Qərbi Azərbaycan İcması (QAİ) BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirləri qınayır.
AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: “Biz ali komissardan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını və mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş 4 minə qədər azərbaycanlının taleyinin müəyyənləşdirilməsi üçün ölkəmizlə səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik.
Ali komissar Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların deportasiya edilməsi yolu ilə monoetnik dövlətin yaradılmasını hədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqları üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist fikirlərin səslənməsini də pisləmədi.
Biz ali komissardan Ermənistanı öz dədə-baba yurdlarına dinc yolla qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin ali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdi, Xocalı soyqırımını törətmiş hərbi canilərin azad olunmasına çağırış etdi. Ali komissarın bu çağırışı faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir.
Ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan hüquqları hüququna selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırırıq”.