İrəvan xanlığını 418 il idarə edən 50 nəfər hakimin hamısı azərbaycanlı olub
Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənən Cəfərabad kəndində olan bir türbə həmin dövrün yadigarıdır.
İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparıb şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan erməni tarixçisi Yervand Şahəziz bu qənaətə gəlib ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəllidir. Məhəmməd Xudabəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl tikilib, yeni arxlar çəkilib. 1678-ci ildə tikilən, sovet hakimiyyəti illərində bərpa olunan, indi S.Şaumyanın adını daşıyan bu gölə yerli əhali yenə də Toxmaq gölü deyir. “Toxmaq” o zaman İrəvan hökmdarı olan Mahmud xanın ləqəbi idi. 1605-ci ildə Şah Abbas İrəvanı Osmanlılardan aldıqdan sonra Əmirqulu xanı buraya hökmdar təyin edib. Həmin dövrdə yaşayan tarixçi Zəkəriyyə yazır: Əmirqulu xan Yerevana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı.
1679-cu il iyunun 4-də zəlzələ İrəvanı yerlə yeksan etmişdi. İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb: Daşı-daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə yeksan olan şəhəri dirçəldənlər viranəlik-xarabalıq üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı.
İrəvan haqqında söhbət açan səyyah və tədqiqatçıların əsərlərində göstərilən yer adlarına diqqət yetirək: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər, Gedərçay, Qırxbulaq, Zəngi, Dərə Dəlmə, Dəmirbulaq, Dərəkənd, Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı, Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə…
Şübhəsiz ki, əcnəbi səyyahların və tədqiqatçıların eyni işlətdikləri bu adların hər birinin öz tarixçəsi var.
Bu bilginin öyrənilib ümumiləşdirilməsi və müasirləşdirilib mədəniyyət fondumuza daxil edilməsi çox vacibdir. İrəvanın məhəllələri, bulaqları, çayları, bağları, dağ və təpələri indi də el arasında (bir qismi rəsmi sənədlərdə) öz adını qoruyub saxlayıb. Məsələn, İ.Şopenin verdiyi məlumata görə, XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olub: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Eyni adı yaşadan həmin məhəllələr indi də şəhərin iri məhəllələri sayılmaqdadır. XVIII əsr səyyahlarının təsvir etdikləri şilə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy rəngli parça boyayanların məhəllələri yenə əvvəlki kimi Şiləçi, Sabunçu, Boyaqçı adlarını daşıyır.
İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan türkcəsinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını faktlar da sübut edir. Matenadaran arxiv fondunda (Kilsə divanı, səh.290, 319) saxlanılan məktubu 1784-cü ildə kahin Qukas yazıb. Məktubda Gürcüstana – II İrakliyə, Bəyazidə – İsak paşaya göndərilən toxumların siyahısı verilib, miqdar və qiyməti göstərilib. Qəribə görünsə də, faktdır ki, milliyyətcə erməni olan kilsə xadimi toxumların, demək olar, hamısının adını azərbaycanca yazıb: “Buğda, qarpız, qara qarpız, yonca, xiyar, ispanaq, reyhan, badımcan, gül…”
Hüseyn xanın (1807-1827) vaxtında İrəvan xanlığı Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Dərəkənd, Saatlı, Sürməli, Talişə (Talin), Seyidli, Sərdarabad, Kərbibasar, Abaran, Dərəçiçək, Göyçə mahallarına bölünmüşdü.
Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilib: “Arpa çayından Qızılkilsə kəndinədək…”, “Hacı Bayraməli kəndindən Qəbir dağadək…”, “Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şəruradək…”
Beləliklə, İrəvanın şəhərdaxili tarixi adlarına diqqət yetirək:
Məhəllə adları: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dabbaqlar, Sallaqlar, Dəyirmanlar, Qəriblər, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər, Məscid dalı, Qəbiristan, Rüstəmxan.
Karvansaralar: Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Əfşar, Şeyxilislam.
Bulaqlar: Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar.
Çaylar: Gedərçay, Zəngi, Məmur kanalı, Abihəyat çayı.
İrəvan qalasının ruslar tərəfindən alınmasından vəcdə gələn erməni aşığı Hovsepin Azərbaycan türkcəsində yazmasını da təsadüfi hesab etmək olmaz:
Nikolay Pavloviçin taxtına, həm tacına qurban,
Hökmü hər padşahdan aldığı xəracına qurban,
Bir Nerses xəlifənin etdiyi illacına qurban…
İrəvanın qədim tarixinə dair əldə olan məlumat çox azdır. Bunun səbəbi İrəvanın 4 iyun 1679-cu ildə baş verən zəlzələ zamanı dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri sənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpicdən və daşdan böyük zövqlə bina edilən şəbəkəli, tağlı, dördkünc karvansaralar orijinallığı və üslub zənginliyi, bol-bol su çiləyən fəvvarələri və ümumi memarlıq quruluşu ilə hamını valeh edib, şəhərin həm möhtəşəm, həm də ən gözəl tikililəri sayılıb.
Şəhərin ozamankı memarlıq simasına İrəvan qalası xüsusi rövnəq verib. Öz dövrünün yüksək memarlıq-bədii sənətkarlıq nümunələri olan qala, 50-60 bürcü, qala içindəki saray, güzgülü salon, bəzəkli qoşa-qoşa məscidlər, iki-üç mərtəbəli binalar, yüksək zövqlə tikilən kişi və qadın hamamları, mərmər hovuz, bəzəkli “Təbriz qapısı”, ornament motivləri, gül-çiçək rəsmləri, portret təsvirləri səyyahların hamısını, eləcə də yazıçı A.S.Qriboyedovu, rəssamlar V.Moşkovu və Q.Qaqarini valeh edib.
İrəvanda xan sarayının rəsmlərini, otaqlarını və güzgülü salonun divarlarındakı süjetli kompozisiyaları XIX əsrin 50-ci illərində bərpa edən, Fətəli xanın, Abbas Mirzənin, Hüseynqulu xanın, Həsən xanın portretlərini yağlı boya ilə yenidən kətan üzərində çəkib divara yapışdıran həmyerlimiz Mirzə Qədim İrəvanini təsviri sənət məktəbimizin rəşidi-rövşəni kimi tanıyırıq.
Təkcə memarlıqda, təsviri sənətdə deyil, əkinçilikdə və maarifçilikdə də İrəvanda yaşayan azərbaycanlılar tanınıb və ad-san qazanıblar.
İrəvan Yaxın Şərqdə və Qafqazda mühüm şəhərlərdən biri olub. Burada məktəblər, mədrəsələr, azərbaycanlılar üçün gimnaziya və seminariya fəaliyyət göstərmişdir ki, onların tarixinin müəyyən məqamlarında dünya əhəmiyyətli alim və ixtiraçıların, maarif və mədəniyyət xadimlərinin yetişdirilməsində əzəli rolları danılmazdır.
İ.Şopen 1837-ci ildə “İrəvanda maarifin vəziyyəti haqqında” adlı məqaləsində İrəvan mədrəsəsi haqqında yazırdı: “Gənclər bədii ədəbiyyatla daha çox məşğul olurlar. Onlardan bir çoxu Rudəki, Firdövsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və digər məşhur söz ustalarının əsərlərini əzbərdən bilirdi…”
İrəvan xanları daim azərbaycanlılardan ibarət olub. 1860-cı ildə bir yerdə şəkilləri çəkilən 11 İrəvan xanının hamısı azərbaycanlıdır. Bu faktın özü də təsdiq edir ki, orada dominant millət yalnız azərbaycanlılar olub.
Zülmkar hökmdarlara, talançı qəsbkarlara qarşı ardı-arası kəsilməyən döyüşlərdə həlak olan şəhid babalarımızın minlərlə məzarı bu ölkənin hər yerində, İrəvan dağlarının ətəklərində mürgüləməkdədir. Bu diyar dastanının bir üzü qəzəb oyadıb, könül dağlayan, o biri üzü nikbin səslənib ürəkdə iftixar çırağı yandıran hər səhifəsində əkib-biçən, qurub-tikən atalarımızın izləri duyulur. Bu torpağın insan əli ilə yaradılmış, hər bəzək-düzəyinin hüsnündə alın tərimizin, yalçın qayaların zümrüd sinəsindən keçən hər yolçunun ayaq səsində, çayların-çeşmələrin zümzüməsində hünərimizin, yorğun boylanan köhnə və təzə imarətinin divarlarında quruculuq-sənətkarlıq əzmimizin min bir hənirtisi eşidilməkdədir.
İrəvan xanları qədim Şərq şəhərinin abadlığı üçün xeyli quruculuq işləri aparıblar. XX əsrin 40-50-ci illərinədək gəlib çatan 7 məscid, onlarca karvansara, hamam, bazarlar, şəhəri iki hissəyə bölən Gedərçay adlı çay üzərində salınan tağlı daş körpülər ötən əsrlərin yadigarlarıdır. Maarifçilərdən biri şəhərin möhtəşəm qalasını “min yaşlı, min başlı div” adlandırırdı.
Qədim şəhərin qəlbəyatımlı məhəllə adları da olub: Şəhər məhəlləsi, Hacı Novruzəli məhəlləsi, Dəmirbulaq, Təpəbaşı, Dədə kəndi, Çolmənçi, Toxmaqgöl, Şiləçi və s.
Erməni akademik B.S.Ovanesyan yazmışdır ki, XIX əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75 faizi azərbaycanlılar, 25 faizi isə ermənilər idi. O zaman İrəvan şəhərində azərbaycanlıların 16 məscidi, ermənilərin isə iki kilsəsi olub.
Hrand Martirosyanın yazdığına görə, 1829-cu ildə Ermənistanın şəhər və kəndlərində 85 faiz azərbaycanlı, 15 faiz erməni əhalisi olub, 1959-cu ildə isə Ermənistanda yaşayan azərbaycanlıların sayı 15 faizə düşübdür. 1829-cu ildə Ermənistandakı şəhər və kəndlərin coğrafi adlarının 95 faizi Azərbaycan dilində olduğu halda, 1959-cu ildə 45 faizə enmişdir.
Qərbi Azərbaycanın azəri türkünün torpaqları İrəvanın azəri türkünün şəhəri olması və orada həmişə, bütün zamanlarda azəri türklərinin yaşamasını yenə erməni mənbəyi təsdiq edir. Kahin Hovannes Şahxatunyan “1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını kimlər idarə edib” sualına cavab kimi aşağıdakı siyahını tərtib edib:
1. Əmir Səd – XIV əsrin axırı – 1410;
2. Pir Hüseyn (Əmir Sədin oğlu) – 1410-1420;
3. Pir Yaqub (Pir Hüseynin oğlu) – 1420-1430;
4. Əbdül (Pir Hüseynin oğlu) – 1430-1440;
5. Yaqub bəy (Cahan şahın əmri ilə) – 1440-1460;
6. Həsən Əli Qaraqoyunlu – 1460-1471;
7. Uzun Həsən – 1471-1475;
8. Həsənbəy Bayandurun nəvəsi – 1475-1515;
9. Div Sultan Rumlu – 1515-1539;
10. Hüseynxan Sultan – 1539-1550;
11. Şahqulu Sultan Ustaclı – 1550-1575;
12. Lala Qara Mustafa paşa (Sultan Murad dövrü) – 1575-1577;
13. Mahmudxan Toxmaq (Xudabəndə şahın dövrü) – 1577-1583;
14. Fərhad paşa (Sultan Murad dövrü) – 1583-1604;
15. Məhəmməd Şərif paşa – 1604-1605;
16. Əmirquna Xan Qacar (Şah Abbas dövrü) – 1605-1625;
17. Təhməzqulu (Əmirqunanın oğlu) – 1625-1635;
18. Murtuza paşa (Sultan Murad bəy dövrü) – 1635-1636;
19. Kəlbəli xan – 1636-1639;
20. Məhəmmədxan xan (Çağata Götük) – 1639-1648;
21. Xosrov xan – 1648-1652;
22. Məhəmmədqulu xan (Lala bəyin oğlu) – 1652-1656;
23. Nəcəfqulu xan – 1656-1663;
24. Abasqulu xan (Əmirqunanın oğlu) – 1663-1666;
25. Səfiqulu xan – 1666-1674;
26. Sarıxan bəy (iki il əvəz edir) – 1674-1675;
27. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) – 1675-1679;
28. Zal xan – 1679-1688;
29. Murtuzaqulu xan (Naxçıvanlı Məhəmmədrza xanın oğlu) – 1688-1691;
30. Məhəmmədqulu xan – 1691-1694;
31. Zöhrab xan – 1694;
32. Fərzəli xan (Əmirqunanın nəvəsi; Sultan Əhməd dövrü) – 1694-1700;
33. Zöhrab xan – 1700-1705;
34. Əbdül Məhəmməd xan – 1705-1709;
35. Mehrəli xan – 1709-1719;
36. Allahqulu xan – 1719-1725;
37. Rəcəb paşa – 1725-1728;
38. İbrahim və Mustafa paşalar – 1728-1734;
39. Əli paşa – 1734;
40. Hacı Hüseyn paşa (Əli paşanın müavini) – 1734-1735;
41. Məmmədqulu xan – 1735-1736;
42. Pirməhəmməd xan – 1736-1752;
43. Xəlil xan – 1752-1755;
44. Həsənəli xan Qacar – 1755-1762;
45. Hüseynəli xan (Həsənəli xanın qardaşı) – 1762-1783;
46. Qulaməli xan (Hüseynəli xanın oğlu) – 1783-1784;
47. Məhəmməd xan – 1784-1805;
48. Mehdiqulu xan – 1805-1806;
49. Məhəmməd xan Marağalı – 1806-1807;
50. Hüseyn xan Qacar qardaşı Həsən xanla – 1807-1827 (Erməni sovet ensiklopediyası, III c., s.571).
İrəvan vilayətlərini idarə edən hakimlərin siyahısından göründüyü kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycanın, hazırda “Ermənistan” deyilən torpağın aborigen əhalisi azəri türkləri olublar.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra azəri türkləri İran və Türkiyədən gələn erməniləri Qarabağın dağlıq hissəsində yerləşdirdilər. Ermənilər isə möhkəmlənəndən sonra Qarabağı erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib erməni adları verdilər.
Beləliklə, 200 il rus hökmranlığı dövründə İrəvan xanlığının torpaqları tam erməniləşdi, orada bir nəfər də olsun azərbaycanlı qalmadı. Bununla bağlı R.Caparidze yazmışdır: “Bu vaxtacan görmüşdük ki, adam adamın əşyalarını, malını-mülkünü oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə təzə şeydir”.
Fazil QARAOĞLU,
professor
Azərbaycan qəzeti, 20 aprel 2016