Ermənistandan sistematik olaraq qovulan azərbaycanlıların vəziyyəti həm hüquqi, həm də sosial-iqtisadi baxımdan ciddi problemdir. Rəsmi məlumatlara görə, 1988-1989-cu illərdə Qərbi Azərbaycan ərazisindən 250 minə yaxın azərbaycanlı zorla deportasiya edilib. Bu proses tarixi, hüquqi və humanitar konvensiyaların pozulması ilə müşayiət olunub.
Tarixi faktlar və zorakı deportasiya
1988-ci ildən etibarən Ermənistan rəhbərliyi etnik azərbaycanlıları Qərbi Azərbaycan ərazilərindən zorla çıxarmağa başlayıb. Bu proses zamanı insanlara psixoloji və fiziki təzyiqlər edilib, evlər yandırılıb, tarixi abidələr məhv edilib. Qərbi Azərbaycandakı azərbaycanlıların 300-dən çox tarixi məscidi dağıdılıb, qəbiristanlıqlar təhqir olunub və Azərbaycanın mədəniyyətini əks etdirən abidələr məqsədli şəkildə məhv edilib. Ermənistanın bu hərəkətləri Soyqırımı cınayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasına və Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına zidd olaraq etnik təmizləmə kimi qiymətləndirilə bilər.
Deportasiya olunanların böyük əksəriyyəti Azərbaycanda qaçqın statusunda yaşayır. Dövlət tərəfindən müəyyən yardımlar göstərilsə də, onların sosial və iqtisadi problemləri tam həll olunmayıb. Qaçqınların məruz qaldığı zorakılıq və köçkünlük onların psixoloji vəziyyətinə uzunmüddətli təsir göstərib.
Qayıdış hüququ və beynəlxalq hüquqi mövqelər
Beynəlxalq hüquqa görə, qovulmuş insanların öz doğma torpaqlarına qayıtmaq hüququ var. Bu hüquq BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi və Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası ilə təmin edilir.
• Azərbaycan hökuməti Qayıdış Hüququnun reallaşdırılması üçün strateji planlar hazırlayır.
• Yenidənqurma planları: Qərbi Azərbaycan torpaqlarına qayıdışı mümkün etmək üçün infrastruktur layihələri, məktəb, xəstəxana və digər sosial obyektlərin tikintisi planlaşdırılır.
BMT, Avropa Şurası və ATƏT kimi qurumlar deportasiya siyasətini və qaçqınların hüquqlarını tanıyan qərarlar qəbul etsələr də, praktiki nəticələr müşahidə edilmir. Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistanın hərəkətlərinin hüquqi qiymətləndirilməsi üçün işlər aparır. Xüsusilə Ermənistanın etnik təmizləmə siyasətinin tanınması və kompensasiya mexanizmlərinin yaradılması əsas hədəflərdəndir.
Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin mərhələli şəkildə qayıdışını təmin etmək üçün genişmiqyaslı layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsasən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları tətbiq olunur. Bu konsepsiyalar enerji səmərəliliyini artıran texnologiyaları, ekoloji dayanıqlılığı və müasir infrastrukturu özündə birləşdirir. Zəngilanın Ağalı kəndi ilk “Ağıllı kənd” layihəsi olaraq artıq məskunlaşdırılıb. Beynəlxalq hüquqi müstəvidə Azərbaycan 2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etdiyi məhkəmə işləri ilə Ermənistanın hərbi cinayətlərinin və etnik təmizləmə siyasətinin hüquqi qiymətləndirilməsinə nail olmağa çalışır. Bu çərçivədə Azərbaycan Ermənistanın 1988-1994-cü illərdə 1 milyondan çox azərbaycanlını öz evlərindən qovduğu faktını sübut etmək üçün konkret sənədlər təqdim edib. Bundan əlavə, 2022-ci ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın qaldırdığı iddialar əsasında Ermənistanın irqçi ritorikasının və hərəkətlərinin dayandırılması üçün müvəqqəti tədbirlər görməyi tələb edib.
Azərbaycan hökuməti, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə əməkdaşlıq edərək qayıdış prosesinin təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsini təmin etməyə çalışır. İnfrastruktur layihələrindən əlavə, minalardan təmizləmə əməliyyatları da prioritet təşkil edir. 2023-cü ilin sonuna qədər azad edilmiş ərazilərdə 80 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın bu ərazilərə qeyri-qanuni məskunlaşdırma siyasətinə görə məsuliyyət daşımağa çağırır. Həmçinin Qarabağdakı tarixi və mədəni irsin dağıdılması ilə bağlı faktlar UNESCO kimi qurumlara təqdim olunaraq beynəlxalq diqqətə çıxarılıb. Bu səylərin məqsədi yalnız keçmişdəki ədalətsizliklərin tanınması deyil, həm də qayıdan məcburi köçkünlərin hüquqlarının tam təmin olunmasıdır.
Qərbi Azərbaycan məsələsi təkcə hüquqi deyil, həm də mədəni və humanitar məsələdir. Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyət bu problemin həlli üçün birgə fəaliyyət göstərməlidir. Bu proses tarixi ədalətin bərpası və gələcək nəsillər üçün mədəni yaddaşın qorunması baxımından strateji əhəmiyyət kəsb edir.
03.12.2024, AZƏRTAC