Məlum olduğu kimi, Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışının videoyazısı bu yaxınlarda mətbuatda yayılıb.
Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə əməllərinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübuta yetirən fövqəladə əhəmiyyətə malik bir dəlildir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb.
Açıqlamada, həmçinin bildirilib: “Bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir.
Bu məsələ ilə əlaqədar olaraq, Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirəcək”.