Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Toxluca kəndi Göyçə mahalının Çəmbərək rayonunda, Göyçə gölündən 5 kilometr şimalda yerləşir. Bu kənd rayon mərkəzindən sonra Çəmbərəkdə ən böyük yaşayış məntəqəsidir.
Qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar.
“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Dərəçiçək nahiyəsinin “Toxluca kəndi və Söyüdlü məzrəsi” kimi qeydə alınıb.
İvan Şopen öz qeydlərində (1831) buranı İrəvan əyalətinin Göyçə mahalının Toxluca kəndi kimi yazıb, orada 296 nəfər (177 kişi, 119 qadın) azərbaycanlının yaşadığını göstərib.
1873-cü ilin statistik məlumatlarında İrəvan quberniyasının Yeni Bayazid qəzasının Göyçə gölü nahiyəsinin Toxluca kəndi kimi siyahıya alınıb, kəndin Göyçə gölü yaxınlığında, Əyriçayın kənarında yerləşdiyi və orada 466 nəfər (263 kişi, 203 qadın) azərbaycanlının yaşadığı qeyd edilib.
1886-cı ilin kameral siyahıyaalmasına görə isə İrəvan quberniyasının Yeni Bayazid qəzasının Məzrə nahiyəsinin Toğluca (Toxluca) kəndində 681 (373 kişi, 310 qadın) azərbaycanlı yaşayıb, onlardan 16 nəfəri (7 kişi, 9 qadın) bəy ailəsi üzvləri olub.
Kənddə 1897-ci ildə 935 nəfər, 1914-cü ildə 1373 nəfər, 1916-cı ildə 1330 nəfər, 1919-cu ildə 1199 nəfər azərbaycanlı yaşayıb.
1919-cu il mart ayının axırlarında erməni quldur dəstələri kəndə hücum etdilər. Toxluca igidləri Topal Orucun başçılığı ilə düşmən hücumlarına mətanətlə sinə gərdilər. Quldur dəstələrinin arası kəsilməyən hücumları səbəbindən əhali doğma yurdu tərk etməyə məcbur oldu. Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra əhali geri qayıtdı.
1922-ci ildə kənddə 1176 nəfər, 1926-cı ildə 1403 nəfər, 1931-ci ildə 1723 nəfər, 1970-ci ildə 2415 nəfər, 1979-cu ildə 2632 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildə kənddə 3179 azərbaycanlı əhali yaşayırdı ki, onlar da noyabrın sonunda rayonun erməni rəhbərliyinin təşkilatçılığı ilə erməni quldurları tərəfindən sonuncu nəfərinə qədər qovulub kənddən çıxarıldılar. O zaman rayon mərkəzindəki 18 nömrəli Yol-Tikinti İdarəsinin, Başkənd xalça fabrikinin filialları bu kənddə fəaliyyət göstərirdi. Kənddəki böyük orta məktəb binası, məişət xidməti emalatxanası, aptek, rabitə şöbəsi, mədəniyyət evi, ATS və digər inzibati və təsərrüfat binaları da əvəzi ödənilmədən ermənilərə qaldı.
Sovet dövründə kənd Toxluca sovetliyinin mərkəzi olub.1991-ci il aprelin 19-da kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Draxtik qoyulub. Kəndin əsl adının Tukluca olduğu, qıpçaqların tuk tayfasının adını əks etdirdiyi barədə elmi fikir mövcuddur (Budaq Budaqov, Qiyasəddin Qeybullayev). Eyni zamanda, toponimin Azərbaycan dilində “dağlıq yer” anlamında olan “dağlıqca” sözünün fonetik forması əsasında əmələ gəlməsi fikri (İbrahim Bayramov) də var.
XIX əsrin ortalarında kəndin Dərəyurd, Düzyurd, Taxça, Əyricə, Dərəkom, Ayıdərəsi, Quzey, Xırmanlı, Kərəmbiçən, Qurdlubulaq, Kirkitlidağ, Biçənək adlı qışlaqları olub.
X X X
Toxluca kəndi üç tərəfdən Ocaq dağı, Kirkitli dağı və Çal dağı ilə əhatə olunub. Çal dağının başından baxanda kənd, təpələr, dərələr, yamaclar, örüşlər, cığırlar, çaylar, yollar ovuc içi kimi görünürdü.
Kəndin bünövrəsinin İslam sivilizasiyasının Qafqazda təşəkkülü dövründə – VII əsrdə qoyulması ehtimal olunur. Bununla belə, kənd dəfələrlə dolub-boşalıb. Kəndin bünövrəsinin sonuncu dəfə XIX əsrin əvvəllərində İrəvan xanlığının çar Rusiyası tərəfindən işğalından sonra qoyulduğu ehtimal olunur. Bir varianta görə, kəndin bünövrəsini qoyan Bala Sultan Dərələyəzin Qılınclı kəndindən olub, çünki bu nəsil sonralar Qılınclı adı ilə tanınıb. İkinci varianta görə isə, Bala Sultan Vedibasar mahalının məşhur Şadlılar tayfasından olan və çar ordusunda böyük xidmətləri olan məşhur Bala Sultan Şadlinskidir və bu ərazilər ona çar hökuməti tərəfindən bağışlanmış, o da tarixi kəndi təzədən bərpa etmiş, məskunlaşdırmışdı. Burada əsasən Vedibasar mahalının dağlıq (Qarabağlar) hissəsindən, Borçalı ellərindən, Kəvərdən, eləcə də Dərələyəzin Qozluca, Qazağın Dəmirçilər və Göyçə mahalının digər kəndlərindən köçüb gələn tayfalar yaşamışlar.
Kəndin qədimliyinə dəlalət edən faktlardan biri də ərazisindəki oğuz qəbirləridir. Kənd sakini Cəfər Əli oğlu 1936-cı ildə kəndin yuxarısında, Çal dağının ətəyində ev tikəndə özüldən çıxan qəbirlər, qəbir daşları, boyu uzun insan skeletlərinin qalıqları kəndin qədimliyinin və oğuz türklərinə mənsubluğunun sübutu idi. Ərazidə alban abidələrinin qalıqları da son vaxtlara qədər dururdu.
13.03.2024, AZƏRTAC