Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Əmirxeyir kəndi Qaraqoyunlu mahalı ərazisində, Çəmbərək rayonunda, rayon mərkəzindən 25 km şimal-qərbdə, Çaykənd kəndindən 5-6 km, Bəryabad kəndindən 3 km məsafədə yerləşir.
Qərbi azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar.
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri“ndə (1727) yaşayış məskəni Gəncə livasının Qaraqaya nahiyəsinin Əmirxeyir kəndi kimi qeydə alınıb. Mənbədə kənddə 2 dəyirmanın olduğu göstərilib. Bundan əlavə, kənddən 19 nəfər qeyri-müsəlmanın 2280 ağça məbləğində ispəncə vergisinə cəlb olunduğu bildirilir. Ümumilikdə isə dövlətin müxtəlif vergilər şəklində kənddən ildə 12 min ağça gəlir əldə etdiyi də həmin dəftərdə qeyd olunub.
Kəndin tarixinin qədimliyini onun ərazisindəki xarabalıq və qəbir qalıqlarının çoxluğu da təsdiq edir. Məsələn, “Kalafalıq” deyilən ərazidə qədim kilsə, dəyirman qalığı, “Çökək yurd” deyilən yerdə qəbiristanlıq, küplər, Divdə, Alacıq daşda, Tik daşda evlər və qəbir qalıqları var idi. Oğuz yurdunda qəbir daşlarının hündürlüyü 2,5 metrə çatırdı. Pir kəndin yaxınlığında Danalıqdan axan çayla Bəryabad çayının qovuşduğu bir talada yerləşirdi. Kənd camaatı həmin piri ziyarət edirdi.
Kəndin tarixi yerlərindən biri də Gülləli (Kərəm qayası) adlanırdı. Qaçaq Kərəmin çar hökumətinin göndərdiyi əsgərlərlə atışdığı qaya idi. Kovxalı yurdu Qazax rayonundakı bir sıra kovxaların yaylaq yeri olub. Ayğır bulağı Soyuqbulaq yaylağının zirvələrinin birində yerləşir, suyu diş göynədən bu bulaq Qaraqoyunlu mahalında ən gur axan bulaq idi. Əfən oğlunun yurdu, Əfən oğlunun talası, Əfən oğlunun bulağı – türk tayfalarının məskunlaşdığı yerlər olub.
1897-ci ildə kənddə 161, 1919-cu ildə 151 azərbaycanlı yaşayıb. 1919-cu il mart ayının axırlarında erməni quldur dəstələrinin Qaraqoyunlu kəndlərinə hücumu zamanı azərbaycanlı əhali düşmənə layiqli müqavimət göstərib. Lakin sonda kəndi tərk etmək məcburiyyətində qalaraq müvəqqəti olaraq Gədəbəy bölgəsinə sığınıb.
Kəndin qaçqın əhalisi bir də bölgədə sovet hakimiyyəti qurulduqdan sonra doğma yurda dönmək imkanı əldə edib. 1922-ci ildə kənddə 132 nəfər, 1926-cı ildə 216 nəfər, 1931-ci ildə 250 nəfər, 1939-cu ildə 295 nəfər, 1959-cu ildə 348 nəfər, 1970-ci ildə 715 nəfər, 1979-cu ildə 714 azərbaycanlı yaşayıb.
1988-ci ildə kənddə 80 təsərrüfatda 500 azərbaycanlı yaşayırdı ki, onlar da həmin ilin noyabrında erməni quldur dəstələri tərəfindən qovulublar.
1991-ci il aprelin 19-da Əmirxeyir kəndinin adı dəyişdirilərək Kalavan qoyulub.
* * *
Hər tərəfdən dağlar və meşələrlə əhatə olunmuş girintili-çıxıntılı bir talada yerləşən Əmirxeyir kəndi Qaraqoyunlu dərəsinin ən səfalı kəndi sayılırdı. Çalmalı, Kovxalı, Hacı Abbas, Gödək Silvi, Qanqallı dağları, Agğır, Novlu, Pir bulaqları dillər əzbəri idi.
Əmirxeyir kəndində 1922-1937-ci illərdə ibtidai məktəb, 1937-1968-ci illərdə yeddillik məktəb, 1969-1988-ci illərdə isə orta məktəb fəaliyyət göstərib. Kənddən 6 elmlər doktoru, 16 elmlər namizədi və 180 nəfər müxtəlif ixtisaslı ali təhsilli kadr çıxıb.
Əmirxeyirlilər əksər aşıq havalarını, dastanlarını əzbər bilirdilər. Hər aşıq Əmirxeyirdə çıxış edə bilməzdi. “Kim aşıqlıq sənətindən imtahan vermək istəyirsə Əmirxeyir kəndinə getsin” – fikri Qaraqoyunluda bir xalq məsəlinə çevrilmişdi.
Kəndin bacarıqlı və qabiliyyətli adamları ehtiyaclarını ödəmək üçün meşə odunlarından kömür istehsal elədilər. Kömürü işlətməkdən ötrü dəmirçixanalar yaratdılar, mal və camış gönlərini aşılayaraq körük hazırladılar. Heç bir kəsin köməyi olmadan dəmiri qızdıran, əridən körükxanalar yaratdılar. Kənddə 3 dəmirçixana və 3 nalbənd qurğusu quraşdırıldı.
İlk illərdə Qaraqoyunlunun bütün kəndlərində su dəyirmanları inşa edildi. Əmirxeyirlilər Baxşəli və Qulu Ağamalı oğlu, Veyis Niftalı oğlu və Şirin Kamal oğlunun dəmirçixanaları hesabına heç yerə getmədən öz ehtiyaclarını ödədilər. Onlar 1930-cu illərə qədər fərdi təsərrüfatda və 1930-cu illərdən sonra kollektiv təsərrüfatda çalışdılar.
Ümumi sahəsi 25 kvadrat kilometr olan, meyvə bağları ilə əhatə olunmuş kəndin əhalisinin əsas məşğuliyyəti əkinçilik (buğda, arpa, kartof), bağçılıq (alma, armud, gavalı), arıçılıq, ovçuluq, xalçaçılıq idi.