı səbəblərdən hadisələrin qarşısını almağa heç bir cəhd göstərilməmişdir.
Sumqayıt hadisələrinin ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut edilib. Bu, əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir aksiya idi. Ermənilər bu qanlı əməllərindən öz mənafeləri üçün istifadə etməyə, beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərsələr də, zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi.
“Azərbaycan” qəzeti
01.02.2015