Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Gölkənd kəndi Qaraqoyunlu mahalı ərazisində, Çəmbərək rayonunda, rayon mərkəzindən 20 km cənub-qərbdə, rayon mərkəzini Dilican və Karvansara şəhərləri və Azərbaycan Respublikasının Qazax və Ağstafa rayonları ilə birləşdirən şose yolunun üstündə, Tərsaçayın sağ sahilində, Murğuz və Cantəpə dağlarının ətəyində yerləşir.
Kənddə 1988-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıblar.
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri“ndə (1727) bu yaşayış məskəni Gəncə livası Qaraqaya nahiyəsinin Gülkənd kəndi kimi qeydə alınıb, eləcə də kəndin Çaykənd kəndinin yaxınlığında yerləşdiyi göstərilib. Bundan əlavə, kənddən 32 nəfər qeyri-müsəlman əhalinin 3840 ağça məbləğində ispəncə vergisinə cəlb olunduğu qeyd edilir. Dövlətin müxtəlif vergilər şəklində kənddən ildə 20 min ağça gəlir əldə etdiyi də həmin mənbədə bildirilir. Verginin bu qədər çoxluğu isə kəndin böyük olduğunu təsdiq edir.
1831-ci ildə kənddə 357 nəfər, 1873-cü ildə 1567 nəfər, 1886-cı ildə 2157 nəfər, 1908-ci ildə 1555 nəfər, 1914-cü ildə 1866 nəfər, 1916-cı ildə 1486 nəfər, 1919-cu ildə 1376 nəfər azərbaycanlı yaşayıb.
Kəndin ikinci adının Qaraqoyunlu olmasını Z.Qorqodyan özünün məşhur “1831-1931-ci illərdə sovet Ermənistanının əhalisi” əsərində qeyd edib. S.Əsədov, İ.Bayramov, H.Rəhimoğlu da bunu təsdiqləyiblər. 1886-cı ilin statistik məlumatında da bu faktın təsdiqini görürük. Həmin statistik məlumatda kəndin adı Yelizavetpol quberniyasının Qazax qəzasının Dilican nahiyəsində Qaraqoyunlu kəndi kimi qeydə alınıb. Kənddə 255 təsərrüfatda 2157 nəfər (1258 kişi, 899 qadın) azərbaycanlının yaşadığı göstərilib. Onlardan 31 nəfəri ruhani ailələrinin üzvləri olub.
1919-cu ildə kənd erməni quldur dəstələri tərəfindən dağıdılıb, əhalisi ata-baba yurdundan didərgin düşərək Azərbaycanın yaxın rayonlarında məskunlaşıb. Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra gölkəndlilər geri dönərək kənddə yenidən məskunlaşıblar.
1922-ci ildə kənddə 1015 nəfər, 1926-cı ildə 1055 nəfər, 1931-ci ildə 1279 nəfər, 1959-cu ildə 1123 nəfər, 1970-ci ildə 1880 nəfər, 1979-cu ildə 2002 nəfər azərbaycanlı yaşayıb.
Gölkənd kəndinin ərazisində “Uzungöl”, “Göygöl”, “Çatalgöl” və “Tağıların gölü” adlı dörd göl var idi. Bu göllərdən üçü kəndin arasında yerləşirdi. Evlər “Uzungöl” boyu sıralanmışdı. Göllərin arasındakı yer “Gölünarası” adlanırdı. Göllərdə külli miqdarda zəli yetişirdi. Bu göllər nə artır, nə azalır, həmişə eyni səviyyədə qalırdı.
1937-ci ildə Gölkənd kəndi Dilican rayonunun tabeliyindən çıxarılıb yeni təşkil olunmuş Çəmbərək (Krasnoselo) rayonuna verilib.
Ümumi sahəsi 55 kvadratkilometr olan Gölkənd camaatının əsas fəaliyyət sahəsi əkinçilik, bağçılıq və heyvandarlıq olub.
1988-ci il noyabrın sonlarında kənd növbəti və sonuncu dəfə ermənilərin soyqırımına məruz qalıb. Əhali zorla qovulub kənddən çıxarılıb. Bu vaxt, yəni 1988-ci ildə kənddə 470 təsərrüfatda 2700 nəfər (1350 nəfər də kənddən kənarda yaşayırdı) azərbaycanlı əhali yaşayırdı. Həmin günlərdə kənd sakini Cahan Qocayev ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.
1991-ci il aprelin 19-da Gölkənd kəndinin adı ermənilər tərəfindən dəyişilərək Ayqut qoyulub.
* * *
Gölkənd kəndinin nəinki bölgə, bütün Cənubi Qafqaz üçün böyük əhəmiyyət kəsb edən çox qədim tarixi vardır. Öncə xatırladaq ki, rus arxeoloqu M.V.Nikolski 1893-cü ildə Qərbi Azərbaycan ərazisinə səyahət edib, Göyçə gölünün sahilində qədim yazıları araşdırıb, Gölkənd kəndinin yaxınlığında tapdığı yazıların e.ə. VIII yüzilə aid olduğu fikrini irəli sürüb. Həmin daş kitabələrdə Urartu şahı I Rusanın (e.ə 730-714-cü illər) bu yerlərdə 23 ölkəni, o cümlədən İrəvan ölkəsini zəbt etdiyindən bəhs olunurdu.
Kəndin örüşündə də bir sıra tarixi abidələr, qədim yer-yurd adları ilə bağlı ziyarətgahlar var idi. Gölkənddən yuxarıda, kəndin ən uca zirvəsində, Murğuz dağının ətəyindəki düzənlikdə “Ağcaqala” adlı qədim qala yerləşirdi və bu qalanın divarları son zamanlara qədər qalırdı. Bu qala divarları özünün arxitekturası ilə xeyli dərəcədə Bakının İçərişəhər qala divarlarını xatırladırdı.
Kəndin ərazisində “Qazandüşən” adlı sahə var idi. Deyilənə görə, vaxtilə burada “Qazandüşən” adlı qala da olub. Heç şübhəsiz, Qazandüşən adı Oğuz türklərinin tarixi ilə bağlıdır. Bəzi mənbələrə görə, bu yer keçmişdə “Dədə Qorqud”dakı Qazan xanın yaylaq yeri olub. Toponim də onun adı ilə Qazan xanın dayandığı, düşərgə saldığı, düşdüyü yer anlamında “Qazandüşən” adını alıb.
“Tayaqaya” adlanan hündür bir qayanın üstündəki tarixi abidə də maraq doğururdu.
1980-ci ilin ortalarında Gölkəndin ətəyində də böyük bir qala aşkar edilmişdi. O vaxt İrəvandan tökülüşüb gələn erməni arxeoloqları qaladan tapılmış yazılı daşları yığıb İrəvana aparmışdılar.
29.01.2024, AZƏRTAC