Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk-xristian abidələrinə sahib çıxması da məhz XIX yüzildə geniş vüsət alır. Bununla kifayətlənməyən ermənilər özlərininkiləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırlar.
Buna görə də bütün orta yüzillər tarixi mənbələrində “məscid və minarələr şəhəri” kimi qeydə alınan İrəvan şəhərində bu gün yalnız bir məscid qalmaqdadır ki, onu da ermənilər dünya ictimaiyyətinə fars məscidi kimi təqdim edirlər. Neçə-neçə rus generalının başını aşağı endirən, rusların 25 illik fasiləsiz hücumlarına mətanətlə sinə gərən məşhur İrəvan qalasının bu gün izi-tozu yoxdur. Bütün Avropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar Sarayı, onun güzgülü salonu artıq bir nağıldır.
1832-ci ildə İ.Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı: 1) Qala məscidi, 2) Şah Abbas məscidi, 3) Zal xan məscidi, 4) Novruzəli bəy məscidi, 5) Sərtib xan məscidi, 6) Hüseynəli xan məscidi, 7) Hacı İmamverdi məscidi, 8) Hacı Cəfər məscidi və daha dörd məscidin xarabalıqları.
İndi nə o məscidlər var, nə də İrəvan adlı o qədim Türk şəhərində, Qərbi Azərbaycan adlı o qədim Türk diyarında bir nəfər yerli – Türk əhali. 1905, 1918-1920, 1948-1953, 1988-ci illərdə Qərbi Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqırımları bu bölgəni bütünlüklə yadelli ermənilərin işğalı altına salmışdır. Lakin heç bir işğal – işğal altında olan ərazilərin tarixi-etnik mənsubiyyətini, o ərazilərdə minillər boyu yaşamış etnosun izlərini tamamilə silib ata bilməz.
Ə.Ələkbərli “Qərbi Azərbaycan abidələri (Balı, 2007)” kitabından