Ramilə Qurbanlı və Xaqani Səfəroğlu ilə birlikdə “Müasir Azərbaycan qəzeti necə olmalıdır?” sualını cavablandırmağa çalışdıq.
Fuad Babayev: Bir müddət bundan əvvəl FACEBOOK “dəhliz”lərində gəzişərkən Xaqani müəllimin “müasir qəzet necə olmalıdır” adlı statusuna rast gəldim. Köhnəlmiş xəbərlərin bir gün sonra yazılı mediada çapına artıq adət etmişik… Bu barədə danışacağıq. Neçə ildir mediadasınız?
Xaqani Səfəroğlu: 25 ildir.
Ramilə Qurbanlı: Mən də 25 ildir mediadayam.
Fuad Babayev: Sizin karyeranızda qəzet hansı yeri tutur? Hansı qəzetlərdə işləmisiniz?
Ramilə Qurbanlı: Mən mətbuata qəzetlə gəlmişəm, o vaxt sayt yox idi. Həddən çox qəzet var idi və güclü rəqabət gedirdi. Yaxşı oxunan, böyük tirajla çıxan və satışdan geri qayıtmayan qəzetlər var idi. Mən jurnalistika fəaliyyətinə 1995-cı ildə “Ədəbiyyat qəzeti” ilə başladım. Amma bir ildən sonra mən artıq “7 Gün” qəzetində idim. “7 Gün” qəzetinin bir nüsxəsi belə geri qayıtmırdı və hər sətri oxunaqlı idi. Yəni bu aləmə qəzetlə daxil olmuşam.
Fuad Babayev: 25 illik jurnalist fəaliyyətinizin nə qədəri qəzetlərin payına düşür?
Ramilə Qurbanlı: “7 Gün”dən sonra “Gün Səhər”, “Üç nöqtə”, “Novoye vremya” qəzetlərində işləmişəm. Hazırda “Azərbaycan” qəzetində çalışıram. Mediada fəaliyyətimin çox hissəsi qəzetlərlə bağlıdır.
Fuad Babayev: Xaqani müəllim, bu nöqteyi-nəzərdən Sizdə vəziyyət necədir?
Xaqani Səfəroğlu: Mən tələbə vaxtımdan qəzetlərlə əməkdaşlıq etmişəm. Həmin dövrdə “Panorama” qəzetində kiçik yazılarla çıxış edirdim. “7 Gün” qəzetində də yazılarım çıxırdı.
Fuad Babayev: “7 Gün”də Ramilə xanımla eyni vaxtda işləmisiniz?
Ramilə Qurbanlı: Mən uzun müddət “7 Gün” qəzetinin ştatlı əməkdaşı olmuşam.
Xaqani Səfəroğlu: Mən tələbə vaxtı “7 Gün” qəzeti ilə əməkdaşlıq edirdim. Sonra “Sara Ekpress”, “Yeni zaman”/”Novoye vremya”, Avropa” və “Mərkəz”qəzetlərində işləmişəm. Ötən əsrin 90-cı illərinin axırında həmçinin EM-Pİ-EY Beynəlxalq İnformasiya Agentliyində çalışmışam. Biz “Xalq Cəbhəsi” qəzetini quranlarından olmuşuq. Məsiağa Məhəmmədinin baş redaktoru olduğu “Elita” qəzetində işləmişəm.
Ramilə Qurbanlı: Mən “Müxalifət” və “Millət” qəzetləri ilə də əməkdaşlıq etmişəm.
Xaqani Səfəroğlu: 2003-cü ildən 2015-ci ilə qədər də “Ayna-Zerkalo” qəzetinin parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Daha sonralar “Modern.az” və “Strateq.az” saytlarının redaktoru olmuşam.
Fuad Babayev: Siz saytlar və sosial şəbəkə yaranana kimi 25 ilə yaxın müddətin böyük hissəsini qəzetlərdə işləmisiniz.
Ramilə Qurbanlı: Mən analıq məzuniyyətindən “Üç nöqtə” qəzetinə qayıdandan sonra gördüm ki, qəzet deyilən məfhum artıq yoxdur. Saytlarda inkişaf, qəzetlərdə isə tənəzzül gördüm.
Təmkin Məmmədli: Söhbət hansı illərdən gedir?
Ramilə Qurbanlı: 2010-2011-ci illər.
Xaqani Səfəroğlu: Qəzetlər internetlə, saytlarla ayaqlaşa bilmədi. Qəzetlərin satışı, abunəsi, reklamı ilə bağlı problemlər də vardı.
Ramilə Qurbanlı: Qəzetlər 2011-ci ildən etibarən dəyişməli, başqa yol götürməli idilər.
Fuad Babayev: Bizim qənaətimiz ondan ibarətdir ki, qəzetlər indiki mərhələdə uduzublar?
Xaqani Səfəroğlu: Böyük hesabla uduzublar.
Fuad Babayev: Qəzetlərin informasiyanın operativliyi baxımından saytlara uduzmağı aydındır. Daha hansı səbəblər qəzetlərin məğlubiyyətini şərtləndirir?
Xaqani Səfəroğlu: Abunə institutu dağıldı. Ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyaları əsrində qəzet tam fərqli formatda olmalıdıır. Dünənə qədər qəzet informasiya carçısı kimi çıxış edirdi. Sayt və portallar informasiya blokunu qəzetin əlindən aldı.
Təmkin Məmmədli: Qaldı analitika və reportaj.
Ramilə Qurbanlı: Abunə məsələsi də ona görə qüvvədən düşdü. Vaxtilə “Pioner”, “Ədəbiyyat və incəsənət”, “Kino” qəzetlərinə, “Azərbaycan” jurnalına necə həvəslə abunə olurduq.
Xaqani Səfəroğlu: Abunə könüllü olmalıdır.Bizdə indi abunə əhvalı da yoxdur. Qəzetlər də bərbad haldadır. Azərbaycan cəmiyyəti oxumaq istədiyi qəzeti alıb oxuyur.
Təmkin Məmmədli: Qəzet nə yaza bilər ki, onu sayt yazmasın?
Xaqani Səfəroğlu: Qəzet təhlil yaza bilər.
Təmkin Məmmədli: Analitik yazı saytda da yer ala bilər.
Xaqani Səfəroğlu: Saytların heç birində2 mindən artıq işarə olan yazılar oxunmur. Bu dünyada qəbul olunmuş statistikadır.
Fuad Babayev: Böyük yazıları heç qəzetdə də oxuyan yoxdur.
Xaqani Səfəroğlu: Maraqlı yazı olsa, niyə oxunmur?!
Fuad Babayev: Qəzet ənənəvi üsulla mətbəədə çap olunmuş əmtəədir. Belə çıxır ki, ənənəvi qəzetlə, həmin qəzetin öz saytı da rəqabətdədir. Yəni Sizin yazı qəzetdə də dərc edilir, saytda da yerləşdirilir. Elə deyilmi?
Ramilə Qurbanlı: Bəli, qəzetdə çap edilən yazı eyni zamanda saytda da yerləşdirilir.
Xaqani Səfəroğlu: Əslində bu absurddur. İdarəçilik baxımından Avropada belə bir şey yoxdur. Dünyanın aparıcı qəzetlərində yazı reklama qoyulur. Həmin yazını ya sayta ödənişli abunə olmaqla, ya da qəzeti almaqla oxumaq olar.
Ramilə Qurbanlı: Müasir sistem, qəzet modulu belə olmalıdır.
Fuad Babayev: Bəzən mənə elə gəlir ki, bizim sabah alacağımız qəzetlər üzərində iş artıq axşam 5-6 arası yekunlaşır.
Ramilə Qurbanlı: Daha tez.
Fuad Babayev: Əslində isə qəzet üzərində iş mətbəəyə gedənə kimi davam etməlidir, ən axırıncı dəqiqəyə qədər orada nə isə dəyişə bilər.
Ramilə Qurbanlı: İndi buna əməl edilmir. Çünki, son yeniliklər artıq saytda öz əksini tapacaq.
Fuad Babayev: Bir müddət bundan əvvəl qəzetlərimiz rəngli çıxmağa başladı. Bunun qəzetlərə faydası oldu?
Xaqani Səfəroğlu: Xeyr. Qəzetin rəngli və ya ağ-qara çıxmasından asılı olmayaraq oxucusu olmalıdır. Qəzet cəlbedici olmalıdır. Mən sevdiyim qəzeti dünyanın o başında da olsa, gedib alaram. Mən “Ayna” qəzetini tapıb alana qədər rahat olmurdum.
Ramilə Qurbanlı: Sabir Rüstəmxanlının “Azərbaycan” qəzeti də o qəbildən idi.
Xaqani Səfəroğlu: “Avropa” qəzetini həmişə oxuyurdum.
Fuad Babayev: Bir adamın həyat yolu haqqında “Avropa” qəzetində dərc olunan fotoreportaj çox maraqlı olurdu. Məqsəd Nurun “Press-fakt” qəzeti çox oxunaqlı idi.
Ramilə Qurbanlı: “Rezonans” qəzetini də qeyd etmək istəyirəm.
Xaqani Səfəroğlu: İndi ortada olan qəzetlər cəlbedici deyil axı. İndi qəzetlərin manşetlərində eyni xəbərlərə, eyni sözlərə rast gəlmək adi hala çevirilib. Köhnə informasiya təqdim edirlər. Əvvəla qəzetin rəhbərliyi öz oxucu auditoriyasını müəyyən etməlidir. Yəni bu qəzet kimin üçün buraxılır? Hazırda Avropada bu məsələ ciddi müzakirə olunur. Elektron medianın üstünlük təşkil etdiyi bir dövrdə qəzetlər də pul qazanmaq haqqında düşünür. Abunə və reklamı stimullaşdırmağa çalışırlar.
Fuad Babayev: Başqa modellər də var. Misal üçün qəzetin içində hədiyyə kuponları verilir.
Xaqani Səfəroğlu: Bunlar həmişə olub. Avropada artıq sahəvi qəzet anlayışı meydana çıxıb. Təsəvvür edin ki, təsisçinin hədəfi bank işçiləri üçün maraqlı qəzet nəşr etməkdir. O zaman bank işçisi bilməlidir ki, valyuta məzənnələri haqqında ən düzgün məlumat yazan bu qəzetdir. Bu baxımdam “Faynenşl Tayms” qəzetinin (Financial Times – dünyanın 24 şəhərində nəşr olunan beynəlxalq işgüzar qəzet – red.) oxucusu “Bild” qəzetində (Das Bild -Almaniyada nəşr olunan ən iri gündəlik kütləvi qəzet. Almandilli sarı mətbuata aid edilir – red.) yazılana heç vaxt inanmayacaq. Artıq burada “Faynenşl Tayms”ın tirajının tutaq ki,700 min, “Bild” qəzetinin isə 2 milyon olmasının heç bir əhəmiyyəti yoxdur. Qəzetdə həm də tanınmış imzalar olmalıdır. Belə yazarlara yüksək qonorar verilməlidir.
Fuad Babayev: Yüksək qonorar Siz nəyə deyirsiniz?
Xaqani Səfəroğlu: 2 min manat, 5 min manat, 10 min manat. Bu intellektual biznesdir. Mən Sizin tələb etdiyiniz yazını yüksək səviyyədə yazıram və bu qəzetə oxucu gətirir.
Fuad Babayev: Oxucu da pul verib qəzeti alır.
Xaqani Səfəroğlu: Bəli.
Fuad Babayev: Qəzet naşirlərində, redaktorlarda o pul yoxdur, yoxsa yüksək potensiala malik peşəkar jurnalistlər azalıb?
Xaqani Səfəroğlu: Potensiala malik jurnalistlər var.
Ramilə Qurbanlı: Peşəkar jurnalistlər işə cəlb olunmur. İndi redaktorlara qeyri-peşəkar, sifarişlə yazmağa hazır və daha az maaşa qane olan jurnalistlərlə işləmək sərf edir.
Fuad Babayev: Biz Türkiyə mediasından nəyi əxz edə bilərik?
Xaqani Səfəroğlu: Türkiyədəki qəzetlər holdinqlərin nəzarəti altındadır. Misal üçün Rusiyada “Exo Moskvı“ radiosu Qazpromun nəzarətindədir. Amma bu onun ideya müstəqilliyinə xələl gətirmir. Holdinqlər qəzetlərin maddi təlabatını ödəməsinə rəğmən onların yaradıcılıq məsələlərinə müdaxilə etmirlər. Bizdə redaksiyalarda bild-redaktorlar yoxdur. Bild-redaktorun fəaliyyəti qəzetdə ayrıca bir sahəni əhatə edir. Şəkillərin seçilməsi, onların qanuniliyinin araşdırılması, səhifədə yerləşdirilməsi bild-redaktorun funksiyasına daxildir.
Ramilə Qurbanlı: İndi bütün bu işlər redaktorların üzərinə düşür.
Fuad Babayev: Əvvəllər bu işlərlə məsul katib məşğul olurdu, indi isə şef-redaktor baxır.
Xaqani Səfəroğlu: Başlıcası əvvəllər qəzetlərdə yüksək səviyyədə yaradıcı mühit var idi. Jurnalistin ezamiyyə xərcləri ödənilirdi.
Ramilə Qurbanlı: Mən Pyer Rişarı (məşhur fransız kinoaktyoru – red.) aeroportda qarşılayıb ondan müsahibə götürmüşəm. O vaxt mənim müsahibə almağım üçün redaksiya hər bir şərait yaratmışdı. Mən aeroporta şahzadə kimi getmişdim.
Təmkin Məmmədli: Hansı qəzetdə çalışırdınız?
Ramilə Qurbanlı: “7 Gün” qəzeti.
Xaqani Səfəroğlu: “7 Gün” qəzeti həm də ona görə oxunurdu.
Ramilə Qurbanlı: İndi isə Bilgəhdəki “Qocalar evi”nə getmək üçün jurnalsit maşın axtarmaq məcburiyyətində qalır.
Xaqani Səfəroğlu: Maddi təminat qənaətbəxş olmadığı üçün yaradıcı insanların xeyli hissəi mediadan kənarda qalıb.
Ramilə Qurbanlı: Əksər redaksiyalarda yaradıcı jurnalistə münasibət ən son pillədədir. Əvvəlki illərdəki vəziyyəti görən jurnalist bununla barışa bilmir.
Fuad Babayev: Əlbəttə ki, qəzet bizə lazımdır. Bu müzakirə obyekti ola bilməz. Elə deyilmi?
Xaqani Səfəroğlu: Lazımlı qəzet necə olmalıdır sualı hələ açıq qalıb. Qəzetin satışı və yayımı yoxdur. Qəzet köşklərində qəzetdən başqa hər şey satılır.
Ramilə Qurbanlı: Dünyada qəzetçilik var, onun modeli tapılıb və qəzet yaşayır.
Fuad Babayev: Dünyada qəzet inkişaf edir. Ənənəvi qəzet və onun elektron versiyası bir-birinə kömək edir. Qəzetin əvvəlki şöhrətini özünə qaytarmaq üçün nə təklif edərdiniz?
Xaqani Səfəroğlu: İlk növbədə yaradıcılıq azadlığı, reklam bazarı və satış şəbəkəsi olmalıdır. Qəzeti oxucuya gətirmək lazımdır. İndi biz yazılarımızı internetdə reklam edirik, sosial şəbəkədəki qruplarda paylaşırıq. Qəzet də real həyatda bunun bir variantını tapmalıdır. Qəzetlərin internet resursları onun satışına kömək edə bilər. Yazını tam şəkildə deyil, qismən saytda yerləşdirməklə oxucunu qəzet almağa sövq etmək olar.
Ramilə Qurbanlı: Yazını sosial şəbəkədə paylaşanda və ya reklam edəndə də əksər oxucular onu həzm edə bilmir. Qəzetlərə müstəqillik vermək lazımdır. Baş redaktor qəzetin sahibi olmalıdır. Təbii ki, baş redaktor da peşəkar jurnalist olmalıdır. Müstəqillik və peşəkarlıq olsa, yerdə qalan məsələlər öz həllini tapar.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 28 aprel 2021-ci il tarixində baş tutub.
Materialda “https://www.pewresearch.org” saytının fotosundan istifadə edilib