AZƏRTAC Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılovun Qarabağdakı abidələrimizlə bağlı apardığı araşdırmaları təqdim edir. Bu silsilədən olan növbəti məqalə Xocavənd rayonunun Tuğ kəndinin tarixi tikililəri haqqındadır.
El arasında “qədim qala şəhəri” adlandırılan Tuğ – Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahididir. Kənd Xocavənd rayonunda, rayon mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, dəniz səviyyəsindən 1400–1500 metr yüksəklikdə yerləşir. Kəndin ətrafının uca dağlarla əhatə olunması təbii qala istehkamını xatırladır.
Keçən əsrlərdə bu kənddə 1500 ev, 10 min nəfər əhali olub. Kənd əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul idi. Kənddə 135 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, 1 muzey, alban memarlığına uyğun 4 məbəd, 1 tarixi əhəmiyyətli körpü, at yarışlarının keçirilməsi üçün bir cıdır meydanı, kərpic hazırlayan bir neçə emalatxana, iki bulaq, dəyirman, 60-dan çox tarixi əhəmiyyətli qədim yaşayış evi, ümumilikdə, 100-dən çox tarix və mədəniyyət abidəsi olub. Lakin ermənilər son 28 ildə bu abidələrin demək olar ki, hamısını dağıdaraq yararsız hala salıblar.
Kəndin ətrafında yerləşən çoxsaylı qəbirüstü abidələr, qəbir daşları, məbədlər və qədim qalalar, mağaralar, Qarabağ Məlikliyinin inzibati yaşayış binaları, müxtəlif sənaye, məişət binaları və yaşayış evləri Tuğun Azərbaycan üçün böyük tarixi və arxeoloji əhəmiyyətini göstərir.
Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. Azərbaycanda və dünyada məşhur olan Azıx və Tağlar mağaraları Tuğ kəndi yaxınlığındadır.
Qarabağın ən qədim tarixə və mədəniyyətə malik kəndlərindən olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə çoxsaylı tarixi əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. “Tuğ” sözünün bir neçə mənası var: bu adı “zirvə” və “bayraq” kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Bir bilgiyə görə isə Tuğ qıpçaq kökənli bir soyun adıdır.
Daha bir Tuğ etnotoponimində Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlı olduğu bildirilir. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər var. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ şenliyi idi. 1727-ci ilə bağlı qaynaqda qeyd olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayır. Kəndin 10 dəyirmanı var. Əhali dənli bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərirdilər.
Dizaq mahalını məliklər idarə edirdilər. Məlik mahalının mərkəzi Tuğ kəndi idi. Məliklər Tuğ şenliyində əyləşirdilər. Atadan oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı idilər.
I Şah Abbas Səfəvinin (1587—1629) hakimiyyəti dönəmində Dizaq mahalının başçısı Məlik Sucum idi. Dizaq mahalını XVIII yüzildən bəri Məlik Yeqan və onun oğlu idarə etmişdi. Dizaq mahalı, onun mərkəzi Tuğ kəndi Rusiya-İran savaşları dönəmində əsas məkan olmuşdu. Bu kənd varlı olduğundan, həm rus, həm də İran ordusunun düşərgə yerinə çevrilmişdi.
Tuğun müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında da əhəmiyyətli rolu olub. Belə ki, Azərbaycan Milli İstiqlal Hərəkatı tarixində ictimai-siyasi xadim kimi tanınan, xalqımızın əsrlər boyu yetirdiyi böyük şəxsiyyətlərdən biri Cavad bəy Rza bəy oğlu Məlikyeqanovdur.
1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan tərəfindən işğal edilərək vəhşicəsinə talan olunub. İşğal altında qalan bu kəndin tarix-mədəniyyət abidələrinin bir qismi ermənilər tərəfindən dağıdılıb, bir qisminin isə formaları dəyişdirilərək erməniləşdirilməyə cəhd edilib. Tuğ məbəd kompleksi də onlardan biridir.
Tuğ kəndinin mərkəzində Qafqaz Albaniyası dövrü memarlığına uyğun, IX-X əsrlərdə inşa edilməsi güman edilən məbəd kompleks mövcud olub. Məbəd kompleksi mühafizə divarları və böyük giriş qapısı, yardımçı binalar və möhtəşəm üçnefli bazilikadan ibarətdir.
Məbədin uzunluğu 21,7, eni 12,9 metrdir. Bina düzbucaqlı zala və şərq tərəfə açılan giriş qapısına, 1,5 metrlik zirzəmiyə malikdir. Binanın tikintisində yerli pud daşlardan və əhəng məhlulundan istifadə edilib. Fasad divarları və tağlarda, o cümlədən giriş qapısının və pəncərələrin ətraflarının tikintisində yonulmuş daşlardan istifadə olunub.
Məbədin daxili və xarici divarlarında dini simvolikaların və zəng qülləsinin olmaması binanın dini xarakterli olmadığını göstərir.
Ermənilər işğal dövründə abidənin ətrafına çoxsaylı qəbir daşları düzərək, abidənin kilsə olduğunu sübut etməyə çalışdılar. Bu azmış kimi abidəni təmir edərək, əzəli görkəmindən də məhrum etdilər.
Vandalizmə uğratdıqları bu abidəni kilsə kimi təbliğ edirlər. Özlərinə saxta tarix yaratmağa çalışan ermənilər, kəndin ərazisinə, daşdan dekorativ xaç nümunələri yonaraq yerləşdiriblər.
Tuğun tarixi tikililəri arasında inşa tarixi məlum olmayan məbəd də var. Kəndin şimalında, maili bir yamacda yerləşir. Sadə formada olan bu Qafqaz Albaniyası dövrü abidəsi, düzbucaqlı salon dizaynına malikdir.
Ermənilər 28 il kilsə kimi təbliğ etdikləri bu məbəddən əslində isti havalarda heyvanların kölgələnməsi üçün istifadə ediblər.
2018-ci ildə ermənilərin daşdan hazırladıqları, xristian dininin atributları hesab edilən 3 ədəd bədii xaç nümunəsi də heyvanların ayaqları altına atılmışdır. Bu isə ermənilərin xristian dinindən dini inancları üçün deyil, siyasi məqsədlər üçün istifadə etdiklərinin bariz sübutudur.
Dizak məlikliyinin inzibati binası da Tuğda yerləşir. Məlikliyin binasının XVIII əsrin 20-30-cu illərində inşa edildiyi güman olunur. Bu düzbucaqlı, ikimərtəbəli binanın özünə məxsus memarlıq ansamblı, mühafizə divarları və əsas binanın ətrafında yardımçı tikililər var. Əsas binanın uzunluğu 38, eni isə 13,24 metr olub. Ancaq erməni vandallığına tuş gələn bu kompleksin varlığından əsər-əlamət belə qalmayıb.
Ermənistan silahlı qüvvələrinin işğalından sonra bina və ətrafındakı yardımçı tikililər ermənilər tərəfindən dağıdılaraq yararsız hala salındı, salamat qalan kiçik bir hissəsi isə orijinal görkəmindən məhrum edildi.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Tuğ kəndində olan 100-dən çox tarix və mədəniyyət abidəsinin yalnız bir neçəsi dövlət qeydiyyatına alınıb.