1987-ci ildə Ermənistanda millətçilik çağırışları günü–gündən güclənir, getdikcə açıq şəkil alırdı.Qarabağın Azərbaycandan qoparılması istiqamətində fəal iş aparılır, törədiləcək təxribatların planı hazırlanırdı. Xaricdə və SSRİ-də olan ermənilər planın icrası üçün böyük vəsait toplamışdılar. Hər bir erməninin bu işdə yüksək səviyyədə iştirakı təbliğ olunurdu. Xüsusilə mətbuat, radio və televiziya işçilərinin çevikliyinə böyük diqqət yetirilirdi.
“Daşnak” partiyası daha fəal mövqedə dayanır, bütün sahələrdə Azərbaycana endiriləcək zərbələrin kompleks planını yayırdı. Moskvadakı qəzet, jurnal və televiziya işçiləri “Qarabağ hadisələri”ndə ermənilərin mövqeyini müdafiə etməyə cəlb olunurdu. Ermənistanın zavod və fabriklərində mitinq mədəniyyəti öyrədilir, ermənilər gələcək döyüşlərə hazırlanırdı. Ermənistan mətbuatı, radio və televiziyası öz millətçi çıxışları ilə erməni xalqını azərbaycanlıların üzərinə hücuma səfərbər edirdi.
Erməni millətçilərinin məsuliyyətsiz çağırışları elə bir səviyyəyə çatmışdı ki, 1987-ci il iyulun 25-də keçirilən Ermənistan KP MK plenumunda K. S. Dəmirçyan öz məruzəsində bu məsələyə xüsusi narahatçılıqla toxunmuşdu: – “Burjua ideologiyasına qarşı ardıcıl və hücumçu mübarizə təşkil etməklə birlikdə bundan sonra da daşnak təbliğatına qəti cavab vermək, onun hər cür təzahürlərinin insanların şüuruna təsir etməsinin qarşısını almaq gərəkdir və millətçilik toxumları yayan daşnak təbliğatına qarşı əks-təbliğatı gücləndirmək gərəkdir. İş o yerə gəlib çatır ki, günün günorta çağı kollektivlərdə yalançı, çağırılmamış mühazirəçilər peyda olur, müxtəlif məktublar üçün imzalar toplayırlar. Onlar təəccüb doğuran şübhəli nəşrlərin üzünü çıxarıb yayırlar”.
Çox təəssüf ki, bu ocağın tüstüsünü Azərbaycan rəhbərliyi görə bilmirdi.
Bəzən ermənilərin dilindən “Qarabağ məsələsi”nin hələ yetişmədiyi eşidilirdi. Çox operativ təşkilatçılıq işi aparan “Qarabağ komitəsi”nin fəaliyyət proqramında olan belə bir müddəanı tez-tez eşitmək olurdu. Danışılırdı ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Siyasi Büronun tərkibindən çıxarılmayınca Dağlıq Qarabağ məsələsi yubadılacaqdır.
1988-ci ilin fevral ayında özülü keçən əsrin əvvəlindən qoyulmuş erməni xəyanətinin daha bir iyrənc variantı ortaya çıxdı. Xəyanətlə birlikdə şər-şamata, böhtan aləmi başına aldı. Əsgəranda qətlə yetirilən iki azərbaycanlının ölümü camaata elan olunana qədər Ermənistan tərəfi dünyaya yaydı ki, Qarabağda ermənilərin hüquqları tapdanır, onlar sıxışdırılır və qırılırlar. Üstünə “beynəlmiləlçilik” sözü yazılmış, qəflət balıncından başını hələ qaldırmamış azərbaycanlılar “atılan topların səsinə” diksindilər. Gözlərini açanda gördülər ki, “suveren torpaq”ların üstündə vertolyotlar şütüyür, küçələrində əlisilahlılar dolanır.
Onda tarixin əqrəbi 1988-ci ilin fevralını göstərirdi. Həmin günlər Ermənistan bir nəfər kimi ayağa qalxdı. Dağlıq Qarabağı “Azərbaycandan qoparmaq” yürüşünə başlandı. Artıq Ermənistanda nümayişlər başlayan dəqiqədən azərbaycanlılara qarşı münasibət tamamilə dəyişmişdi. Gözə görünən azərbaycanlını açıq-aşkar təhqir etməkdən çəkinmirdilər. Vurur, itələyir, söyür, “Ermənistandan rədd ol” deyə üstünə hücuma keçirdilər. Buna isə heç bir inzibati işçi fikir vermirdi. “Kim sənə nə eləyib, yalan danışma”-deyə başlarından rədd edirdilər. Nümayişin gücünü təsdiq edirmiş kimi milis nəfərləri azərbaycanlı kəndlərində guya göyərçin vurmaqla məşğul olur, əslində isə silahını nümayiş etdirirdi. Bir vertolyot isə fevralın 21-dən 25-dək hər gün azərbaycanlılar yaşayan kəndlərin üstündə fırlanırdı. Bunlar əhalini təşvişə salmaqdan ötrü edilirdi.
Ancaq bunlara baxmayaraq televiziyada, radioda və mətbuatda nümayişlərin çox “ağıllı” keçdiyi
iddia olunurdu. Heç bir kəsin mənəviyyatına toxunulmadığı bildirilirdi. Fevralın üçüncü ongünlüyü hər iki respublikanın xalqları üçün olduqca ağır keçirdi. Xüsusilə, Yerevandakı nümayiş günləri Ermənistanda yaşayan azərbaycanlılar üçün ən dözülməz, çətin anlar idi. Bir tərəfdən “Qarabağ bizimdir” çağırışını eşidib dözə bilməmək, digər tərəfdən törədilən sıxıntılar və nəhayət “sizə kim neyləyir” fəlsəfəsi… Bu tədbirlər çox ustalıqla həyata keçirilirdi. Daxilən odla-alovla qarşılaşan azərbaycanlılar, zahirən yalandan “şayiə yayanlar” adı ilə damğalanırdılar. Yerevandakı M. F. Axundov adına orta məktəbin binasına od vurulub tez də keçirilmişdi. Ancaq şayiə yayılmışdı ki, guya məktəbin direktoru Adil Süleymanov özü məktəbə qəsdən od vurmuşdur.
Tez-tez dəstə-dəstə gənclər məktəbin həyətinə toplaşıb azərbaycanlı şagirdlərə sataşırdılar. Erməni dilində “Qarabağ merna” deyə onları təhqir edib, hövsələdən çıxarmağa çalışırdılar. Bir dəfə də belə edərkən məktəbin oğlan və qızları birlikdə Azərbaycan dilində “Qarabağ bizimdir”-deyə cəsarətlə cavab vermiş və döyüşə hazır olanlarla döş-döşə gəlmişdilər.
Bu günlərdə Yerevandakı müsəlman məscidinə də od vurulmuşdu. Qanı götürməyən iki nəfər azərbaycanlı oğlan əllərindəki bıçaqla od vuranların üstünə atılmışdı. Lakin yanğın tez söndürülüb, yanan yerlər düzəldilib rənglənmişdi. Şəhərin küçələrinə azərbaycanlıların çıxması olduqca çətinləşmişdi.
Fevralın 24-də Ermənistan televiziyası ilə çıxış edən I Vazgen erməni xalqını tamamilə itiləyib, məqsədə nail olmağa səslədi. Xaricdən çoxlu məktub aldığını, onların da havadarlığını dönə-dönə xatırladı. Erməni xalqının tarixdə həmişə qeyrətli, qorxmaz xalq olduğunu söylədi. Necə olur-olsun Qarabağ bizim olmalıdır, dedi.
Bu çıxışın səhərisi nümayiş daha da gücləndi. Şayiələr də baş alıb məcrasına sığışmadı. Artıq azərbaycanlı əhali mağazalara çıxmağa, iş dalınca getməyə çətinlik çəkirdi. Nəhayət, fevralın 26-da M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciətini hamı böyük maraqla dinlədi. Müraciətdə hər iki xalq ağıla, kamala çağırılırdı. Əslində Sovet dövlətinin başçısı ermənilərə “Dur!” deməliydi. Ondan ötrü ki, ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün ayağa qalxmışdılar. “Dur” deyilmədi, çünki ssenari müəllifi rus dövlətinin başçıları özləri idi. Müraciət qurtaran kimi televizorun ekranında V. İ. Leninin rolunu aparan artist ermənicə dedi: “Jamanaq aşxaduma mer hoktn”, yəni vaxt bizim xeyrimizə işləyir”.
Bir gün sonra Ermənistan televiziyası ilə çıxış edən şair Silva Kaputikyan erməniləri şirnikləndirib qana çağırdı. Təkəbbürlü və lovğa bir əda ilə baş katiblə bir saat beş dəqiqəlik görüşlərini və M. S. Qorbaçovun onlara “mənim erməni xalqına böyük hörmətim var. Təmkinli hərəkət edin, hər şey yaxşı olacaq”, – deyə verdiyi ümid dolu sözləri ermənilərə çatdırdı. Sonra da qeyd etdi ki, “uzun illərdən bəridir ki, Azərbaycan rəhbərliyi və alimləri bizi başa düşmək istəmirlər. Biz öz halal torpağımızı (görəsən bu bədnam şair hansı “halal torpaqdan” danışırdı? Məgər bugünkü Ermənistan qədim oğuz-türk yurdu olan İrəvan xanlığının ərazisi deyilmi? tələb edirik. Daha səbrimiz qalmayıb. Bu gün nümayişlərdə iştirak edən oğullarımıza baxıb fəxr edirəm. Biz onlarla birlikdə hər şey edə bilərik”.
Ermənistanda yaşayan Azərbaycan türklərinin başına minbir oyun açılmaqda davam edilirdi. Qafandakı fitnəkarlıqların məqsədi Azərbaycanda emosiyalara təkan verməkdən ibarət idi. Sumqayıt hadisəsi də beləcə yarandı, hadisələri video-kasetlərə almaq hazırlığı əvvəlcədən aparılmışdı. İş o yerə çatdı ki, erməni evlərinə gəncləri çəkib aparan ermənilər oldu. Qriqoryan adlı birisi yeddi nəfər erməninin öldürülməsində iştirak etmişdi…
Mart ayının 3-dən etibarən Ermənistanda gərginlik daha da dərinləşdi. Kəndlərə silahlı basqınlar
başlandı. Müqavimət göstərməyə, öz şərəfini qorumağa cəhd edən azərbaycanlılar dərhal həbs olunurdular. Ermənilər isə əlisilahlı cövlan edirdilər. Onsuz da on ildən bəri idi ki, azərbaycanlıların silahı yığılır, hətta ovçular cəmiyyətinə də üzv yazıla bilmirdilər.
İqtisadi blokada getdikcə ciddi xarakter alırdı. Kəndlərə ərzaq məhsulları göndərilmir, pal-paltar
almaq üçün heç yana çıxmağa imkan verilmirdi. Xəstəxana, məişət xidməti tamamilə dayandırılmışdı. Bir sözlə, camaat ev dustağına çevrilmişdi.
İrəvanın beş addımlığında olan Masis (Uluxanlı) rayonunun camaatı böyük müsibətlə üzləşməli
olmuşdu. Bir milyonluq şəhər camaatı ilə döş-döşə durmaq, özü də əliyalın mübarizə aparmaq o qədər də asan deyildi. Erməni millətçiləri rayonun əkin sahələrinə neft məhsulları tökərək əkini korlayır, yollarda ələ keçəni döyüb ölümcül hala salır, aramsız hücumlar təşkil edərək təhlükəni artırırdılar. Belə bir vəziyyət hərbçilərin gözü qabağındaca törədilir, nəticədə bir cinayətkar cəzalandırılmırdı. Buna baxmayaraq, gecəsi-gündüzü olmayan zəngibasarlılar cəsarətlə müdafiə olunurdular.
Azərbaycanda qarışıqlıq salmaq üçün, ilk növbədə, Ermənistandakı azərbaycanlılara divan tutmaq əsas məsələlərdən biri idi. Heç təsadüfi deyildi ki, mart ayında ilk kütləvi qaçqınlar yarandı. Bakıda rəsmi idarələrin, MK və Nazirlər Soveti binalarının önü qaçqınlarla dolu idi. Moskvanın nümayəndələri Bakıya gəlib yağlı vədlər verir, onların qayıtmasını məsləhət görür və əmin-amanlıq yaradacaqlarından danışırdılar. Qaçqınların məsələsini həll etmək əvəzinə, onları avtobuslara doldurub Ermənistan sərhədlərinə yola salır, yenidən od içinə atırdılar.
Ermənilərin rəsmi dövlət və partiya rəhbərləri, milis işçiləri isə əllərində silah azərbaycanlılara divan tuturdular. Mayın əvvəllərində Vedibasarda vəziyyət lap gərginləşdi. Aydın məsələ idi ki, təlatüm dalğası yaxınlaşmaqdadır və nə vaxtsa bu qədim torpağın əsl sahiblərini bürüyəcəkdir. Açıq hiss olunurdu ki, öz avantürist hərəkətlərini cilovlamaqdan uzaq olan ermənilər qan axıtmalı olacaqlar. Nəhayət, may ayının 11-də Şirazlı hadisəsi düşünülmüş tərzdə həyata keçirildi. Yüzlərlə erməni gənci əlindəki daş-kəsək və dəmir parçası ilə şirazlıların üstünə hücuma keçdi. İllərlə qonşuluq etmiş, duz-çörək kəsmiş ermənilər indi utanmadan azərbaycanlı evlərini daşa-kəsəyə basır, evləri dağıdır, adamları döyür və öldürürdülər. Kəndin azərbaycanlılar yaşayan məhəllələrinə tərəf irəliləyən xüsusi hazırlanmış dəstələr viranedici zərbələr endirirdilər. Bu xəyanət torpaq iddiasına düşmüş ermənilərin başlanğıc akkordları idi.
Həmin gün kəndin hörmətli adamlarından olan Ağamir Əsədovun evi “daş-dəmir yağışına” məruz qaldı. Təxminən 150-200 adam eyni vaxtda evin üstünə daş-kəsək çırpırdı. Belə bir vəziyyətdə 18 yaşlı Dilbər köməyə yetdi. O, evdən qoşalüləni götürüb özünü həyətə atmağı ilə nişan almağı bir oldu. Anası Kövsər xanım çatıb tüfəngin lüləsini bir anlığa yuxarı qaldırdı. Qasırğa kimi qəfildən qopan bu fəlakət nəticəsində Ağamirin əmisi İqbal Miryaqub oğlu Nağıyev aldığı ağır zərbədən keçinmiş, Əkbər adlı kişinin ikiaylıq uşağı ayaq altda çığnanmışdı. İqbal ağanı Şidli kəndinin qəbiristanlığında dəfn edən şirazlılar Türkiyənin sərhədinə toplaşmalı oldular.
İyun ayının 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası keçirilməli və bu sessiya Azərbaycan SSR Ali Sovetindən Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsi barədə “xahiş” etməli idi.
Artıq səbri tükənmiş xalq məngənə arasında olsa da hayqırmağa hazırdı. Həmin gün Göyçə mahalında ermənilərin son dərəcə yaramaz hərəkətlərinə qarşı azərbaycanlılar öz etiraz səslərini qaldırmalı oldular. Krasnoselo rayonunun Şorca və Gölkənd kəndlərində on min əhalinin mitinqi keçirildi. Səhərisi gün Basarkeçər rayonunun Şişqaya və Nərimanlı məntəqələrində də azərbaycanlılar mitinqlərə çıxdılar. Bu vaxt mitinqlərdə iyirmi min adam iştirak edir və erməni millətçilərinə, xüsusilə respublika rəhbərliyinə qarşı qəzəblərini bildirir, bir çox tələblərlə birlikdə Göyçə mahalına muxtariyyət tələb edirdilər. Mitinqdəki çıxışlar ermənilər üçün gözlənilməz idi. Azərbaycanlılar aşagıdakı şüarlarla çıxmışdılar:
Qarabağ Azərbaycanındır!
Torpaqdan pay olmaz!
İndiki Ermənistan Azərbaycan torpaqlarıdır!
Eşq olsun Azərbaycana!
Göyçə mahalına muxtariyyət!
Çıxıçlarda deyilirdi: – Göyçə oğuz yurdudur, bu torpaqda erməni yaşamamışdır. Siz minbir kələklə bu müqəddəs torpağı Ermənistan xəritəsinə qatdırmısınız. Gün gələcək ki, haqq qələbə çalacaq. Məsmə Abbasova adlı qadının odlu çıxışı uzun müddət mitinq iştirakçılarının qulağından getmədi:
“Mən bütün övladlarımı ölümə verərəm, ancaq Qarabağın bir daşını yada vermərəm!”
Təəssüf ki, yenə də arxasızlıq nümayişçiləri həm ruhdan salır, həm də Azərbaycan hökumətinə olan inamı itirirdi. Radio və televiziyada azərbaycanlıların ünvanına böhtan yağdırmaqdan usanmırdılar. İyulun 4-də Ermənistan televiziyası ilə çıxış edən bir nəfər erməni görkəmli Azərbaycan yazıçısı Anar haqqında güclü iftiraya keçdi. Hər cür şər-şamatadan sonra məqsədi bu oldu ki, Anar azərbaycanlıları oyadır! Deməli, Anarın “təqsiri” öz millətini oyatması idi! Deməli, Anar ermənilərin başladıqları “haqq işə” mane olur! Qəribə məntiqdir. Hətta çıxış edən daşnakın fikrincə, Anar bu əməlinə görə cavab verməlidir.
İyul ayının 20-də İcevan rayonunun Alaçıqqaya kəndində iyirmi iki yaşlı, iki uşaq anası Tahirə Fərhad qızı Orucova erməni terrorçuluğunun qurbanı oldu. Səbəb o idi ki, Tahirənin atası Fərhad iki gün əvvəl ermənilərə deyib ki, iyulun 18-də keçiriləcək SSRİ Ali Sovetinin iclası Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etdiyi təqdirdə qurban kəsəcəyəm.
Bu sözdən kinlənmiş ermənilər Fərhadı öldürmək qərarına gəlirlər. Onun evinin ətrafında hərlənir və onu görə bilmirlər. “Əliboş” qayıtmamaq məqsədilə Tahirəni güllə ilə vurub iki körpəsinin arasında yerə sərirlər. Həmin günlərdə Krasnoseloda iki azərbaycanlı qadın maşınla vurdurulur.
1988-ci ilin sentyabr, oktyabr aylarında erməni millətçiləri ardı-arası kəsilməyən mitinqlər keçirir, türklərin çıxarılmasını tələb edirlər. Evlərə od vurulur, adamlar işgəncə ilə öldürülür, qadınların sinəsinə xaç çəkilir, uşağa, qocaya rəhm edilmir. İqtisadi blokada insafsızcasına davam etdirilir. Çöllərdə çobanlara hücumlar çəkilir, mal-qara oğurlanır, qoyun-quzu aparılır, şikayət isə keçmir. Mərkəz görməməzliyə vurur. Belə qəddarlıq önündə yenə azərbaycanlılar təqsirkardırlar… Bəs bu yazıq millət dərdini kimə deməlidir?!
Çox təəssüflər olsun ki, Bakıdan göndərilmiş yoldaşların bəziləri xalqa mənəvi dayaq olmaq əvəzinə, milliyyətcə erməni olan rəhbər işçilərlə “şirin söhbətdən sonra” görüşüb geri qayıdır və “əşi, şayiələrə inanmayın”- deyə bütün Azərbaycanı aldadırdılar.
Nəhayət, şayiə dediyimiz həqiqət aşkar şəkildə meydana çıxdı; yüzlərlə günahsız insanın öldürülməsinə, minlərlə qocanın, uşağın və qadının mənəvi və fiziki şikəstliyinə səbəb olan noyabr hadisələri…
Mərkəzin havadarlığı sayəsində erməni tufanı başladı. Bu tufanın dayaq nöqtəsi şər-şamata, böhtan və hiylə olmaqla fəaliyyət dairəsi “qan çanağına” çevrildi. Bu “qan çanağı” Azərbaycan qanı ilə dolmalı oldu. Minillik tarixi yerlərindən cəmi yeddi gün ərzində vəhşiliklə çıxarılan azərbaycanlıların yandırılan evləri, əşyaları, talanan mal-qarası, nəhayət, qaçqınlıq taleləri…
İnsanlıq tarixinin ən dəhşətli, ən qəddar, ən vəhşi bir qətliamı Quqarkda törədildi. Sovet əsgərlərinin gözü qabağında böyük ölçülü dəmir su borularına 72 azyaşlı azərbaycanlı uşağı doldurub ağzını qaynaq edib bağladılar.
Vartana kəndində 16 nəfəri yandırıb külünü göyə sovurdular. Ermənilər Masisdə, Basarkeçərdə,
Qafanda, Əzizbəyovda, Spitakda, Allahverdidə, Amasyada, Krasnoseloda, Stepanavanda (Calaloğlu) və başqa rayonlarda dinc, günahsız insanları müxtəlif işgəncələrlə qətlə yetirərək tarixdə ən dəhşətli bir soyqırımına imza atdılar. Bütün bu hadisələr rus əsgərlərinin gözü qarşısında baş verirdi. Heç kəs erməni quduzluğunun qarşısını almağa cəhd etmirdi. Çünki bu, böyük bir planın-xristian dünyasının məqsəd və amalı idi. Necə ki, hazırda hər gün dünyada tonlarla müsəlman qanı axır.
1988-ci il işğalında Ermənistanda 172 bütöv azərbaycanlı kəndi, 89 qarışıq yaşayış məntəqəsi (cəmi 261 yaşayış məntəqəsi) qalmışdır. 211 min Azərbaycan türkü min illərlə yaşadığı torpağı tərk etmiş, 450 mindən artıq qoyun, 50 minə qədər qaramal (bir o qədər də şəxsi heyvan olmuşdur) qoyub gəlmişdir. 217 adam öldürülmüş, yaxud dağlarda həlak olmuşdur. 5 minə qədər didərgin erməni zülmünə dözə bilməyib vəfat etmişdir. 957 adam Ermənistanda və ya yollarda zədə almış, bir çoxları ömürlük şikəst olmuşlar.
Lakin ürəyi həmişə ermənilərin yanında olan Mərkəz bunların heç birini görmədi. Azərbaycanlılar silah altında öldürülüb, yaralanıb Ermənistandan qovulanda (boranlı dağlarda) “həqiqət” ünvanlı “Pravda”, üstündə on beş respublika xalqının dili ilə “Bütün ölkələrin proletarları, birləşin!” – çağırışını şüar eləyən “İzvestiya” qəzetləri və televiziyanın “Zaman” məlumat proqramı “cəfakeş ermənilərə” məhəbbət aşılayırdı.
Bütün bu günahları kim işləmişdir?
Hər gün, hər saat “erməni soyqırımı” – deyə yalandan dünyanın qulağını dolduran, qara-qışqırıq
salan canilərin, insan qanına susamış erməni qəsbkarlarının noyabr və dekabr aylarında törətdikləri vəhşiliklər bəşər tarixində ən böyük genosiddir.
Azərbaycanlıları öz dədə-baba yurdundan zülm və işgəncə ilə çıxarandan sonra erməni qaniçənləri Qarabağ üzərinə hücuma keçdilər.
Eldar İSMAYIL,
şair-yazıçı, əməkdar jurnalist
“Xalq qəzeti”.-2014.-15 yanvar.