1905.az saytının bu dəfəki həmsöhbəti Azərbaycan Yazıçılar Birliyinin Uşaq şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadədir.
– Bu gün Azərbaycan ədəbiyyatı nədən yazır? Bizim ədəbiyyatımızın mövzusu nədir?
– Gözəl, eyni zamanda çox aktual sualdır. Ədəbiyyatın mövzusu insandır. Onun düşüncəsi, hadisələrə yanaşmasdır ədəbiyyat. Dinindən, dilindən, irq və millətindən asılı olmayaraq ədəbiyyat nümunəsi yaradan şəxsin mövzusu insandır. Bu illərdir dəyişmir. Ədəbiyyatın mövzusu həm də sudur, havadır, torpaqdır, təbiət hadisələridir. Səməd Vurğun deyirdi ki, “Soyuq məzara da zinətdir insan”. Bizim mövzumuz insandır. Və bu həmişə belə olacaq. Ədəbiyyat heç vaxt müharibəyə, mübahisəyə yer ayırmayıb. Fikir versəniz, görərsiniz ki, ədəbiyyat buludların ağlamasına yer verib, anaların ağlamasına yox, güllərin açılmasına səs verib, güllə açılmasına yox.
Bizim dövlətçilik ədəbiyyatına gəldikdə Azərbaycan ədəbiyyatı həmişə dövlətin yanında olub. Ədəbiyyat heç vaxt bizim dövlətdən kənarda yaşamayıb. O demək deyil ki, o dövləti mədh, tərif edib. Xeyir. Bu belə deyil. Dövlətlə ədəbiyyat həmişə bir-birini qoruyub.
Ədəbiyyat tarixdə baş verənləri izləməlidir. Onunla ayaqlaşmalıdır. Mən həmişə müsahibələrimdə deyirəm ki, biz mütləq işğal altında olan rayonları, küçələrimizi əbədiləşdirmək üçün onların adına nə isə etməliyik. Milli qəhrəmanlarımız, şəhidlərimizə heykəl qoymalı, şer yazmalıyıq. Qoy, məktəbdə oxuyan uşaqlar elə az yaşlarından işğal altında olan rayonlarımızın adını bilsinlər. Uşaqlara vətənpərvərlik hissini həm də bu yolla çatdırmalıyıq.
Ədəbiyyat güllə atmalı deyil. Ədəbiyyat oxucuda sülh, mərhəmət hissi yaratmağı bacarmalıdır. Mən xaricdə olanda, bir tədbirdə idim. Oğluma yazdığım şeri oxudum. O həmin dövrdə əsgərlikdə idi. Ona görə ona mən bu ruhda bir şer yazmışdım. “Oğlum güllə at” sözləri ilə. Şeri eşidəndə ədəbiyyatçılar mənə etiraz etdilər. Dedilər sən insanlara ədəbiyyatla “güllə at” deyirsən?! Bəli, onlar haqlı idilər. Mən vətəndaş kimi oğluma bunu deyə bilərəm, şair kimi isə deyə bilmərəm. Buna haqqım çatmaz.
– Qəşəm müəllim, Jukovun bu yaxınlarda bir yazısını oxudum. O yazır ki, Böyük Vətən müharibəsinin tarixi əslində yazılan kimi deyil. Yazılan əslində saxta tarixidir. Bunu tarixi ədəbiyyatçılar, yazarlar özlərindən uydurublar. Öz istəkləri, təxəyyüllərinə uyğun olaraq. Bəs, bizim yazarlar necə? Qarabağ müharibəsi haqqında yazırlarmı?
– İlk öncə deyim ki, mən Jukovu çox sevirəm. Onun sayəsində Stalinin ölümündən sonra Beriya həbs edildi. Məncə, Jukov olmasaydı Stalindən sonra Beriya hakimiyyətə gələcəkdi. Haqlıdır Jukov.
Bilirsiniz, mən Vətən müharibəsindən danışanda bir az ehtiyat edirəm və 2 seçim arasında qalıram. Məlumdur ki, bu müharibədə SSRİ 20 milyon insan itirib. Ədəbiyyatçı kimi düşünəndə deyirəm ki, 20 milyon insanın ölümü ilə başa çatan müharibə məğlubiyyətdir, qələbə yox. Ancaq bunu deyəndə özüm-özümü dərhal inkar edirəm. Bəs, bizim o döyüşlərdə canını fəda etmiş igidlərimiz? Onların haqqına girmiş oluram belə danışmaqla. Bunları düşünəndə isə deyirəm ki, yox, biz qələbə çalmışıq, məğlub olmamışıq.
Amma ədəbiyyat nöqteyi nəzərdən bu qələbə deyil. Ədəbiyyatın predmetinə görə, insan ölməli deyil, sağ qalmalıdır.
İnanın ki, ən gözəl tarixi ədəbiyyat yazır. Bilirsiniz, müharibələr olsa da ədəbiyyata görə gec-tez hər torpaq öz dövlətinə qayıdır. Hətta belə bir əsatir var ki, insan öləndə də o haralıdırsa ruhu gedib həmin məkanda dayanır, orada yaşayır. Lap torpaq işğal altında olsa da. Məsələn, bu gün Şuşa düşmən tapdağı altındadır. Ancaq Vaqifin, Natavanın, Xan Şuşinskinin, Bülbülün, Qədir Rüstəmovun -hamısının ruhu Şuşadadır. Deməli, Vətənin böyüklüyü onun ruhlarının olduğu sərhədlər daxilindədir. Görün Vətənimiz necə genişdir.
Bəzən elə olur ki, düşünürlər ki, müharibə tankdır, döyüşdür. Aqil Abbasın “Dolu” romanı müharibə haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Orada belə bir məqam var. Bir qadın həyacandan tez-tez başındakı yaylığı açır-bağlayır. Baxın, müharibə elə bu hərəkətin özüdür. Ədəbiyyat isə bunu gözəl çatdırmaqdır. Ədəbiyyat səbirsiz deyil. Etiraf edirəm ki, “Müsəlləh əsgərəm mən də bu gündən” misralı nümünələr və ya “Poçtalyon” kimi gözəl şerlər yazılmır. Bunu etiraf etmək lazımdır. Qarabağ mövzusunda isə şerlər və əsərlərimiz var. Ancaq azdır. Daha yaxşılarını yazmaq olar. Mənim özümün də müharibə, Xocalıyla bağlı çoxlu şerlərim var.
–Qəşəm müəllim, siz həm də Azərbaycan Yazıçılar Birliyinin uşaq şer bölməsinin rəhbərisiniz. Biz bir araşdırma aparmışdıq. Və məlum olmuşdu ki, bu gün bizim orta məktəb dərsliklərimizdə işğal həqiqətləri, soyqırımı və s. haqqında məlumat yoxdur. Sizcə niyə belədir? Ehtiyac yoxdur buna?
-Sizinlə razıyam. Dərsliklərdə bu mövzulara yer verilməyib. Mövzulara yer verilməməsi bir tərəfə, dərsliklərimiz çox ağır dildə yazılır. Aşağı sinif dərsliyi asan dildə olmalıdır ki, uşaq onu düzgün mənimsəyə bilsin. Yadımıza salaq, Abdulla Şaiqin, Mirzə Ələkbər Sabirinin şerlərini. Necə asan, yadda qalan dildə yazılırdı.
Bu yaxınlarda mən uşaq ədəbiyyatı ilə bağlı qurultayda məruzə ilə çıxış etdim. Orada da bu problem haqqında danışdım. Və zalda olan şəxslər təsdiqlədi ki, bu gün bizim dərsliklərimiz çox həvəskar şəkildə yazılır. Bu, belə olmalı deyil. Biz yaxın günlərdə Uşaq Antalogiyasını nəşr elədik. Onu Təhsil naziri Mikayıl Cabbarova təqdim edəndə dedim ki, məktəbdə bu antalogiyadan vəsait kimi istifadə edilə bilər. O da razılılaşdı və bəyəndi. Uşaq ədəbiyyatı kimsəsizdir. Uşaq ədəbiyyatına dövlət qayğısı bir az da artıq olsa çox yaxşı olar.
– Bizim ədəbiyyatımızın xaricdə təmsil edilmə səviyyəsi sizi qane edirmi? Bir ədəbiyyatçı kimi.
-Xeyr, qane etmir.
– Səbəb?
– Xarici ölkələrdə çox sayda kitablarımız nəşr edilir. Ancaq xaricdə kitab nəşr etməklə iş bitməz. Gərək ədəbi proseslərdə də iştirak edəsən. Məsələn, bir nəfər gedir Fransaya diasporanın köməkliyi ilə kitab çap etdirir və deyir ki, Parisdə kitabım çıxdı. Axı, sənin nəşr etdiyin kitab fransız oxucu üçün deyil. Ona maraqlı deyil. Və ya hansısa müğənni gedir Fransada banketdə konsert verir, deyir ki, Fransada konsert verdim. Axı, sən fransız dinləyici üçün maraqlı olmadın. Ona görə gəərək getdiyin ölkənin oxucusunu da maraqlandıra biləsən.
Mənim xaricdə 2 kitabım çıxıb. Amma mən getdiyim ölkədə ədəbi prosesdə iştirak etmişəm. Bu kitablardan biri Hollandiyada nəşr edilib. 2007-ci ildə Hollandiyadan Azərbaycana məktub gəldi ki, bizə 50 şairin şerini göndərin. Tapşırığa uyğun 50 şairin şerləri tərcümə edilib Amsterdama göndərildi. Mənim şerim qalib seçildi. Çünki şerim dünyəvi şer idi. Həmin tədbirə dünyanın 23 ölkəsindən şair seçilmişdi. Çindən, Rusiyadan, Britaniyadan və s. Və sadaladığım bu ölkələr hər biri bir şairini göndərmişdi. Yəni mən o prosesə daxil olmuşdum. 23 ölkə şairi mənim kitabımla tanış olmuşdu. Ədəbi prosesə qarışmaq budur.
Ancaq mən ümidisiz deyiləm, bizim kifayət qədər istedadlı ədəbiyyat nümayəndələrimiz var. Məsələn, Anar müəllim vaxtilə yazdığı əsərlər dünya ədəbi prosesinin bir hissəsi idi. Onun jurnallarda elə yazıları çıxıırdı ki, dünya yazarlarının diqqətini asanlıqla cəlb edə bilirdi.
– Deyirlər şairə gələcək planları ilə bağlı sual verməzlər… amma yenə də gələcək planlarınız.
– Gələcək planlar çoxdur. Bu yaxınlarda yeni bir şerlər kitabım çıxıb. “Qəşəm” adında. Hazırda hekayələr kitabı və Gürcüstanda gürcü dilində bir kitabım hazırlanır. Moskvada da bir kitabım çıxıb. Uşaq ədəbiyyatı ilə bağlı 2-ci antalogianın nəşrinin hazırlığı gedir.
Gündüz Nəsibov, Aynur Hüseynova
1905.az