İlk “Kvartet”timizin qonaqları jurnalist Asəf Quliyev və politoloq İlqar Vəlizadədir.
Fuad Babayev: Bilirəm ki, “Miq-24” helikopterində şəhid olan qardaşlarımızdan biri, Ürfan Vəlizadə burada iştirak edən İlqar Vəlizadənin qohumudur. Allah Ürfana və bütün şəhidlərimizə rəhmət etsin…
Bütün şəhidlərimiz qəhrəmandırlar. Onlar arasında ayrı-seçkilik etmək ədəbsizlik olardı. Amma məncə, 2016-cı ildə qəhrəman olmaq daha çətindir. Bu tezisə münasibətinizi bilmək istərdim.
İlqar Vəlizadə: Nə qədər insan var, bir o qədər də rəy və fikir var. Mən düşünürəm ki, 2016-cı ilin qəhrəmanları ilə 1941-1945 və 1992-1994-cü il qəhrəmanları arasındakı fərq ondan ibarətdir ki, bunlar gözlənilməz şəkildə qəhrəman oldular. Axı müharibə getmirdi. Hadisələr qəflətən baş verdi. Bu insanlar əmr alaraq, döyüşə girdilər. 2016-cı ilin ab-havası ilə Qarabağ döyüşlərinin ab-havası tamamilə fərqli idi. 1990-cı illərdə insanlar özlərini şəraitə hazırlamışdılar ki, müharibə gedir, onlar öz torpaları uğrunda savaşmalıdırlar. Amma burada hər şey gözlənilmədən oldu. Əlbəttə, hərbçilər bu hadiələrə həmişə hazırdılar, bilirlər ki, istənilən vaxt nəsə ola bilər. Amma həm də sülh danışıqları gedir. Yaxşı-yaman ümid var ki, sülh yolu ilə bu işi həll etmək mümkündür. Elə indicə haqqında qeyd etdiyiniz Ürfan Türkiyədə təhsil almışdı, təlimlərdə iştirak etmişdi, ailə qurmuşdu, uşaqları var. Adi insan planları qururdu və qəhrəmanlıq haqqında yəqin ki, heç düşünmürdü. Amma vəziyyət elə gətirib ki, döyüş başlayıb, digər həmkarları ilə birlikdə helikopterlə döyüş bölgəsinə yollanıb və qəhrəmanlıq göstərib. Mən düşünürəm ki, əsl qəhrəman həm də onun həyat yoldaşıdır. O, danışır ki, Ürfan bu vəziyyətə həmişə hazır olub. Ailəsini də hazırlaşdırıb. Amma heç kim ölmək istəmir axı. Elə mənim zənnimcə, əsl şəhid də yaşamaq-qurmaq eşqi ilə yaşayan insanın öz həyatını qurban verməsidir. Müharibə dövründə isə həm mənəvi-psixoloji durum fərqli idi, həm də insanlar müharibəyə alışmışdılar.
Asəf Quliyev: Bir əhvalat yadıma düşdü. Bu əhvalatı mənə Ağdamda Samir Abdinov adlı bir şəhidin anası danışıb. Xocalı hadisəsi baş verən gün həyəcan elan olunur. Samirgil meşəyə gedirlər və səhərə yaxın bir uşaqlı qadın tapırlar. Baxırlar ki, qadının qucağında uşaq var və ayaqyalındır. Samir ayaqqabısını çıxarıb qadına verir. Gətirirlər qadını tabura və Samir də öz işi ilə məşğul olur. Axşam gəlir evə, anası görür ki, ayağı yalındır. Ayaqlarını yuduqdan sonra, ayaqqabı istəyir. Anası öz ayaqqabısının harada olduğunu soruşanda, cavab verir ki, gecə Xocalıdan olan bir qadını gətiriblər, ayaqyalın olduğundan ayaqqabısını ona verib. Anası soruşub ki, ondan başqa qadına ayaqqabısını verə bilən adam yox idimi? Samir diqqətlə qadının üzünə baxıb deyir: “Ay arvad, mən də indi dedim ki, yəqin südüm sənə halal olsun, deyəcəksən”. İndi ona görə mən də təsdiq edirəm ki, oğlunun, ərinin şəhidlik yolunda olduğunu bilən ana və ya həyat yoldaşı doğrudan da qəhrəmandır. Mən əlbəttə ki, şəhid olanların qəhrəmanlığını da azaltmaq istəmirəm. Şəhid Raquf Orucovun xanımının məktubunu da xatırlayıram.
Fuad Babayev: Bəli, mən oxumuşdum həmin məktubu.
Asəf Quliyev: Xanımı yazır ki, sən artıq xəyalən orada idin. Və şəhid ola biləcəyinə də özlərini hazırlayıblar. Bu reallığı qəbul edib yaşayan ailə üzvlərinin davranışı da qəhrəmanlıqdır. Mən də Sizin fikrinizlə razıyam ki, 2016-cı ildə qəhrəman olmaq daha çətindir. Çünki indi ətrafdakı insanlar, cəmiyyət çox praqmatikləşib. İnsan düşünür ki, mən şəhid oldum bəs sonra? Cəmiyyətdə bu fikir var.
Gündüz Nəsibov: Həm də onlar 1992-1994-cü illərdə şəhid olanların ailələrinin aqibətlərini görmüşdülər.
Asəf Quliyev: Əlbəttə, bu da var. Son 2 il ərzində mən ötən dövr ərzində şəhid olanların otuz nəfərinin ailəsinə baş çəkmişəm. Tamamilə fərqli talelər var. Elə yanaşma da müxtəlifdir. Məsələn, bir ana heç nə istəmir, yalnız oğlunu heç kimin unutmamağını arzulayır. Unutmasınlar deyəndə, nəyi nəzərdə tutduğunu da izah edə bilmir. Bir başqası gileylənir ki, “uşaq da şəhid oldu, biz özümüz də işləmirik”. Üçüncüsü, əsgərliyə təzə evlənib gedib. Şəhid olduqdan sonra övladı dünyaya gəlib. Gəlin də gəlib qaynatasının evində oturub, əsas məqsədləri uşağı böyüdüb, ərsəyə çatdırmaqdır. Tam fərqli talelər, tam fərqli yanaşmalar. Və görürsən ki, praqmatiklik burada da duyulur. Eləsi var, deyir ki, heç onlara baxan yoxdur.
Fuad Babayev: Birinci Qarabağ müharibəsində müxtəlif faciəli hadisələrə rəğmən cəmiyyətdə bir ruh yüksəkliyi vardı. İndi isə Asəf müəllimin dediyi kimi bir praqmatizm hökm sürür.. Mərhum Ürfan Vəlizadə şəkər xəstəsi olan xanımı və iki uşağı ilə brlikdə “Neftçilər” metrostansiyası yaxınlığında kirayədə qalırmış. Doğrudanmı, biz 2016-cı ilin qəhrəmanlarını daha artıq dərəcədə qəhrəman hesab edə bilərik?
İlqar Vəlizadə: Mən bəlkə də mövzudan kənara çıxıram. Mübariz İbrahimovu tanımayan yoxdur. Mübariz dövrümüzün fenomenidir. Mübariz də qəhrəmandır, amma tam başqa bir şəraitdə. O, gedib əsgərliyini çəkir və gördüklərini təhlil edərək belə bir qərar qəbul edir: danışıqlar gedir və onun sonu görünmür. Belə bir vəziyyət nə vaxta qədər davam edə bilər? Ona görə də silahını götürüb, xidmət etdiyi hərbi hissənin ərazisini tərk edir. Əslində hərbçi nöqteyi-nəzərindən bu nizamnamə tələblərinin kobud şəkildə pozulmasıdır. Amma Mübariz başqa bir yerə getmir, o, erməni hərbçilərinin mövqeyinə girərək, onlarla düşməni məhv edir. Yəni misilsiz qəhrəmanlıq göstərərək, şəhid olur. Hətta Putin də onun haqqında “dövrümüzün Rembosu” ifadəsini işlədib. Əlbəttə Mübarizin hərbi hissəni silahla icazəsiz tərk etməsi xəbəri onun komandirinə də çatıb. Əslində ola bilərdi ki, o, raport yazıb, bu barədə yuxarı instansiyaları məlumatlandırsın. Amma komandir kəşfiyyat sayəsində Mübarizin qəhrəmanlığından xəbər tutaraq, belə bir raport yazmayıb, məsuliyyəti öz üzərinə götürüb. Və hadisədən xəbər tutan yuxarı instansiyalar da bu hadisəni qəhrəmanlıq nümunəsi kimi dəyərləndiriblər. Nəticədə Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Asəf Quliyev: Amma prosedur qaydası bir xeyli sürdü. Görünür, hadisələr diqqətlə incələnib və qiymətləndirilib.
İlqar Vəlizadə: Mübariz İbrahimovun nümunəsi zəncirvari reaksiyaya da səbəb ola bilərdi. Kimlərinsə silahını götürüb düşmən mövqelərinə getməsi mümkün idi. Əlbəttə, bu da düzgün olmayacaqdı. Hərbçinin özbaşına mövqeyini tərk etməsi düzgün deyil.
Asəf Quliyev: Həm də belə bir hadisə Azərbaycanın diplomatik danışıqlarda da mövqeyinə zərbə vura bilərdi.
İlqar Vəlizadə: Doğrudur. Amma biz hamımız başa düşürük ki, belə bir şəraitdə hər kəs öz hisslərinə sahib olmaya bilər. Hətta əsəblərini cilovlaya bilmədiyindən kimsə tamamilə fərqli hərəkət edərək, silahı öz yoldaşlarının da üzərinə çevirə bilərdi.
Asəf Quliyev: Belə bir hadisə Daşaltı əməliyyatı zamanı baş verib. Mən vaxtilə “Space” telekanalında “Daşaltı” filmini hazırlayan zaman mənə danışmışdılar. Əsgərlərimizdən biri ermənilərin hücumu zamanı səngərdən çıxıb, öz yoldaşlarına doğru atəş açıb. Komandir vəziyyəti belə görəndə həmin əsgəri öldürmək məcburiyyətində qalıb. Çünki onu vurmasaydılar, o, ruhi sarsıntı içərisində yoldaşlarından hansınısa öldürə bilərdi. Amma bununla belə, onu şəhid kimi dəfn ediblər.
İlqar Vəlizadə: Görürsünüz, biz bəzən hadisələrə pafosla yanaşırıq. Amma burada insan amili, faciəli hadisələr, hətta nizamnamədən kənar məsələlər də var. Bunlar müharibə şəraitinin törətdiyi vəziyyətdir. Atəşkəs şəraiti olmasına rəğmən, indi yeni çıxan terminlə desək, hibrid müharibə davam edir. Məncə, bu, hətta müharibənin daha iyrənc formasıdır. Müharibə normal bir şey deyil. Heç kəs həlak olmaq istəmir. Düzdür, indi bəzi radikal islamçı qrupların üzvləri guya şəhid olmalarını arzulayırlar. Amma bizim müharibədə şəhid olmaqla, fanatik dini qrupların şəhidliyi arasında böyük fərq var.
Gündüz Nəsibov: Mənə belə gəlir ki, bizim pilotlarımızın şəhidliyə hazır olmaları, yaxud yadıma gəlir, Astaradan olan bir döyüşçünün öz toyunda şəhid olmağı arzulaması, bu insanların Vətən sevgisi ilə yanaşı, həm də İslam dininə dərindən bələd olmaları ilə bağlıdır.
İlqar Vəlizadə: Sözsüz ki, burada dini amil var. Biz ölkəmizi, Vətənimizi qorumaqla yanaşı, dinimizi də qoruyuruq. Bir də var ki, dini mübarizə adı altında fanatiklər öz din qardaşlarını da öldürürlər.
Gündüz Nəsibov: Şəhid əslində dini, Vətəni, öz evi uğrunda həlak olan kəsdir. Məsciddə camaat namazı qılınan zaman partlayış törədənlər, təriqət fərqinə görə müsəlmanları qıranlar şəhid sayıla bilməzlər.
İlqar Vəlizadə: Doğrudur, beləsinə şəhid demək düzgün deyil. Amma təəssüf ki, xaricdə “şəhid” deyəndə, daha çox terror törədənlər yada düşür.
Asəf Quliyev: Əslində düşünülmüş şəkildə bunu edirlər ki, şəhid ifadəsi yaddaşlarda belə qalsın.
İlqar Vəlizadə: Bu yaxınlarda mən Rusiyadan gələn qonaqları şəhərimizlə tanış edirdim. Şəhidlər Xiyabanında onlar “şəhid” ifadəsinə xeyli təəccübləndilər. Mən məcbur olub, onların ölkəmizin ərazi bütövlüyü naminə həlak olduqlarını dedim. Onlar etiraf etdilər ki, bu sözü düzgün dərk etməyiblər. Bizim cəmiyyətimizdə də bir çaşqınlıq var. Ona görə də Suriya müharibəsində həlak olanların “şəhid” adlandırılması qətiyyən düzgün deyil.
Asəf Quliyev: Mən hər kəsin dini inancına hörmətlə yanaşıram. Amma bəzi adamlar bu inancda bəzən ifrata varırlar. Öz fikirlərinə aludəçilik insanın özü üçün faciə ilə nəticələnir. Elə bu insanları da mənasını bilmədiyi qondarma “qəhrəmanlıq”, “şəhidlik” naminə ölümə göndərirlər. Qəhrəmanlıq haqqında düşünməklə, qəhrəman olmaq mümkün deyil. Qəhrəmanı şərait yaradır. Mən bir misal demək istəyirəm. Ağdamla Əsgəran arasında Aranzəmi, Pircamal və Dəhraz kəndləri var. Aranzəmi ilə Pircamalı alıblar, amma Dəhrazı girə bilmirmişlər. Bir PDM həmin kənddən mövqelərimizi atəşə tuturmuş. Peşəkar hərbçi, mərhum Şirin Mirzəyev bir yüksəklikdə durub, həmin kəndi necə almaq barəsində götür-qoy edir, plan cızırmış. Fred Asif isə sürücüsü və yaxın dostu ilə maşına oturur və taburuna da göstəriş verir ki, onun işarəsini almadan yerlərindən tərpənməsinlər. Beləcə bir UAZ və üç nəfərlə gedib PDM-i zərərsizləşdiriblər. Bundan sonra tabur həmin kəndə girir. Ş.Mirzəyev təəccüblənir ki, görüm kimdi axı bu adam? Asif olduğunu görəndə deyir ki, “bu işi elə ancaq sənin kimi fanat edə bilərdi”.
İlqar Vəlizadə: Qəhrəmanlıq heç vaxt düşünülmüş, planlaşdırılmış şəkildə olmur. Rasional düşüncəli insan nadir hallarda qəhrəman ola bilər. Qəhrəman məsuliyyəti öz üzərinə götürən və hərəkətinin nəticələrindən digərləri bəhrələnən insandır. Tarixə də elə belə adamlar düşürlər.
Gündüz Nəsibov: Mənə belə gəlir ki, son dövrlərdə şəhidlərin cənazəsinin bütün rayonla, bütün şəhərlə qarşılanması, onların dəfn mərasimlərinin yüksək səviyyədə təşkil edilməsi də gənclərimizi qəhrəmanlığa sövq edən səbəblərdəndir.
Asəf Quliyev: Bu sahədə Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra dönüş yarandı. Axı bir çox şəhid valideynləri sadəcə olaraq övladına yalnız diqqət göstərilməsini, onun unudulmamasını istəyirlər.
Fuad Babayev: İlqar müəllim, şəhid Ürfan Vəlizadə Sizin qohumunuz idi. O, necə yadınızda qalıb?
İlqar Vəlizadə: Təəssüf ki, Ürfanla yaxından tanış ola bilməmişəm. Atalarımız daha çox yaxın olublar. Amma təmasda olduğum qohumlarımız vasitəsilə onun haqqında yaxşı təsəvvürlərim yaranıb. Bütün həyatı boyu başqalarından fərqlənib. İnsanlarla ünsiyyətdə problemi olmayıb. Türkiyədə hərbi məktəbi fərqlənmə ilə bitirib. Sevdiyi insanla ailə həyatı qurub. İki qızı var.
Fuad Babayev: Həlak olandan sonra baş çəkmisinizmi ailəsinə?
İlqar Vəlizadə: Bəli, əlbəttə. Atası və anası uzun müddət xəstə olublar. Elə onun haqqında da daha çox həyat yoldaşının valideynləri danışırdılar. Dostları, tanışları onun barəsində ancaq yaxşı sözlər danışırlar.
Fuad Babayev: Kənardan qəhrəman kimi görünən insanlar bəzən həyatda bu obraza qətiyyən uyğun olmurlar. Xarici görünüşcə, qəhrəmana oxşamayanlar isə elə bir qəhrəmanlıq nümunəsi göstərirlər ki..
İlqar Vəlizadə: Elə Ürfan Vəlizadə də belə insanlardan idi. Ləyaqətlə yaşayırdı və qəhrəmanlıq haqqında heç düşünmürdü də.
Fuad Babayev: Mən onun haqqında oxumuşdum ki, şəkər xəstəsi olan həyat yoldaşına aldığı dərman qutularının üstünə onun üçün xoş sözlər yazırmış. Əslində bu tamamilə fərqli bir səviyyədir və onu qiymətləndirmək üçün başqa bir prizmadan yanaşmalısan.
İlqar Vəlizadə: Mənim fikrimcə, qəhrəman sakitcə öz işini görən, cəmiyyət üçün faydalı olan insandır.
Fuad Babayev: Karl Marks qızlarının onun üçün tərtib etdikləri suallara cavab verərkən, “Sevdiyiniz qəhrəman” sualına belə cavab vermişdi – “Spartak və Kepler”. Spartak qullar üsyanının rəhbəri idi, Kepler isə astronom. Amma Marks Kepleri astronom olduğu üçün qəhrəman hesab etmirdi. İnkvizisiya dövründə Keplerin anasını cadugərlikdə ittiham edərək, tonqalda yandırılması haqqında qərar çıxarmışdılar. Kepler bütün var-dövlətini sərf edərək vəkil tutur və böyük bir proses başladır. O, inkvizisiyaya qalib gəlməyin mümkünsüz olduğunu bilirdi. Amma vaxtı o qədər uzadır ki, anası türmədə ölür. Beləcə anasının tonqalda ölməməsinə səbəb olur.
Beləcə, “Qəhrəman-2016” başa çatdı.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 08 iyun 2016-cı ildə dərc edilib