Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Cıvıxlı kəndi Qaraqoyunlu mahalında, Çəmbərək rayonu ərazisində, Qaraqoyunlu dərəsinin şərqində, Murğuz dağı ilə üzbəüz, Tərsa çayının sağ sahilindən 2-3 kilometr yüksəklikdə, şose yolundan 3 kilometrlik məsafədə meşələrlə əhatə olunmuş bir talada yerləşir.
Kənddə ancaq azərbaycanlılar yaşayıb. Cıvıxlıya yüksələn yolun sağ tərəfində qədim Alban məbədi yerləşirdi.
Çıvıxlının əsl adı Cibiklidir. Zəngəzurda yaşamış, digər adı Çinarlı olan Civikli türk tayfasının adını daşıyır (B.Budaqov, Q.Qeybullayev). Digər versiyaya görə isə kənd öz adını hansısa şəxsin Cıvıx adlı ləqəbindən alıb. Təbii ki, bu sonuncu versiya ilə razılaşmaq mümkün deyil. Qafan rayonunda digər adı Çinarlı olan Cibikli adlı kəndin mövcudluğu da sonuncu versiyanı heçə endirir.
1897-ci ildə kənddə 80 nəfər azərbaycanlı yaşamışdır.
1919-cu ilin yazında erməni quldur dəstələri kəndi dağıdaraq, qanlı qırğınlar törədərək əhalini qovublar. Yalnız bölgədə sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan əhalisi doğma kəndlərinə geri dönüb. 1922-ci ildə kənddə 137 nəfər, 1931-ci ildə 132 nəfər, 1959-cu ildə 290 nəfər, 1970-ci ildə 364 nəfər, 1979-cu ildə 351 azərbaycanlı əhali yaşayıb.
Sovet dövründə Cıvıxlı kəndi Gölkənd sovetliyinin tərkibinə daxil edilib.
1988-ci ildə kənddə 400 azərbaycanlı yaşayırdı ki, onlar da həmin ilin oktyabrında erməni quldur dəstələri tərəfindən sonuncu adamına qədər qovulub, var-dövlətləri bütünlüklə mənimsənilib.
X X X
Qaraqoyunlu dərəsinin başqa kəndləri kimi, Cıvıxlıda da xeyli qədim yerlər var idi. Möhvalların başında nəhəng sal daşlardan hörülmüş zağa buna misal ola bilər. Bu mağaranın içində bir sürünü daldalamaq olardı. Nə vaxt və kimlər o nəhəng daşları qaldırmışdı o dağın başına? Axı, bir kəndin camaatı yığışsaydı, o daşlardan birini qaldırmağa gücləri çatmazdı.
Qırxın yalından Qalaçaya tərəf gələndə Talada yolun üstündə də nəhəng daşlar var idi. Bunlar niyə səpələnib qalmışdı burada?
Nağıyatan qayadan yuxarıda, Çırnoğa atılıb qalmış dəyirman daşı və Nəsir kişinin evi tərəfdən Alının evinə qədər çəkilmiş arx yeri nə vaxtsa burada dəyirman olduğunu təsdiqləyir.
Nə vaxtsa Sarıqaya və Təkərdamından gil daşınıb, Qalaçada saxsı bişirildiyini ehtimal etmək də о qədər çətin məsələ deyil.
Kоr bulaq, Oddaq, Daxan, Təkərdamı, Köhnədağ, Qırxın yalı, Qulunun yurdu, Xırmannar və s. yerlər bu ərazinin barlı-bərəkətli tarixindən xəbər verir.
Ceyran çölü cıvıxlıların qışlağı, Murğuz və Alvız dağları isə yaylaq yerləri olub.
Cıvıxlı kəndinin salınması ilə bağlı belə bir ehtimal var ki, bütün Qaraqoyunlu dərəsi kəndləri kimi, bu kənd də Sasani, Bizans, ərəb, monqol işğalları zamanı dəfələrlə dağıntılara məruz qalmış, yurdun Oğuz övladları doğma yurddan didərgin düşmüşlər. Sonuncu dəfə kəndin məskunlaşması XVIII əsrdə Qaraqoyunlu (gölkəndli) Gödək Mustafa oğlu Cıvığın adı ilə bağlıdır.
Kəndin tayfa və nəsilləri
Mansırlı, Nəbilər, Qocalar, Tatlar, Vəlilər, Kirlilər, Məlikli (Ağdanlı və ya Ağdonlular), Allahyarlılar, Məsimalılar, Məmişli, Alı oğulları, Tağılar, Cahandar, Qaçılar.
21.02.2024, AZƏRTAC