Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.
Aşağı Qarabağlar Vedibasar mahalının Cığındərə bölgəsində, Böyük Vedi qəsəbəsindən 9 kilometr şərqdə, Vedi çayının kənarında yerləşir. Kənddə ancaq azərbaycanlılar, XIX əsrin əvvəllərində isə az sayda həm də müsəlman kürdləri yaşamışlar.
“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) kəndin adı Vedi nahiyəsinin Aşağı Qarabağ, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) həmin nahiyənin Kiçik Qarabağ kəndi kimi qeydə alınıb. İkinci “dəftər”də Vedi nahiyəsinin Kiçik Qarabağ kəndində Hacı Vəli Abbas oğlunun adına olan timarın və Həsən Abdulla oğlunun adına olan timarın hər birindən dövlətin müxtəlif vergilər şəklində ildə 7500 ağça gəlir götürdüyü göstərilib.
1826-1829-cu illər Rusiya-İran, Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalan kəndin adı (Qarabağlar-Cufla, yəni Aşağı Qarabağlar) İvan Şopenin 1832-ci ilə aid məlumatlarında artıq Vedibasar mahalının xaraba kəndləri siyahısında verilib. Bir qədər sonra kənd yenidən məskunlaşıb və bütün sonrakı mənbələrdə Aşağı Qarabağlar kimi göstərilib.
Kəndin ilkin adının Aşağı Qarabağ olması onun eramızın ilk əsrlərində Cənubi Qafqaza gəlmiş gəngər-peçeneqlərin Qarabağ tayfasının adını daşıması fikrini təsdiq edir.
Qarabağ adı ilə Cənubi Qafqazda və Türkiyə ərazisində çoxlu toponimlər olub. Məsələn, Qarabağ adı ilə İrəvan quberniyasının Üçkilsə (Eçmiədzin) qəzasında qışlaq, Qars əyalətinin Ərdəhan bölgəsində şəhər, İrəvan əyalətinin Ağcaqala və Maku nahiyələrində kəndlər qeydə alınıb. Qarabağlar adı ilə İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında, Azərbaycanda Göyçay, Göygöl və Şərur rayonları ərazisində kəndlər olub. Ümumiyyətlə, XIX əsrdə Cənubi Qafqazda beş Qarabağlar kəndinin olduğu məlumdur. İrəvan quberniyasının Sürməli qəzasındakı Qarabağlı, Gərni nahiyəsindəki Qarabağlı-Kəbir və Qarabağlı-Saqir kəndləri də eyni kökdəndir.
Yeri gəlmişkən, İ.Şopen (1832) Vedibasar mahalındakı köçəri tayfalar sırasında 11 ailədə 67 nəfərdən ibarət qarabağlı tayfasının da adını çəkir ki, çox güman, Çanaxçıdərə bölgəsindəki Qarabağ kəndinin ev-eşiyindən didərgin düşmüş keçmiş sakinlərindən ibarət olan bu adamlar sonralar həm Aşağı Qarabağlar, həm də Yuxarı Qarabağlar kəndlərində yenidən məskunlaşmışlar. Belə ki, artıq 1873-cü ildə Aşağı Qarabağlar kəndində 80 ailədə 756 nəfər (405 kişi, 351 qadın) azərbaycanlı əhali qeydə alınıb.
1886-cı ildə Aşağı Qarabağlar əhalisinin sayı 105 ailədə 936 nəfərə (492 kişi, 444 qadın) çatıb. Onların arasında 12 nəfərlik (9 kişi, 13 qadın) bəy-xan, 4 nəfərlik din xadimi ailəsi də olub. Həmin vaxt artıq kəndin adı ilə yanaşı, mötərizədə Çimənkənd adı da qeyd olunur. Görünür, Aşağı Qarabağlar kəndindən çıxan ailələrin kəndin aşağısında geniş çəmən-düzənlikdə saldığı bu yeni kəndi ayrıca inzibati vahid kimi göstərməyə o zaman ehtiyac olmayıb.
Əkinçilik və heyvandarlıq kənd əhalisinin əsas təsərrüfat məşğuliyyəti olub. Kəndin 50 verst aralıdakı Əyricə yaylağında qədimdən kənd camaatına məxsus Xaçyurd, Qoturbulaq, Daşqaya adlı yurdları olub. Həmçinin Quzey-ağıl, Yarım-ağıl, Kotuz-ağıl, Mustafazağası-ağıl, Aralıq-ağıl, Düyü-daş-ağıl adlı qışlaq yerləri olub.
Aşağı Qarabağlar kənd sakini Əmir Hacı Nəcəf oğlu (“Axırıncı aşırım” filminin məşhur qəhrəmanı Kərbəlayı İsmayılın babası) kəndin ən varlı adamı olub. 1885-1886-cı illərdə Əmir Hacı Nəcəf oğlu dövlət meşə idarəsindən Aşağı Qarabağlar, Xosrov, Gölaysor, Alqırıq, Zimmi, Hand və Çəngli kəndləri yaxınlığında geniş ərazilərdə torpaq sahələrini icarəyə götürmüşdü.
1897-ci ildə kənddə 1260 nəfər, 1905-ci ildə 1803 azərbaycanlı yaşayırdı. 1905-ci ilin məlumatına görə, kənddə 1803 azərbaycanlı ilə yanaşı, artıq 12 müsəlman kürdü də olub. 1914-cü ildə Aşağı Qarabağlar kəndində azərbaycanlı əhalinin sayı 1750 nəfərə enib. O zaman artıq Aşağı Qarabağlar əhalisinin hesabına kəndin aşağısında düzəngah çəmənlikdə salınmış Çimən kəndi böyüməkdə idi.
1918-1920-ci illərin erməni-müsəlman davasının mərkəzlərindən biri olan Aşağı Qarabağlar kəndi böyük dağıntı və itkilərə məruz qalıb, kənd ermənilər tərəfindən işğal olunduqdan sonra əhali doğma yurdundan didərgin düşüb.
Sovet hakimiyyətinin ilk illərində Vətənə dönən Aşağı Qarabağlılar artıq kəndin aşağısındakı geniş düzənlikdə yerləşən Çimən kəndində məskunlaşmağa başlayırlar. Tədricən Aşağı Qarabağlar adı Çimən kəndi adı ilə əvəz olunur. Bu ad da el arasında Çimənkənd şəklinə düşür. Aşağı Qarabağlar kənd adı tarix səhnəsindən beləcə çıxır. Onun xarabalıqları son illərə qədər Çimənkəndin yuxarısında qalmaqda idi.