Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Qaraqaya kəndi Qaraqoyunlu mahalı ərazisində, Çəmbərək rayonunda, rayon mərkəzindən 27 kilometr məsafədə, Salah kəndindən 3 kilometr aralıda, Dilican-Mixaylovka şose yolunun kənarında, Tərsa çayının sol sahilindəki vadidə, yaylaqların və kiçik təpələrin ətəyində yerləşir.
Qərbi azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Qaraqaya kəndi Qaraqoyunlu dərəsində ən kiçik kənd olub.
Maraqlıdır ki, “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə (1727) Qaraqoyunlu dərəsi Gəncə livasında Qaraqaya nahiyəsi qeydə alınsa da, bu dərədə yerləşən Göyərçin, Darılıq, Ağkilsə, Vəng, Polad, Xəlilkənd, Əmirxeyir, Ağcaqala, Gölkənd, Çaykənd və s. kəndlər sırasında ayrıca Qaraqaya adlı kəndə rast gəlmirik.
Qaraqaya kəndi 1828-ci il Türkmənçay müqaviləsindən sonra Gəncə quberniyasının Qazax qəzasının Dilican nahiyəsinin, 1920-1937-ci illərdə Dilican rayonunun, 1938-ci ilin yanvar ayından 1988-ci ilə qədər isə Çəmbərək rayonunun tərkibində olub.
Qaraqaya kəndində 1897-ci ildə 215 nəfər, 1904-cü ildə 248 nəfər, 1914-cü ildə 265 nəfər, 1916-cı ildə 316 nəfər, 1919-cu ildə 425 nəfər azərbaycanlı əhali yaşayıb.
1919-cu ildə kənd erməni quldur dəstələrinin hücumlarına məruz qalıb və əhali Azərbaycanın müxtəlif rayonlarına səpələnib, yalnız bölgədə sovet hakimiyyəti qurulduqdan son əhalinin az bir hissəsi öz doğma yurduna qayıdıb. 1922-ci ildə kənddə 170 nəfər, 1926-cı ildə 169 nəfər, 1931-ci ildə 205 nəfər, 1959-cu ildə 376 nəfər, 1970-ci ildə 423 nəfər, 1979-cu ildə 338 nəfər, 1987-ci ildə 350 nəfər azərbaycanlı əhali qeydə alınıb.
1988-ci ilin noyabrında kənddə yaşayan bütün azərbaycanlı əhali erməni quldur dəstələri tərəfindən qovulub. Həmin hadisələr haqqında kənd sakinləri İsa İsgəndərov və Baxşəli Abdullayev yazırlar: “Noyabrın 25-də bizi zorla kənddən çıxardılar, ev əşyalarımızı götürməyə də imkan vermədilər”.
Kəndin ilk məskunlaşma tarixi XV əsrin sonu – XVI əsrin əvvəllərinə təsadüf edir.
Kənd sovetləşmədən əvvəl Çaykənd kovxalığının tərkibində olub, sovet dövründə bir müddət Çaykənd sovetliyində fəaliyyət göstərib, ötən əsrin 80-ci illərinin sonlarında isə özü müstəqil sovetlik olmaqla, 4 kilometr məsafədə yerləşən Yanıqpəyə (Meşəkənd) kəndini də əhatə edib.
Qaraqaya kəndinin ümumi sahəsi 8,5 kvadrat kilometr idi. Burada təsərrüfatın əsasını heyvandarlıq, tütünçülük təşkil edirdi. Kənddə səkkizillik məktəb, rabitə şöbəsi, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərirdi.
1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilərək Dzoravank qoyulub.
* * *
Salah kəndinin Tərsa çayı üzərindəki körpüsündən magistral yolla Çəmbərək istiqamətində üzü dağlara tərəf getdikdə növbəti kənd Qaraqayadır. Kəndə girmək üçün Tərsa çayın üstündə salınmış körpüdən keçmək lazım idi. Körpüdən keçdikdə qarşı tərəfdə başı dağlara söykənən gözəl bir dərə də görünür. Həmin dərə ilə gedən yol Yanıqpəyə kəndinə aparırdı.
Kəndin başlanğıcı Arıq cələdən başlayıb Sümüklü və Həsənin bağı deyilən yerdə qurtarırdı. Altmış evdən ibarət olan Qaraqaya kəndi nə qədər kiçik olsa da, tarixi şəxsiyyətlərin, mərd və igid insanların vətəni kimi tanınıb. Kəndin şimal və şərqində qayalıqlar üstünlük təşkil edir, qərbində isə əkin sahələri və meşələr Yanıqpəyə kəndinə qədər uzanırdı. Kəndin şərq hissəsində qaratikan, itburnu, zirinc kolları, üstünlük təşkil edən dağdağan, təkəm-seyrək palıd, göyrüş və boyaq ağacları bitirdi. Ondan yuxarıda isə Taxtalar, Uzun Güney, Muncuqlu yaylağı və Boz dağ yerləşirdi. Boz dağın zirvəsi səmalara dirənmişdi, onun zirvəsi həmişə duman və çənlə örtülü olardı.
Kəndin otlaq və əkin sahələri həm quzeydən, həm də güneydən Çaykənd kəndinin ərazisi ilə həmsərhəd idi. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, bostançılıq, bağçılıq, heyvandarlıq, arıçılıq olub. Kənddə dəyirman, səkkizillik məktəb, klub, kitabxana, poçt məntəqəsi, sovetlik, tibb məntəqəsi və səkkizillik məktəb fəaliyyət göstərirdi.
Kənddə 1937-ci ilə qədər ibtidai məktəb, 1937-1988-ci illərdə isə yeddiillik və səkkizillik məktəb fəaliyyət göstərib.
1937-1942 və 1968-1988-ci illərdə məktəbin məzunları orta təhsillərini Çaykənd məktəbində başa vururdular.
Azərbaycanda tanınmış yazıçı Nəsib Əfəndiyev Xalq şairi Səməd Vurğunla bərabər 1923-cü ildə gənclərin komsomola qəbul edilməsi işində Qaraqoyunlu və Göyçə kəndlərində faydalı işlər aparıb.
Kəndin ilk məskunlaşmış tayfaları Qarabığlı, Zəryarlı, Namazalılar, Qaramanlılar, Löymanlar, Hacıçodarlılar olub. Bu tayfaların bir hissəsi ərazinin köklü sakinləri olsalar da, digər qismi, əsasən, Türkiyədən və Azərbaycanın Qazax rayonundan gəlmişlər. Kənd əhalisi 1905-ci ildə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, nəhayət, 1988-ci ilin noyabrında erməni millətçiləri tərəfindən deportasiya və soyqırımına məruz qalmış, onların mülkləri erməni quldurları tərəfindən hər dəfə dağıdılmış və talan edilib.
5.2.2024, AZƏRTAC