Bazar ertəsi Tramp administrasiyası Nyu-York və Vaşinqtonda çalışan 60 Rusiya diplomatının ölkədən çıxarılması və həmçinin, Britaniyada keçmiş rus agentinin zəhərlənməsinə cavab olaraq Rusiyanın Sietldəki konsulluğunun bağlanmasına dair sərəncam verib.
Rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı Trampın qərarı ABŞ-ın hər iki partiyasının nümayəndələri tərəfindən bəyənilib. Hərçənd bir həftə əvvəl Putinin prezident seçilməsi ilə əlaqədar telefon danışığında onu təbrik etməsini kəskin tənqid etmişdilər.
ABŞ-ı bir çox Avropa ölkələri də analoji addım atmaqla dəstəklədilər.
Bu hadisəni dəyərləndirmələrini Azərbaycan politoloqlarından xahiş etdik.
Zaur Məmmədov yaranmış situasiyada Rusiyanın Qərb ölkələri ilə danışıqlara girməsinin vacibliyini qeyd etdi: “Bu təbii ki, Rusiya və anqlosaksonlar arasında münasibətlərin gərginləşməsinin davamıdır. Bildiyiniz kimi, Britaniyada Skripal ailəsinin – ata və qızın zəhərlənməsindən sonra Britaniya Baş naziri Tereza Mey məsələnin arxasında Rusiyanın dayanması haqqında iddialar irəli sürüldü. Amerika – Böyük Britaniya tandemi də bundan Rusiyaya qarşı istifadə etmək üçün çox böyük fürsət kimi yararlandılar. Üstəlik Qərbi Avropa və Avropa Birliyi ölkələrinin də onlarla birgə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsinə müyəssər oldular. Beləliklə də dünən artıq Avropa Birliyinin 18 dövləti öz ərazisindəki rusiyalı diplomatların bir neçəsinin ölkədən çıxarılmasına nail oldu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi elan etdi ki, Rusiya hər bir ölkəyə qarşı cavab tədbiri görəcəkdir. Lakin Rusiya təkdir, ona görə də bu ölkənin cavab tədbirinin analoji gücdə ola biləcəyi sual altındadır. Düşünürəm ki, yaranmış situasiyada Rusiyanın Qərb ölkələri ilə danışıqlara girməsi daha yaxşı olardı. Çünki biz əvvəllər də görmüşdük ki, ABŞ-Rusiya qarşıdurmasında Avropa Birliyi ölkələrinin heç də hamısı Amerikanın yanında deyildi. Lakin Skripal hadisəsi onları ABŞ-ın mövqeyindən çıxış etməyə vadar etdi”.
Elxan Şahinoğlu bildirdi ki, bu hadisə Rusiyaya qarşı 5 ildən bəri davam etdirilən “soyuq müharibə”nin davamıdır: “Rusiyaya qarşı “soyuq müharibə” artıq 5 ildir davam edir. Rusiya Krımı ilhaq edəndən sonra Rusiyaya qarşı Qərbin sanksiyaları başlayıb. Bundan sonra Rusiyanı ABŞ prezident seçkilərinə müdaxilədə ittiham etdilər və sanksiyalar daha da sərtləşdi. Son qalmaqalda xəfiyyənin öldürülməsi ilə bağlı bütün izlər Rusiyaya apardığına görə, sanksiyalar yeni vüsət aldı və rus diplomatları Avropa ölkələrindən çıxarılır, onların sayı azaldılır. Rusiya rəsmiləri analoji addım atılacağını vəd edirlər. Amma məsələ ondadır ki, Rusiyanın bir və ya iki ölkə ilə münasibətləri gərginləşmir. Avropa İttifaqı və ABŞ Britaniyanı bu qovğada haqlı sayır və inanırlar ki, bu şübhəli sui-qəsdin arxasında Rusiya dayanır. Ona görə də münasibətlərin hələ daha çox gərginləşəcəyini güman edirəm. Qərb ölkələri Rusiyanı başqa dövlətlərin işinə qarışa bilməyəcək həddə qədər zəiflətmək istəyirlər”.
İlqar Vəlizadə isə bu hadisənin Qərb üçün bir bəhanə olduğunu vurğuladı: “Adamda elə təəssürat yaranır ki, hətta bu hadisə olmasaydı da onu düşünüb, tapmaq lazım gələcəkdi. Bu hadisə olmasaydı da yəqin onu başqası ilə əvəz edəcəkdilər. Həm də bu dəfəki hadisədə çox maraqlı bir yekdillik nümayiş etdirilir. Adətən bu cür hadisələrdə müəyyən vaxt və prosedurlar tələb olunur. Hiss olunur ki, əvvəlcədən müəyyən hazırlıq işləri görülüb. Bu ölkələr arasında əlbəttə, Rusiya ilə münasibətləri gərgin olanlar da var, münasibətlərin sabit olduğu ölkələr də. Həmin ölkələrlə yaxın keçmişdə qarşılıqlı maraqlara əsaslanan sazişlər də bağlanmışdı, Putinin bu ölkələrə səfərləri də olmuşdu. Maraqlıdır ki, müşahidə etdiyimiz hadisələr heç “soyuq müharibə” illərində də baş verməmişdi. Sanki indi Qərbin önə çəkdiyi Ukrayna hadisələri də arxa plana keçib. Qərbin Rusiyanın Suriyadakı proseslərdə iştirakı, İranın təklənməsinə yol verməməsi ilə bağlı narahatlıqları daha böyükdür”.
Bəzi mənbələr növbəti mərhələdə sanksiyaların Putinə qarşı da tətbiq ediləcəyini bildirir. Bununla bağlı politoloqların rəyi belə oldu:
Zaur Məmmədov hadisələrin belə inkişafını istisna edir: “Düşünürəm ki, Putinə qarşı şəxsi sanksiyalar tətbiq olunmayacaq. Bu, son versiya kimi nəzərdən keçirilə bilər, amma indiki halda istisnadır”.
Elxan Şahinoğlu qeyd etdi ki, Putinə qarşı elə indi də qeyri-rəsmi sanksiya tətbiq olunur: “Putinin ətrafına qarşı çox güclü sanksiyalar var. Amerikanın son “Kreml siyahısı”nda da bir çox rəsmilərin adları çəkilirdi. Putinin adı o siyahıda yox idi, amma fikir verin, son illərdə onu hansısa Avropa ölkəsinə dəvət etmirlər. Düzdür, Macarıstana və bu kimi bir neçə ölkəyə səfər etmişdi, amma nə ABŞ-a, nə də Britaniyaya səfər etməyib. Bunun özü elə Putinə qarşı qeyi-rəsmi sanksiyadır”.
İlqar Vəlizadə isə bildirdi ki, Putinə qarşı sanksiya Rusiya-Qərb dialoqunun tamamilə kəsilməsi deməkdir: “Putinə qarşı sanksiyalar tətbiq olunması mümkündür. Amma bu, Qərblə Rusiya arasında dialoqun tamamilə kəsilməsi anlamına gələ bilər. Çünki Putin səfərlər edən və danışıqları aparan şəxsdir. Bu həm də Rusiya ilə işləyən və Rusiya bazarlarında maraqları olan ölkələr üçün zərərlidir.” Rusiyanın ilk cavab tədbiri analoji ölkələrin diplomatlarının ölkədən çıxarılması ola bilər. Bu barədə vəd verdiyinə rəğmən, Kreml bu addımı həmin gün atmayıb, görünür ki, fikirləşmək üçün taym-aut götürüb. Bu, göstərir ki, Rusiya reaksiyanın belə geniş olacağını, xüsusilə ABŞ-ın 60 rus diplomatını ölkədən çıxarmasını və Moskva və Vaşinqton arasındakı münasibətlərin daha dərin böhrana salmasını gözləmirmiş.
Gündüz Nəsibov,
1905.az