Müsahibimiz tarix üzrə elmlər doktoru, professor Qabil Əliyevdir.
– Qabil müəllim, həm Zaqafqaziya Seymi yaradılanda, həm də Azərbaycan, Gürcüstan və Ermənistan dövlətləri yaradılanda yəqin ki, ilk məsələlərdən biri Osmanlı ilə münasibətlərin qurulması idi?
– Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də Ermənistan Respublikasının qurulması Tiflisdə gerçəkləşib. Bu o dövrün reallıqlarından doğmuşdu. Çünkü Çar Rusiyası zamanı Tiflis Qafqazın inzibati mərkəzi idi. Qafqazın idarəçilik orqanları da həmin şəhərdə yerləşirdi. Öncə canişinlik, sonra xüsusi komitə, Zaqafqaziya Komissarlığı, Seym yarandı. Fevral inqilabından sonra Rusiyanın gələcəyi ilə bağlı ölkənin ictimai dairələrində ciddi fikir ayrılığı var idi. Konstitusiyalı monarxiya, respublika, federativ respublika, yoxsa unitar respublika olacağı ilə bağlı qəti fikir yox idi. Diqqət yetirirsinizsə, fevral inqilabından sonra yaranmış hökumət də bunların heç biri ilə bağlı qərar verə bilmədiyindən, adını müvəqqəti hökumət qoydu. Rusiyanın gələcəyini seçiləcək Müəssislər Məclisi həll etməliydi. Oktyabr çevrilişindən sonra bolşeviklər hakimiyyətə yiyələndi. Amma hakimiyyətdə olan menşevik, eser və kadetlər, digər siyasi dairələr tələb etdi ki, Müəssislər Məclisi çağırılsın. Noyabrın sonunda Müəssislər Məclisinə seçkilər keçirildi. Qafqaza da bəlli kvota ayrıldı. Qafqazdan, eləcə də Rusiyanın müxtəlif yerlərindən seçilənlər Petroqrada yığışıb, Rusiyanın gələcəyini müəyyənləşdirməli idilər. Yanvarın 5-də Rusiyadakı deputatlar Petroqrada yığışdı. Qafqazdan olan deputatlar isə Şimali Qafqazda – Dağıstan, Terek vilayətlərində anarxiya, dəmir yollarındakı basqınlar nəqliyyatın işini iflic etdiyindən, Petroqrada gedə bilmədilər. Əslində isə onların bəxti gətirdi. Petroqraddakı Müəssislər Məclisi cəmi bir gün fəaliyyət göstərdi. Çünkü seçkilərdə menşevikler, eserlər çoxluq qazanmışdı. Hakimiyyətdə isə bolşeviklər idi. Bolşeviklər bildirdilər ki, onlar hakimiyyətə gəliblər, xalqı da təmsil edirlər. Əgər onları tanımayacaqlarsa, Məclisi qovacaqlar. Qovdular da. Müəssislər Məclisi yalnız bir gün fəaliyyət göstərdi. Qafqazdan olan deputartlar gedənə kimi teleqram aldılar ki, artıq məclis qovulub. Qafqazdan olan deputartlar 11 gürcü nümayəndəsi idi ki, bunlar da əsasən menşeviklər idi, Azərbaycandan 10 müsavatçı, 2 nəfər bitərəf idi, 9 nəfər erməni nümayəndəsi isə əsasən daşnaklardan ibarət idi. Beləcə onlar bir araya gəldilər ki, Qafqazda Sovet Rusiyasını tanımırlar, amma idarə etmək üçün bir qanuni baza yaradılmalı idi. Fevralın 10-da üç qat artırılmış heyətlə Parlament – Zaqafqaziya Seymi işə başladı. Seymin də əsas işi o zaman Osmanlı dövləti ilə münasibətləri qaydaya salmaq idi.
– Amma Osmanlı ilə münasibətlər qurulanda şübhəsiz ki, ümumi Qafqaz mənafeyi ilə yanaşı, Seymə daxil olan deputatlar öz milli mənafelərini də önə çəkirdilər…
– Təbii ki, Osmanlı dövləti ilə danışıqların gedişində hər xalqın nümayəndəsinin dediyiniz kimi, ümumi Qafqaz mənafeyi və öz milli mənafeyi var idi. Və öz milli mənafelərini də ümumi Qafqaz mənafeyindən üstün tuturdular. Bu da parçalanmanı labüd etdi. Məsələn gürcülər, ermənilər, azərbaycanlılar Batum sülh konfransında üç fərqli mövqedən çıxış edirdilər. Osmanlı dövləti o zaman Brest sülhünə əsasən Qars, Ərdəhan, Batum bölgələrinin ona verilməsinə nail olmuşdu. Tarixi ədaləti bərpa etmişdi. 1877-1878-ci illər müharibəsi zamanı müsəlmanlardan ibarət bölgələr Rusiyaya keçmişdi və indi Osmanlı həmin bölgələri Rusiyadan geri almışdı. Cənubi Qafqazda yeni yaranmış dövlətlər də Osmanlı dövləti ilə dostluq münasibətləri qurmaq və gələcəkdə Osmanlının Rusiya ilə onlar arasında sabit bufer dövlət olmasını istəyirdilər. Osmanlı dövləti Qafqazda yaranmış hökumətlə əlaqələr qurub, öncə onları Brest müqaviləsində iştiraka dəvət etdi. Qafqazın o zamanki erməni, gürcü siyasi xadimləri, liderləri buna getmədilər. Çünki Brest sülhünün şərtlərini qəbul etmək istəmirdilər. Onlar Osmanlı dövləti ilə yeni danışıqlara gedib, Trabzonda ərazi məsələlərində güzəştə nail olmaq istəyirdilər. Osmanlı dövləti də normal əlaqələr qurmaq xatirinə onlarla ən müxtəlif məsələlərin müzakirəsinə hazır olduğunu bildirdi və konfrans işə başladı. Konfransın gedişində nə ermənilər Qarsın verilməsinə razı oldular. Onlar Qarsı “Ermənistan dövləti”nin tarixi mərkəzi adlandırırdılar. Nə də gürcülər Qara dənizin ən mühüm limanlarından olan Batumun Osmanlıya verilməsində güzəştə getdilər. Nəticədə Osmanlı tərəfi hərbi əməliyyata başlayıb onlara müqavilə ilə çatan əraziləri götürdü. Sonra isə hərbi əməliyyatı davam etdirib, əlavə ərazilər də götürdülər ki, bunlar əsasən müsəlmanların yaşadıqları bölgələr idi. Yeri gəlmişkən, Osmanlı dövlətinin irəliləməsi ermənilərin həmin bölgələrdə müsəlman əhaliyə qarşı törətdiyi qırğınların qarşısını aldı. Erməni qüvvələri tərəfindən möhkəmləndirilmiş Qarsın Kazım Qarabəkir tərəfindən götürülməsi Qafqazda siyasi vəziyyəti və müharibə ritorikasını dəyişdi. O vaxt 30 minlik gürcü korpusu və 40 minlik erməni hərbi korpusu var idi. Qarsın türklər tərəfindən alınmasından sonra, Qafqazın müharibə tərəfdarı olan siyasi xadimləri anladılar ki, Osmanlı ilə hərb dili ilə danışmaq nəticə verməyəcək. Akaki Çxenkeli Osmanlı dövləti ilə sülh yolu ilə anlaşmanın tərəfdarı idi. Əvvəlcədən də təkid edirdi ki, müharibə dövlət mənafeyi baxımından sərfəli deyil, ordunun vəziyyətini də daha real qiymətləndirirdi. A.Çxenkelinin başçılığı ilə yeni hökumət yaradıldı və Osmanlı dövləti ilə danışıqları asanlaşdırmaq üçün Azərbaycan nümayəndələri Çxenkeli hökumətində daha çox təmsil olundu. Batum konfransı işinə başladı, Seym daha öncədən elan etmişdi ki, Osmanlı dövlətinin tələbləri ilə razılaşır. Amma Osmanlı dövləti Batum konfransında bildirdi ki, bu tələblər Trabzon konfransı üçün keçərli İndi daha ciddi tələblər var. Onu da deyim ki, Osmanlının Qafqazdakı fəaliyyəti Almaniyanın planlarına cavab vermirdi. Çünki Almaniya Qafqazın sərvətlərini, nəqliyyat imkanlarını, xüsusən Bakı neftini ələ keçirməyə çalışırdı. Ona görə gürcülər təkidlə təklif edirdilər ki, onlara yardım olunacaq, müstəqilliklərini elan etsinlər. Onlar da Almaniya ilə razılaşmadan sonra mayın 26-sı müstəqilliklərini elan etdilər. Tiflisdə müsəlman Azərbaycan Milli Şurasının iclasında mayın 28-də isə Azərbaycanın müstəqilliyi elan edildi. Bu, həmin dövrün çox sürətlə cərəyan edən çox mürəkkəb hadisələrinin nəticəsi və Azərbaycanın böyük uğuru idi. Həmin vaxt Azərbaycan cəmiyyətində də bu hadisə birmənalı qarşılanmırdı. Bu nə müstəqillikdir, ordusu yox, maliyyəsi yoxdur deyirdilər. Ancaq başlamaq hər zaman ağrılıdır və çox yaxşı ki, həmin vaxt başlandı. Azərbaycanın müstəqilliyinin bünövrəsi qoyuldu.
– Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında münasibətləri necə xarakterizə edirsiniz?
– Azərbaycanla Gürcüstan bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə getməklə həll etməyə müvəffəq olmuşdular. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, “xristian qonşulardan Gürcüstan Cümhuriyyəti ilə çox dostanə münasibət” yaradılmışdı. Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağlamışdılar. Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə diplomatik nümayəndəsi təyin etdi. O və diplomatik nümayəndəliyin digər işçiləri iki ölkə arasında çeşidli, o cümlədən də iqtisadi sahədə əlaqələrin yaradılması və inkişaf etdirilməsində çox böyük rol oynadılar. Bakı azad edildikdən sonra isə Gürcüstan hökuməti öz diplomatik nümayəndəsi Nikolay Kartsivadzeni Azərbaycana göndərdi. Gürcüstan Respublikasının diplomatik nümayəndəliyi 1918-ci il oktyabrın 2-də Bakıda fəaliyyətə başladı. Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyi və Batumdakı konsulluq bölgədə türk və müsəlman əhalinin problemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, diplomatik nümayəndəlik Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu il aprelin 5-də Axalsix qəzasının zərər çəkmiş müsəlman əhalisinə 200 min rubl, konsulluq isə 1919-cu ilin mart ayında Batum vilayətindəki Azərbaycan təbəələrinə 10 min rubl, 1919-cu ilin mayında normal fəaliyyət göstərməsi üçün Batumdakı türk məktəbinə 10 min rubl yardım etmişdi. Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq hər iki respublikanın Versal sülh konfransındakı nümayəndə heyətlərinin fəaliyyətində də öz əksini tapmışdı. Həm Azərbaycan, həm də Gürcüstan nümayəndələri keçmiş Rusiya siyasi xadimlərinin və çar generallarının «vahid və bölünməz Rusiya» iddialarına qarşı ardıcıl mübarizə aparmış, bu istiqamətdə atılacaq addımları müntəzəm müzakirə edərək, əksər hallarda yekdil mövqedən çıxış etmişdilər.
– Qeyd olunan dövrdə İranda düzdür, daha çox ingilislər at oynadırdılar. Amma hər halda İran Azərbaycanın müstəqilliyini necə qəbul etdi?
– İran ilk gündən Azərbaycan adına qarşı çox kəskin etiraz etdi ki, dövlət bu adı götürə bilməz. Çünki Azərbaycan İranın bir bölgəsinin adıdır. Əslində dövlətin adının Azərbaycan seçilməyi müstəqil respublikanın ictimai-siyasi xadimlərinin çox böyük uzaqgörənliyi Çünkü İranın iddia etdiyinin əksinə olaraq “Azərbaycan” adı artıq monqol dövründən – XIII-XIV əsrlərdən Dərbəndə qədər bütün Azərbaycanı əhatə edən coğrafi anlam idi. Bu coğrafiya şimallı, cənublu Azərbaycandır. İndi isə bu ərazinin şimal hissəsində, Rusiya İmperiyasına daxil olan ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdu. İranın bu təkidləri müqabilində bir ara diplomatik yazışmalarda “Qafqaz Azərbaycanı” ifadəsi işlədildi, sonra isə buna ehtiyac olmadı. İranın özündə o zaman vəziyyət ağır idi, şah hakimiyyəti zəifləmişdi, üstəlik də siyasi reallıqları anlayırdılar ki, Müstəqil Azərbaycanın bütöv Azərbaycan iddiası yoxdur. Yeni respublika Rusiya İmperiyası hüdudlarındakı Azərbaycan torpaqlarının idarə edilməsi, oranın mənafeyinin qorunması ilə məşğuldur. İrandakı o xof tədricən götürüldü və sonra da düzdür, bir qədər gec olsa da normal münasibətlər bərqərar oldu.
– Azərbaycan özü iqtisadi vəziyyətdən çətinlik çəkdiyi halda Dağlı Respublikasına böyük köməklik göstərirdi. O barədə danışmağınızı istərdim.
– 1918-ci il mayın 11-də isə dağlı nümayəndə heyəti Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsi qəbul etdi. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu haqda rəsmi nota verdilər. Əbdülməcid Çermoyevin və Heydər Bammatovun imzaladığı bu sənədlər Osmanlı dövləti rəhbərliyi tərəfindən məmnunluqla qarşılandı. Alman nümayəndə heyəti isə bu qurumun bütün Şimali Qafqazı əhatə etməsinə qarşı çıxdı, Kuban vilayətində kazaklarla münasibətləri daha önəmli saydığını nümayiş etdirdi. Mayın 24-də Ə.Çermoyevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti Gəncəyə köçdü. Dağlı Respublikası nümayəndə heyəti 1918-ci il iyunun 8-də Batumda Osmanlı dövləti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən, Osmanlı dövləti Dağlı Respublikasına hərbi yardım etməyi və xarici təhlükələrdən müdafiə etməyi öhdəsinə götürdü. Azərbaycan Xalq Cümhuriyyəti də Şimali Qafqazda Dağlı Respublikası yaradıldıqdan sonra dağlı xalqlarına davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi. Azərbaycan xalqının Şimali Qafqazın yerli dağlı əhalisi ilə çoxəsrlik siyasi, iqtisadi və mənəvi əlaqələri 1917-1920-ci illərdə milli müstəqillik uğrunda mübarizə dövründə daha da gücləndi və çoxşaxəli oldu. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai-siyasi xadimləri bəhs olunan dövrdə Şimali Qafqaz xalqlarının milli-azadlıq hərəkatını rəğbətlə izləyir və bütün mümkün vasitələrlə onlara yardım edirlər.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası (Dağlı Respublikası) yaradıldıqdan sonra Azərbaycanın dağlı xalqlarına maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları davamlı və sistemli xarakter aldı. Oktyabrın 13-də Ə.Çermoyevin başçılığı ilə Dağlı Respublikası hökuməti Dərbəndə, oktyabrın 24-də isə Temir-xan-Şuraya köçdü. Azərbaycan hökuməti onun normal fəaliyyətə başlaması üçün oktyabrın 8-də 1 milyon manat faizsiz kredit ayırdı. 1 ay sonra Dağlı hökumətinin maliyyə naziri Vassan Gəray Cabagiyev Bakıya gələrək, Azərbaycan hökumətindən yeni – bu dəfə 500 min manat həcmində maliyyə yardımı aldı. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti Dağlı Respublikasına həmçinin təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918-ci il noyabrın 28-də Azərbaycan xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında müqavilə bağlandı. Müqaviləni Azərbaycan tərəfindən ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məmməd Həsən Hacınski, Dağlı hökumətinin səlahiyyətli nümayəndələri – sənaye və ticarət naziri Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim bəy Heydərov imzaladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə 10 milyon manat məbləğində faizsiz kredit verdi. Bütün bu faktlar aydın göstərir ki, Azərbaycan, 1918-1920-ci illərin ağır şəraitində də Şimali Qafqazın yerli dağlı xalqlarına arxa durmuş, bütün mümkün vasitələrlə Dağlı Respublikasına sonadək yardım göstərmişdi.
– Əlbəttə, Azərbaycan dağlı xalqlarının Denikin ordusuna qarşı mübarizəsinə də yardım göstərirdi…
– Məmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində qeyd edir: “Biz çox yaxşı bilirdik ki, Şimali Qafqazın, dağlı xalqlarının milli hüqüqlarının qorunması, Azərbaycanın milli hüquqlarının qorunmasının eynidir. Əgər ruslar bolşevik qırmızı ruslar, istər ağ köhnə Rusiya tərəfdarları qarşısını biz Petrovskidə kəsməsək, onlar səhər yeməyini Petrovskidə (indiki Mahaç Qala), günorta yeməyini Bakıda yeyəcəklər”. 1919-cu ilin payızında Şimali Qafqazda dağlı xalqlarının hərbi dəstələrinin Denikin ordusuna qarşı silahlı mübarizəsi geniş miqyas aldı. Azərbaycandan və Türkiyədən gəlmiş könüllülərin fəal iştirak etdiyi hərbi əməliyyatlarda denikinçilərə ağır zərbələr vuruldu. AXC hökuməti bu hərbi əməliyyatların bütün xərclərini ödəyirdi. Hökumət başçısı Nəsib bəy Yusifbəyli Gürcüstanlı həmkarına ünvanladığı məktubda bu məqsəd üçün 30 milyon manat vəsait xərcləndiyini və daha 10 milyon manat ayrıldığını bildirmişdi. Dağlı Respublikası fəaliyyət göstərənə qədər Azərbaycan tərəfi bütövlükdə əlli milyona qədər ona yardım edib. Bu rəsmi sənədlərdə əks olunub. Bundan əlavə tibbi personal, yanacaq göndərilib. Dağlı hökuməti süquta uğrayanda da Azərbaycan çox çalışdı ki, hökumətin və parlamentinin üzvləri sağ-salamat Azərbaycana keçə bilsinlər. Azərbaycanda onlara qucaq açdılar. Azərbaycan hökumətinə daxil etdilər. Məsələn, Nəsib bəy Yusifbəyli baş nazir olandan sonra dağlı hökumət üzvlərindən biri olan Rəşid xan Qaplanov bizim maarif naziri oldu. Bakı Dövlət Universitetinin açılmasında da Rəşid bəy Qaplanovun xidmətləri var.
– Azərbaycanda ingilis hərbi missiyası fəaliyyət göstərirdi. Azərbaycanın Böyük Britaniya ilə münasibətləri necə qurulmuşdu?
– 1918-ci ilin noyabrın 17-də ingilis generalı Tomson Bakıya gələndə Azərbaycan hökumətini tanımaq istəmirdi. Hətta Azərbaycan bayrağını da endirməyi tələb etmişdi ki, belə bir dövlət tanımır. Azərbaycan nümayəndələri İngiltərə ilə münasibətləri çox qısa müddətdə normal məcraya yönəldə bildilər. Fətəli xan Xoyski çox böyük səy göstərdi və həm Tomsonu, həm də İngiltərə hökumətini inandıra bildi ki, Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı ilə dost olsa da, müstəqil respublikadır. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə yaşayan bütün xalqlara münasibətdə demokratik mövqe nümayiş etdirirdi. 1918-ci il dekabrın 7–də Parlament fəaliyyətə başlayanda 80 yer əhalinin əsas çoxluğu olan azərbaycanlılara, 20 yer ermənilərə, 9 yer ruslara, 1 yer polyaklara, 1 yer də yəhudilərə verilmişdi. Halbuki, nə Gürcüstan, nə də Ermənistan parlamenti əhalinin bütün təbəqələrini təmsil etmirdi. Bunlar hamısı ona imkan verdi ki, Fətəli xan Xoyskinin hökumətini İngilərənin buradakı qoşunlarının komandanlığı qəbul etsin. Nəticədə ingilislər bütün Azərbaycan ərazisində, Qarabağdan Andronikin dəstəsinin kənarlaşdırılmasında, Naxçıvanla bağlı məsələdə obyektivliyə daha yaxın mövqe tutmağa başladılar. Azərbaycan nümayəndə heyəti də Denikinə münasibət istisna olmaqla bütün məsələlərdə İngiltərə ilə münasibətləri normal şəkildə yürüdüb.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 18 oktyabr 2018-ci ildə dərc olunub.