Uorren Baffetin 82,5 milyard dolları var. Bu qədər pulu olan adamın dediyi hər sözə əməl etməmək olar, amma qulaq asmaq lazımdır. Həm də ona görə ki, Baffetin sözləri müstəqil araşdırma mərkəzlərinin proqnozları ilə üst-üstə düşür.
Məsələn, milyarder Yahoo Finance kimi mötəbər media orqanına müsahibəsində deyib ki, reklam azaldığından Amerikada qəzetlərin çoxu bağlanacaq. Və o boyda ölkədə The New York Times, The Washington Post və The Wall Street Journal qalacaq. Vəssalam.
Pew Research Center adlı bir təsisat da araşdırma aparıb və məlum olub ki, 2006-2016-cı illərdə Amerika qəzet bazarının gəlirləri 49 milyard dollardan 18 milyard dollara düşüb.
Keçirəm məmləkətimizə.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 11 fevral 2016-cı ildə www.1905.az portalında dərc edilmiş müsahibəsində demişdi: “Bu gün də dövlətin dəstəyi olmasa, Azərbaycanda çap mətbuatının yaşamaq imkanı yoxdur. Mən bunu tam səmimi deyirəm və söylədiklərimin altından imza atmağa da hazıram. Bu gün ən populyar nəşrlərin belə tirajı 5 mindən artıq deyil. 140 illik Azərbaycan mətbuatını yaşatmaq üçün bu gün də mücadilə gedir. Sözlə ifadə olunmayacaq dərəcədə fədakarlıq göstəririk. Kağızın qiyməti 100 faiz, mətbəə xərcləri 55 faiz qalxıb.”
Bu fikir Akif müəllim tərəfindən 2016-cı ilin əvvəllərində səsləndirilib.
2019-cu ilin aprel ayı başa çatır.
Və bir neçə ay bundan əvvəl, fevralın 6-da www.axar.az saytında Nigar İxtiyarqızının ”Qəzetlərin evini nə və ya kim yıxdı? – Peşəkarlar danışdı” adlı yazısı işıq üzü görüb. Bu yazıda müəllif Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mediaya maliyyə ayrılması üçün qəzetlər qarşısında qoyduğu tələblərdən sonra yaranmış vəziyyət barədə mütəxəssislərin rəylərini öyrənib.
Siz də bu yazını oxuya bilərsiniz. Mən maraqla oxudum. Və özüm üçün növbəti dəfə aydınlaşdırdım ki, bizim qəzetlərin süqutu təkcə reklam bazarının Şaqren dərisi kimi kiçilməyi ilə izah edilə bilməz.
Yeri gəlmişkən, cənab Baffet müsahibəsində Amerika qəzetlərinin gözlənilən sonunu həm də oxucunun yeni informasiyanı dərhal əldə edə bilməsi ilə əlaqələndirir.
Bütün hallarda, qəzetlər media dünyasının “xəstə adam”ı “titul”unu əldən vermək fikrində deyil. Görünən budur.
Fuad BABAYEV , 1905.az