Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Ağbulaq kəndi Göyçə mahalının Çəmbərək rayonunda, Göyçə gölündən 4 kilometr şimalda, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzi olan Şahdüzü (Mixaylovka) qəsəbəsindən 12 kilometr cənub-qərbdə, İrəvan yolundan 800 metr solda, Yelenovka (Sevan) dəmiryol vağzalından 45 kilometr, İrəvan şəhərindən 110 kilometr, Qazaxdan 100 kilometr məsafədə yerləşir.
Qərbi azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar.
“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Dərəçiçək nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə Əbdürrəhman adlı şəxsin adına olan timardan dövlətin ildə 3 min ağça gəlir götürdüyü göstərilib.
İ.Şopendə (1832) İrəvan əyalətinin Göyçə mahalının Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə 26 təsərrüfatda 136 (79 kişi, 57 qadın) azərbaycanlının yaşadığı göstərilib.
Kəndin adının “içməli su”, “şirin su” anlamında olan “ağ” və “bulaq” sözlərindən ibarət olması ehtimalı (B.Budaqov, Q.Qeybullayev) ilə biz də razıyıq. Мəsələ bundadır ki, kənd Ağbulaq adlı bulağın yerləşdiyi ərazidə salındığı üçün həmin adı alıb.
İrəvan diyarının Çəmbərək, Ağin, Sürməli, Şörəyel, Kəvər, Qırxbulaq, Abaran, Vedibasar bölgələrində eyniadlı xeyli toponim – kənd, bulaq və dağ adları qeydə alınıb.
1873-cü ilə aid statistik məlumatlarda İrəvan quberniyasının Yeni Bayazid qəzasının Göyçə gölü hövzəsi nahiyəsinin Ağbulaq kəndi kimi siyahıya alınan kənddə 51 təsərrüfatda 422 (234 kişi, 188 qadın) azərbaycanlının yaşadığı, kəndin Göyçə gölünün kənarında, Adatəpə burnunda yerləşdiyi göstərilib.
1886-cı ildə İrəvan quberniyasının Yeni Bayazid qəzasının Məzrə nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınmış kənddə 83 təsərrüfatda 575 (318 kişi, 257 qadın) azərbaycanlı yaşayıb.
Nəhayət, 1908-ci ildə kənddə azərbaycanlılarının sayı 940 nəfərə, 1914-cü ildə 982 nəfərə, 1919-cu ildə 1329 nəfərə çatıb.
1919-сu ildə еrməni quldur dəstələri hücum edərək əhalini qanlı qırğınlarla kənddən qovublar. 1919-1920-ci illərdə soydaşlarımız kənddən didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində sığınacaq tapıblar. Yalnız bölgədə sovet hakimiyyəti qurulduqdan sonra qaçqın əhali geri qayıdıb və kəndi təzədən bərpa edərək doğma yurdda məskunlaşıblar.
1922-ci ildə kənddə 1053 nəfər, 1926-cı ildə 1113 nəfər, 1931-ci ildə 1392 nəfər, 1970-ci ildə 1542 nəfər, 1979-cu ildə 1450 nəfər azərbaycanlı уаşаyıb. 1985-ci ildə kənd əhalisinin sayı 1500 nəfər, məktəb şagirdlərinin sayı isə 330 nəfər olub.
Hesablamalara görə, 1988-ci ildə Ağbulaq kəndini 345 azərbaycanlı ailə tərk edib.
Sovet dövründə Ağbulaq sovetliyinə kənddən 4 kilometr məsafədə yerləşən Şorса kəndi də daxil idi.
1988-ci il noyabrın 24-də kənd erməni quldurlarının daha intensiv hücumlarına məruz qalıb. Noyabrın 28-də qarlı-şaxtalı gecədə saat 1-3 radələrində kənd əhalisi güllə yağışı altında doğma yurdu tərk etmək məcburiyyətində qalıb.
Qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş Ağbulaq kəndinə ilk dəfə ermənilər məhz 1988-ci ildə kənd camaatı soyqırımına məruz qalaraq kənddən qovulduqdan sonra köçüblər.
1991-ci il aрrelin 19-da kəndin Ağbulaq adı dəyişdirilərək Ağberek qoyulub.
X X X
Şahdağ silsiləsinin ətəyində yerləşən Ağbulaq kəndindən Göyçə gölünə baxanda göl ovuc içi kimi, Göyçə gölündən o yana baxanda isə il boyu qarı əriməyən Ağmanqan, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağlarının zirvələri apaydın görünürdü. Adatəpə ilə Ağbulaq arasında “Xanlıq” adında yurd yeri var idi. Deyilənə görə, İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və yay aylarında dincəlməyə bura gələrmiş.
Axşamlar günəş Ələyəz dağının arxasında batardı.
1976-cı ilə kimi Qırmızıkənd-İrəvan уоlu Ağbulaq kəndinin içindən keçib Şorcaya 1,2 kilometr qalmış Qaraquzey dağının ətəyində sağa burulub Göyçə gölünün sahili ilə Yelenovka (Sevаn) şəhəri istiqamətinə düzəlirdi.
Ağbulağın dağları tarix boyu Qazaxın (Qaрaрaрaq kəndi), Тоvuzun (Bozalqanlı kəndi) yaylağı оlub. Bozalqanlı kəndinin camaatı Dürlü bulağının başına düşərmişlər. Bundan başqa, Ağbulaq kəndində “Qarabulaq” adlı bir bulaq da vardı ki, Aşıq Ələsgər bu bulağın başında olmuş və “Axşam-sabah, çeşmə, sənin başına” misrası ilə başlayan məşhur şeirini qoşmuşdu.
Ağbulaq-Qırmızıkənd уоlunun 2-ci kilometrliyində, уоlun altında olan mineral sulu bulaq isə “Turş bulaq” adlanırdı.
Ağbulaq kəndində digər çoxlu tоpоnimlər də var idi. Hərəsinin də öz yaranma səbəbi, öz izahı. Məsələn, Qırmızıkənd-İrəvan уоlu üstündə “Darama” adlanan bir aşırım var idi. Qışda qarlı-boranlı olurdu. Deyilənə görə, “Dar aman” söz birləşməsindən yaranmışdı. Ağbulaq kəndində “Gen dərə” deyilən dərənin yamacında Darcan qarı qayası yerləşirdi. Bu qaya uzaqdan baxanda arxası şələli qarını xatırladırdı. Əfsanəyə görə, bu, daşa dönmüş qarıdır. Ağbulaqdan Тoxlucaya gedəndə kəndin kənarında Keçid çayı axırdı.
Ağbulaq kəndində Daşdıqlı dərə ilə Baldırğanlı arasında “Sarı уоl” adlı aşırım vardı, kəndin mal-qarası hər axşam-sabah bu yolla örüşə gedib-gəlirdi. Ağbulaq və Qırmızıkənd kəndləri arasında “Böyük dağ” və ya “Pir dağı” adlanan bir dağ var idi. Vaxtilə bu dağ Tovuz və Qazax rayonlarının bir sıra kəndlərinin yaylaq yeri olub. Ağbulaq camaatı alış-verişə 12 kilometr aralıda yerləşən məşhur Çəmbərək bazarına çıxardı. Kəndin içində “Qara bulaq” adlı iki bulaq vardı. Biri kəndin orta hissəsində, məscidin 100 мetr qərbində, digəri isə “Xırmanlar” deyilən yerdə, “Arxac” məhəlləsində idi. Bu bulağın yaxınlığında qazıntı vaxtı saxsı su boruları aşkar edilmişdi. Orta yüzillərə aid olan birinci borunun üstündə ərəb əlifbası ilə “Məhəmməd” sözü oxunmuşdu.
Ağbulaq kəndində beş qəbiristanlıq mövcud idi. Birincisi, kəndin ən qədim qəbiristanlığı sayılan və islamiyyətdən əvvələ aid olan, “Duzdağ” adlanan yerdə salınmış eyniadlı qəbiristanlıq idi. Bu qəbiristanlıqdakı daşların üstündə qoç və at şəkilləri, ocaq təsviri, indiki cürə saza bənzəyən çalğı aləti həkk olunmuşdu. Bütün bunlar xalqımızın soykökü ilə bağlı əski inamların kodlaşmış sübutları idi və nə islamiyyətlə, nə də xristianlıqla heç bir əlaqəsi yoxdur. İkinci qəbiristanlıq “Dikdaş” adlanan, Baldırğanlı çayının əvvəlki kənd yoluna qovuşduğu yerdə salınmışdı. Bu qəbiristanlıq da çox qədim dövrə məxsus idi. Üçüncü qəbiristanlıq Qırmızıkənd-İrəvan yolunun 6 kilometrliyində, “Darama” adlanan yoxuşun başında, yolun sol kənarında idi. O, “Еl qəbiristanlığı” adlanırdı. Tovuz və Qazax camaatı yaylaq dövründə ölənlərini burada dəfn edirdilər.
Ağbulaqlıların son iki qəbiristanlığı Şorca və Qırmızıkənd istiqamətlərindən kəndə daxil olan yolun üstündəki məzarlıqlardan ibarət idi. Kəndin qərb girəcəyindəki (Qırmızıkənd tərəfdən) qəbiristanlığın beş yüz ildən artıq yaşı var idi. Dikin başında salınmış bu qəbiristanlıqda son əlli il idi ki, dəfn işi aparılmırdı.
Kəndin son və müasir qəbiristanlığı Şorca kəndi tərəfdə, kəndin ayağındakı təpənin üstündə, yolun solunda, “Çaxmaqlı” adlı göy-qara çınqıllı yerdə 1935-ci ildə salınmış qəbiristanlıq idi. O, iki dərənin arasındakı təpədə yerləşirdi.
Hər iki qəbiristanlıq Məhəmmədəli Musa oğlu Abbasəliyevin sədrliyi dövründə (1970-1974) və onun təşəbbüsü ilə çəpərlənmişdi.
Ağbulaq kənd məscidi isə 1895-ci ildə kəndin içindəki Qarabulaqdan 100 metr şərqə tərəf hündür təpənin üstündə tikilmişdi. Sovet hökuməti qurulana qədər fəaliyyət göstərən məscid sovet dövründə öz fəaliyyətini dayandırmış və uzun müddət (son dövrlərə qədər) anbar kimi istifadə olunmuşdu. 1988-ci ildə isə məscid binası ermənilər tərəfindən tamamilə dağıdıldı.
Ağbulaq kəndində 1980-ci ildə tikilib istifadəyə verilmiş beş korpuslu müasir tipli orta məktəb binası ilə yanaşı, digər sоsial оbyеktlər də tikilib istifadəyə verilmişdi.