Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən nəşr edilən “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə AYB-nin sədri, xalq yazıçısı Anar açdı. Anar qeyd etdi ki, təqdim olunan “Qətl edilmiş uşaqlar” kitabı ağır kitabdır. Çünki bu kitabda Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öldürülmüş uşaqlardan söhbət açılır. Körpənin başının kəsilməsi, diri-diri yandırılması heç bir əxlaqa sığmır. Üstəlik də bunu bütün dünyaya “soyqırım”a uğradıqlarını təkidlə sırıyan cəmiyyətin nümayəndələri törədiblər. Natiq daha sonra kitabın əhəmiyyətindən bəhs etdi.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirdi ki, müharibə zamanı döyüşlərin getdiyi bölgədə yaşayan əhali əzab və işgəncələrə düçar olur, amma ən böyük ağırlıq məhz uşaqların üzərinə düşür. İşçi Qrupunun rəhbəri vurğuladı ki, erməni təcavüzü xarakterik xüsusiyyətləri ilə fərqlənir və ermənilərin əsas hədəfi dinc əhali və uşaqlardır, bunu Dövlət Komissiyasında toplanmış çoxsaylı faktlar da sübut edir. İ.Axundov təcavüz nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3867 nəfərdən 62 nəfərinin uşaq olduğunu, 29 nəfərin isə Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi və beynəlxalq təşkilatlardan gizlədilməsinə dair şahid ifadələrinin olmasını təəssüflə qeyd etdi. Natiq Azərbaycan vətəndaşlarına qarşı məqsədli terror, soyqırımı və etnik təmizləmə siyasəti yeridən Ermənistan Respublikasının “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozduğunu bildirdi.
Təqdimat mərasimində çıxış edən xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, millət vəkilləri Nizami Cəfərov, Aqil Abbas, eləcə də AYB-nin katibi Rəşad Məcid, Yusif Həsənbəy, Faiq Şükürbəyli, Vaqif Əlixanlı və başqaları nəşrin əhəmiyyətindən danışdılar və bu cür materialların çap edilərək, yayılmasının zəruriliyini vurğuladılar.
1905.az