
Bakı Slavyan Universitetində “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycanla bağlı elmi araşdırmaların mövcud vəziyyətini, metodoloji problemləri, mənbələrin sistemləşdirilməsi ilə bağlı çağırışları və tədqiqat perspektivlərini akademik müstəvidə müzakirə etmək olub. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışından irəli gələn məsələlərə dair elmi müzakirələrə həsr olunub. Dövlətimizin başçısının AMEA-nın yubiley tədbirində vurğuladığı kimi, Qərbi Azərbaycan mövzusu müasir Azərbaycan elminin prioritet istiqamətlərindən biridir və bu sahədə sistemli, elmi əsaslara söykənən tədqiqatların genişləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyi münasibətilə çıxışında süni intellekt, Vətən müharibəsinin tarixi, Qarabağa və Şərqi Zəngəzura qayıdış, milli kimlik, Azərbaycan tarixi, Azərbaycan dili, Qərbi Azərbaycan məsələləri kimi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən mövzuları bir daha alimlərin, təhsil işçilərinin və ictimaiyyətin diqqətinə çatdırıb. Çünki bu məsələlər Azərbaycanın milli kimliyini, dövlətçilik mahiyyətini və gələcək inkişaf istiqamətlərini özündə əks etdirir.
Rektor bildirib ki, Prezidentin çıxışları ölkəmizin bu günü və gələcəyi, həmçinin elmin və təhsilin inkişafı üçün strateji yol xəritəsi rolunu oynayır. Bu baxımdan, Bakı Slavyan Universitetində Qərbi Azərbaycanla bağlı tədqiqatların stimullaşdırılması mexanizmi təsdiq edilib, elmi şuranın qərarı ilə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş dərslik və monoqrafiyaların mükafatlandırılması qaydasının tətbiqinə başlanılıb. Universitet bu istiqamətdə elmi araşdırmaların, tədrisin və beynəlxalq səviyyədə təbliğatın sistemli şəkildə həyata keçirilməsi üçün ardıcıl fəaliyyət göstərir.
A.Nağıyev vurğulayıb ki, BSU-da Qərbi Azərbaycan Tədqiqat Mərkəzi yaradılıb, mövzu üzrə dərsliklər və fənn proqramları hazırlanır, magistratura səviyyəsində yeni fənlər tədrisə daxil edilib. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası universitetdə tədris olunan bütün dillərə tərcümə edilərək müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir. Özbəkistan, Bolqarıstan, Polşa və digər ölkələrdəki tərəfdaş qurumlar vasitəsilə Qərbi Azərbaycan həqiqətlərinin təbliği üçün xüsusi guşələr və təqdimatlar təşkil olunub. Həmçinin “Azərbaycançılıq və onun aktual məsələləri” adlı ənənəvi konfrans çərçivəsində Qərbi Azərbaycanla bağlı xüsusi panel müzakirələri keçirilir.
Rektor qeyd edib ki, Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycana qayıdış bizim tarixi, hüquqi və mənəvi haqqımızdır. Bu məsələyə elmi əsaslarla yanaşmaq, onu obyektiv şəkildə təqdim etmək və düzgün kommunikasiya strategiyası formalaşdırmaq olduqca vacibdir. Bugünkü görüşün məqsədi də məhz bu istiqamətdə müzakirələri dərinləşdirmək, yeni elmi nəticələr ortaya qoymaq və Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədrisinə və təbliğinə töhfə verməkdir.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin, xəritələrin geniş auditoriyalara çatdırılması strateji zərurətdir. Tarixi mənbələrin toplanması, xəritələrin elmi əsaslarla təqdim edilməsi və beynəlxalq səviyyədə təbliği qarşıya qoyulan əsas vəzifələrdəndir. O qeyd edib ki, baş verən proseslər fonunda həm dövlət qurumlarına, həm ictimai təşkilatlara, həm də ali təhsil müəssisələrinə mühüm vəzifələr düşür. Qərbi Azərbaycan İcması da bu istiqamətdə üzərinə düşən missiyanı həyata keçirməkdə davam edir.
Tədbirdə çıxış edən akademik Abel Məhərrəmov gənclərin tarixi həqiqətlərin dərindən öyrənilməsi və təbliği istiqamətində mühüm rola malik olduğunu vurğulayıb. Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında Qərbi Azərbaycanla bağlı məsələlərin elmə gətirilməsinin vacibliyini qeyd edib. ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova (Nağıqızı) isə Qərbi Azərbaycan istiqamətində görülən işlərin BSU tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdıraraq tarixin erkən yaşlardan öyrənilməsinin, toponimlər üzrə geniş araşdırmaların aparılmasının və orta məktəblərdə açıq dərslərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu, tarixçi-alim Səbuhi Hüseynov, deputat və BSU-nun Roman-german dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, ADPU-nun professoru Fərrux Rüstəmov, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və “QHT.az” platformasının sədri Cəsarət Hüseynzadə, BSU-nun Jurnalistika kafedrasının professoru Şəlalə Həsənova, BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev mövzu ətrafında çıxış ediblər.
Sonra mövzu ətrafında maraqlı müzakirələr aparılıb və əldə edilən nəticələr yekunlaşdırılıb.
Tədbirin sonunda A.Nağıyev bildirib ki, noyabrın 26-sı filologiya elmləri doktoru, tanınmış dilçi-türkoloq, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyevin doğum günüdür. Rektor əlavə edib ki, görkəmli alimlərin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və fəaliyyətinin gənc nəslə tanıdılması universitetin əsas məqsədlərindən biridir. Bu məqsədlə tədbirdən sonra professorun zəngin elmi fəaliyyətini və həyat yolunu əks etdirən məlumat xarakterli xatirə lövhəsi universitetin foyesində asılıb.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








