Tarixin yaddaşına “səyahət”
Tarix hər şeyi – yaxşını da, yamanı da yaddaşına yazaraq saxlayır. Doğrudur, bəzən həmin yaddaşdakı yazılar arxivlərin künclərində gizlədilir, insanlara unutdurulmağa cəhd edilir. Xüsusən tarixə siyasi yanaşma, müəyyən qrup və partiyaların maraqları baxımından qiymətləndirmə halları mövcud olanda! Amma belə vəziyyət də müvəqqəti sayılır. Çünki zaman hər şeyi öz yerinə qoyduğu kimi, tarixi faktların da üzə çıxarılmasına imkan yaradır. Həm də çox halda fədakar araşdırmaçıların, xalqının tarixinə və görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinə hörmət və məhəbbətlə yanaşan insanların əli və əməli ilə!
Jurnalistikamızın korifeyi, Azərbaycan mətbuatı tarixinin mahir araşdırıcısı professor Şirməmməd Hüseynov son dövr tədqiqatlarında erməni-müsəlman davası, iki xalq arasında yaradılan və zaman-zaman qanlı toqquşmalarla müşayiət olunan hadisələrin mahiyyəti, təşkilatçıları, erməni vəhşiliyinin ifşası ilə bağlı ayrı-ayrı qələm sahibləri tərəfindən qələmə alınaraq bir vaxtlar dövri mətbuatda dərc olunmuş yazıların aşkara çıxarılması, sovet ideologiyası ilə səsləşmədiyinə görə bəzi kitablardakı məqalələrdə aparılan ixtisarların bərpa olunması və yenidən ölkə ictimaiyyətinə çatdırılması sahəsində çox geniş və zəhmətli işlər görmüşdür. “Unudub uduzuruq” rubrikası ilə yenidən işıq üzünə çıxarılan bu məqalələr böyük maraqla qarşılanır. 31 mart Azərbaycanlıların Soyqırımı Günü və ermənilərin saxta “soyqırımları”nın 100 illiyini qeyd etmələrinə hazırlaşdıqları ərəfədə professor Şirməmməd Hüseynov tərəfindən yaddaşlarda bərpa edilən həmin məqalələrin bir qismini yenidən dərc edirik.
Qafqazı “bəlaya” salanlar kimlərdir?
Tarix ədəbiyyatında bizə 1905-ci ilin fevralında Bakıda və Qafqazın digər bölgələrində qatı erməni millətçiləri – daşnakların həyata keçirməyə başladıqları kütləvi qırğın, talan və misli-bərabəri görünməyən vəhşilikləri barədə necə məlumat verildiyi çoxlarımıza bəllidir. İndinin özündə də XX əsrin lap əvvəllərindən xalqımıza qarşı erməni təcavüzü və qətliamı haqqında yerli-yataqlı bir sanballı əsərə rast gəlmək olmaz. Daşnakların çarizmin əlində bir vasitə olması, inqilabi hərəkatı boğmaq və zəiflətmək məqsədilə rəsmi dairələrin belə çirkin bir siyasətə əl atması barədə də çox yazılıb. Lakin hadisələrin əsl təşkilatçıları və iştirakçıları olan ermənilərin rus şovinistlərini, bəzi rəsmi dairələri öz əllərində alətə çevirmələri kölgədə qalıb. Bu çox mühüm məsələdir. Bu barədə elə 1905-də az yazılmayıb.
1905-ci il martın əvvəllərində Peterburqda rusofil şovinist A.A.Suvorinin redaktoru olduğu “Rus” qəzetində (1903-1908) fevralda Bakıda daşnakların türk-müsəlmanlara qarşı həyata keçirməyə başladıqları kütləvi qırğın və talan hərəkətlərinə haqq qazandıran, əsl həqiqəti təhrif edən məkrli bir “Zlo Kavkaza” (“Qafqazın bəlası”) sərlövhəli irihəcmli bir yazı dərc olunmuşdu. Müəllifi İ.Doluxanov idi. Belə birtərəfli yazılar Tiflisdə, Moskvada, Rusiyanın bir sıra əyalət qəzetlərində də dərc olunmaqda idi. Daşnaklar bu təbliğat kampaniyasına da əvvəlcədən yaxşı və mükəmməl hazırlıq görmüşdülər. Bakıda törədilmiş qanlı hadisələrə dair əsl həqiqəti yazanların, çıxış edənlərin önündə, əlbəttə, mükəmməl biliyi, dərin təfəkkürü, qüdrətli savad və qələmi olan Əhməd bəy Ağayev gedirdi. Erməni İ.Doluxanovun “Rus” qəzetindəki yazısına da tutarlı cavabı məhz Əhməd bəy Ağayev vermişdir. Elə “Zlo Kavkaza” sərlövhəsi ilə verilmiş bu cavab məqaləsi 1905-ci il martın 18-i və 23-də “Kaspi” qəzetində dərc olunmuşdur. Çox ciddi elmi, ictimai-siyasi və fəlsəfi səciyyəli yazını təhlil və şərh etmək fikrində deyiləm. Onların işıq üzü görməsindən 110 il keçmişdir. Oxucular özləri yazının qiymət və tarixi dəyərini müəyyən edib verə bilərlər. Bircə çox böyük təəssüf hissilə qeyd etmək istəyirəm ki, bu qiymətli mənəvi irsə bu vaxtadək laqeyd, bəzən düşmənçilik münasibəti bəslənib və ona yenə də yiyə çıxan yoxdur. Amma çox nahaq! İndi həmin yazını oxuculara təqdim edirəm.
Şirməmməd HÜSEYNOV,
professor
İ.Doluxanov soyadlı birisi “Rus” qəzetində belə xeyli iddialı sərlövhə ilə geniş bir məqalə dərc etdirmişdir. Məqalə Bakı şəhərində baş verən son hadisələrə həsr edilmişdir.
Bu hadisələrdən sonra elə ilk günlərdən etibarən biz hamımızı – fərqi yoxdur, istər müsəlmanları, istərsə də erməniləri biabır etmiş dəhşətli qardaş qırğınına öz münasibətlərimizi kifayət qədər açıq şəkildə bildirmişik. Biz əvvəl də bu fikirdə olmuşuq, indi də bu fikirdəyik ki, bu dəhşətli qalmaqala səbəb olmuş hər bir polemika, mətbuatda hər hansı mübahisələr, yaxud bu və ya digər tərəfin təqsirkar olmasını müəyyən etmək cəhdləri, sözün yaxşı mənasında, istər ədalət mühakiməsi, istərsə də əhalini sakitləşdirmək üçün yerinə düşmür. Xüsusən ona görə ki, biz bu qanlı hadisələrin ayrı-ayrı epizodlarının hər hansı şəkildə şişirdilməsini və həmin epizodların qərəzli, təhrif edilmiş şəkildə yozulmasını bəyənməmişik və bəyənmirik. Biz əvvəl də elə düşünmüşük, indi də elə düşünürük ki, bu qanlı hadisələrin təqsirkarlarını müəyyənləşdirmək, səbəblərini təyin etmək ciddi, aşkar və qərəzsiz məhkəmənin borcu və vəzifəsidir və özünün subyektiv, çox vaxt yoxlanılmamış, bəzən də xoşagəlməz qərəzli polemik xarakter daşıyan, ədalət mühakiməsini təhrif edə biləcək, hələ sağalmamış yaraların qaysağını qopara biləcək müqəddəs hisslərə müdaxilə etmək mətbuatın işi deyil, bu, məsələnin mahiyyətini aydınlaşdırmağa ciddi səmərə verə bilməz. Bununla belə, oxşar hallarda mətbuatın rolu böyükdür: o, bir tərəfdən təlatümə gəlmiş mühitdə sülh və əmin-amanlıq yaratmaq üçün insanları zəkaya, çoxəsrlik qardaşlıq, birlik və razılıq ənənələrinə əməl etməyə çağırmalı, digər tərəfdən həqiqətən baş vermiş faktları göstərməklə ədalət mühakiməsinə kömək etməlidir. Xoşbəxtlikdən bizim səsimiz eşidildi və Bakı qəzetləri tarixən bir-birinə qırılmaz əlaqələri olan xalqlar arasında qədim qardaşlıq münasibətlərini bərpa etmək, sakitləşdirmək barədə çağırışları ilə xalqın sakitləşməsinə və hamının bu dəhşətli yuxudan ayılmasına xeyli kömək etmişdir. İndi o qanlı hadisələrdən bir ay keçəndən sonra sakitləşmiş və ayılmış hər bir müsəlman və hər bir erməni o günləri qarışıq bir yuxu kimi xatırlayır, Bakıda baş vermiş hadisələrin məhz şeytan vəsvəsələri nəticəsində hər iki xalqın eyni dərəcədə əziyyət çəkdiyini düşünürlər. Biz indiyə qədər Tiflis mətbuatının bir qismi, eləcə də teleqraf agentliklərinin yerli müxbirlərinin rəva gördükləri şişirtmələri və bəzən aşıq-aşkar vicdansız yazıları hər hansı şəkildə qiymətləndirməkdən çəkinmişik. Məsələn, “Qafqaz” qəzetinin müxbiri cənab Pavlovun ağzı o qədər qızışıb ki, o öz yazılarının birində bütün bu hadisələrdə Erməni inqilabi komitəsini günahlandırdığı halda, başqa bir yazısında sübut etməyə çalışırdı ki, müsəlmanlar bu qırğına əvvəlcədən hazırlaşırmış və bu məqsədlə onlar hətta ermənilərin evlərinə xüsusi nişanlarla işarələr qoyurlarmış! Peterburq Teleqraf Agentliyinin yerli agentinə gəldikdə isə, o da özünü çox da nəzakətli aparmamışdır. O özünün bütün teleqramlarında məsələni elə şəkildə qələmə verirdi ki, guya bu qırğını, bu talanları törədən yalnız müsəlmanlar olmuşdur. Lakin sonradan həmin teleqraf agentliyi əksmənalı və əvvəlkindən heç də az vicdansız xarakter daşımayan teleqramlar yayanda elə həmin cənablar rus mətbuatına müraciətlə xahiş etdilər ki, Bakıdan verilən xəbərlərə bir qədər ehtiyatla yanaşsınlar.
Bir daha təkrar edirik, biz yuxarıda şərh edilən baxışları əsas götürərək indiyə qədər Bakı hadisələrinə açıq-aşkar qərəzli münasibətlərin bütün bu cür təzahürlərinə və yalnız müsəlmanların qatil və talançılar kimi qələmə verilməsi cəhdlərinə laqeyd qalmışıq.
İndi isə vəziyyət tamam dəyişir: bütün Rusiya mətbuatında bu cür şişirdilmiş məlumatlar, ən vicdansız şəkildə şərhlər baş alıb gedir. Paytaxt və əyalət mətbuatında dərc olunan bütün yazılarda müsəlmanlar şüurlu və ya şüursuz qatillər, araqızışdıranlar kimi qələmə verilir. Bəlkə də başqa bir vaxtda biz bu halda da öz əsas baxışlarımıza sadiq qalar və Məhəmməd Peyğəmbərin belə bir vəsiyyətini rəhbər tutardıq ki, vaxt gələcək, yalan həqiqətin qarşısında puç olacaqdır, belə böhtanlara və insinuasiyalara əhəmiyyət verməzdik. Lakin indiki məqamda həqiqətin yalan üzərində təntənəsini gözləmək olmaz. Bu gün Rusiya cəmiyyətində müsəlmanlar barəsində yaranacaq bu və ya digər təsəvvür onlardan ötrü həyati əhəmiyyət kəsb edir. İş burasındadır ki, hazırda Rusiya cəmiyyətində böyük bir tarixi an yaşanır, bu cəmiyyət başdan-başa böyük islahatlar əhatəsindədir və Rusiyanın 25 milyonluq müsəlman əhalisinin bu islahatçılıq fəaliyyəti dairəsinə daxil edilməsi həyati məsələdir.
Aşkardır ki, əgər müsəlmanlara münasibət onların şüurlu və ya şüursuz qatillər, araqızışdıranlar, talançılar, kor fanatiklər anlayışlarından ibarət olsa, onların nəzərdə tutulan və can atılan islahatlar sahəsinə yaxın buraxılması imkanı istisna olacaqdır. Buna görə də hər bir ziyalı müsəlmanın müqəddəs borcu onlara nahaqdan və vicdansızcasına şər atılan yerdə, məlum hisslər və aprior anlayışlarla oynayaraq onların Rusiya cəmiyyəti qarşısında uydurma şəkildə təsvir edilməsi hallarına qarşı dərhal cavab verməkdir.
Bu baxımdan cənab Doluxanovun yuxarıda adını çəkdiyim məqaləsinə nəzər salaq. Həmin məqalədə iki sənəd gətirilir.
Birinci sənəd cənab Bunyatovun məktubudur. Budur həmin məktub: “Əziz qardaşım Mkrtıç. Şənbədən bazara keçən gecə saat 12-dən başlayaraq bizdə Sodom və Qomorra bir-birini qırır – tatarlar erməniləri, ermənilər tatarları.
Şəhər qan içindədir. Yaxın kəndlərdən buraya çoxlu tatar gəlmişdir – hamısı da berdanka və revolverlərlə silahlanmışdır. Onlar qarşılarına çıxan hər bir ermənini öldürür, dükanları qarət edirlər. Ermənilərə heç kəs kömək etmir. Polis və qoşunlar bu hallara əhəmiyyət vermir, tatarları qovub dağıtmır. Bu işin axırı çox pis olacaq. Ermənilər bunu gözləmirdilər – mollalar onları qətlə yetirməyə çağırırdı. İndi bizim vəziyyətimizi özün təsəvvür et. Tatarların evlərində çox erməni yaşayır – heç cür bir yerə toplaşmaq mümkün deyil, küçəyə çıxanların hamısını öldürürlər. Əgər bizim köməyimizə gəlməsələr, sabah bizi çox böyük təhlükə gözləyir. Sabah bizi ölüm gözləyir – ola bilsin ki, mədənlərdəki ermənilər köməyə gəlsinlər. İndi biz hamımız ölü kimiyik: qapıları bağlayıb otaqda oturmuşuq. Fevralın 8-də çox böyük qırğın oldu. Tatarlar erməniləri qılıncdan keçirirlər. Ermənilər bir neçə evdə birləşməyə cəhd göstərdilər – onları qırdılar, evləri yandırdılar, elə bil bu məlunlar əvvəlcədən hazırlıq görüblərmiş. Erməninin yaşadığı evin üstünə kerosin töküb yandırırlar. Bu gün ayın 9-da 20 nəfər silahsız erməni 4 kazakın konvoyu altında vağzala yola düşmüşdü, deyilənə görə, onları yolda öldürüblər. Hazırda mən və qardaşım eyni nömrədəyik. Biz ruslardan çox xahiş etdik ki, bizi öz evlərində gizlətsinlər – amma onlar bunu istəmirlər, çünki xəbər tutublar ki, harada erməni tapılsa, oradakı adamların hamısını qılıncdan keçirəcəklər. İndi saat 6-dır. Biz qaçmaq istəyirdik, lakin burada artıq atışma gedir, artıq bizim evin qapılarını sındırırlar. Zavallı ermənilər! Vay sizin halınıza! Mənim əzizim, əgər sən bu məktubu alsan və məni öldürsələr, mənim iki yetimimi tək qoyma. Onlara ata ol. Rusiya Xarici Ticarət Bankında mənim cari hesabımda pulum var (qəbzin nömrəsi), onu götürüb xərcləyərsən…
Üç gündür ki acıq, acından gözlərimiz tor görür, başımız gicəllənir. İlahi! Keç mənim günahlarımdan. Mən xilas olacağımıza ümidimi itirmişəm. Qoşunlar bizə heç kömək etmir. Tatarların hamısında zabit revolverləri, berdankalar var. Baş molla bütün erməniləri qətlə yetirməyi əmr etmişdir. Bu məktubun sənə çatıb-çatmayacağını bilmirəm. Poçta getməyə imkan yoxdur, çalışacam bir yolla onu poçt qutusuna atım. Qardaşım və bacım, mənim nəyim varsa, öz aranızda bərabər bölün. Əgər mən buradan azad olsam, sizə teleqram vuracam, yoxsa əlvida, qardaşım və bacım. Q.Bunyatov”.
Bu da ikinci sənəd. Bakıdan katolikosa ünvanlanmış və onun tərəfindən baş rəisə göndərilmiş teleqramın mətnini yazıram: “Üçüncü gündür ki, şəhərdə ermənilərlə tatarlar arasında mütəşəkkil qırğın gedir, artıq bir neçə yüz nəfər öldürülmüş, çox adam yaralanmışdır. Qubernator elə ilk gündən bu hadisələrin qarşısını almaqda aciz olduğunu etiraf etmişdir. Tatarlar əllərinə keçən erməniləri qırırdılar. Ətraf kəndlərdən olan tatarlar gecə şəhərə gəlmişlər. Səhər hava işıqlaşandan mağazaların talan edilməsi və qətllər başlandı. İndi küçələrin yolayrıclarında bir əsgərdən ibarət patrul qoyublar…”
Beləliklə, birinci sənəddən bəlli olur ki, a) mollalar müsəlmanları çoxdan erməniləri qırmağa çağırırmış, b) bu məqsədlə ətraf kəndlərin sakinləri şəhərə gəlmişlər və c) baş molla (??) bu şeytan əməlinə sanksiya verərək bütün erməniləri qətlə yetirməyi əmr etmişdir.
Bu, müsəlman ruhaniləri başda olmaqla, müsəlman cəmiyyətini qabaqcadan düşünülmüş və mütəşəkkil formada erməniləri qırmaqda ittihamdan başqa bir şey deyil. Bu cür ittiham irəli sürmək üçün adam gərək ya ruhi xəstə olsun, ya da çox həyasız. Mənim fikrimcə, bu sözlərin birincisi cənab Bunyatova, ikincisi isə cənab Doluxanova aiddir. Deyim nəyə görə belə hesab edirəm.
Cənab Bunyatov özü etiraf edir ki, öz yeremiadasını çox təhlükəli bir vəziyyətdə yazmışdır: üç gündür ki, o, heç nə yeməmişdir, ətrafda güllələr vıyıldayır. O, hər dəqiqə ölümünü gözləyirdi və hətta ölümü qabaqlayaraq, o öz son vəsiyyətini də etmişdir. Belə bir vəziyyətdə ölümün özü qorxunc görkəmi ilə qarşısında olduğu halda bu insanın, üstəlik həyat tərzinə görə güllə səslərinə o qədər də vərdiş etməmiş bir adamın ağlını itirməsini və ağzına gələni kağıza köçürməsini başa düşürəm. Bunlar onun qıcıqlanmış, vahiməyə düşmüş təxəyyülünün söylədiyi sözlərdir. Belə anlarda insanın fantaziyasının kabusları canlı varlıqlara çevrilir və gerçək hadisələr kimi onun təsəvvüründə canlanır. Axı mollalar, baş molla, necə deyərlər, müsəlman fanatizmi bu cür anlarda hazır təbii kabuslardır. Onların gerçəklik kimi qəbul edilməsi, hətta “erməniləri qırmağa çağırmağa” məcbur edilməsi cənab Bunyatovun düşdüyü psixi şəraitdə tamamilə təbii və adi haldır. Buna görə də cənab Bunyatovun bağışlanması da eyni dərəcədə təbii və məntiqlidir: o, necə deyərlər, öz xəstə təxəyyülünün günahsız qurbanı olmuşdur…
Amma cənab Bunyatovun fantasmaqoriyasını bütün dünyaya yaymış cənab Doluxanovu bağışlamaq çətin və qeyri-mümkündür. Cənab Doluxanov öz məqaləsini Tiflisdən, özü də həmin qanlı hadisələrin baş verdiyi gündən bir neçə həftə sonra hadisə yerindən bir neçə yüz verst məsafədə yazmışdır. Çox güman ki, o öz məqaləsini götür-qoy edilmiş şəkildə, soyuqqanlı tərzdə yazmışdır. Onun təxəyyülünə nə alıcı, nə ölüm qorxusu, nə də güllələrin vıyıltısı heç bir təsir göstərməmişdir. O, həmin biabırçı və dəhşətli günlərdə baş vermiş hadisələrin bütün təfərrüatı artıq məlum olarkən yazmışdır. Bütün bunlar cənab Doluxanova məlumdur. Şübhə yoxdur ki, o, həmin qırğınlarda müsəlman ruhanilərinin şanlı insanpərvərlik rolu oynamasını da bilirdi. Müsəlman ruhaniləri özlərinin bu hərəkəti ilə bu diyarın həqiqi mənafelərini necə yüksək qiymətləndirdiklərini, iki xalq arasında sülhə, sevgiyə, birliyə necə hədsiz qiymət vermələrini nümayiş etdirdi. Ölümdən, güllələrdən qorxmayaraq birinci olaraq küçəyə çıxan, öz nüfuzlu ağsaqqal sözləri ilə xalqı təmkinli olmağa çağıran kim idi? Məhz Bakının baş mollası Qazı Seyid Mirməmmədkərim Hacı Mircəfərzadə: çərşənbə axşamı, fevralın 8-də, yəni qırğının ən dəhşətli vaxtında, güllələrin yağış kimi səpələndiyi bir məqamda o, təkbaşına küçəyə çıxaraq bütün xalqı təmkinli olmağa, sülhə çağırırdı. Və o qədər mərd adam idi ki, erməni kilsəsinə təkbaşına getmişdi!
Ertəsi gün, yəni çərşənbə günü cənab qubernatorun konvoyu altında toplaşmış möhtərəm şəhərlilər və ruhanilər tərəddüd edəndə, bir-birinə qətiyyətsiz halda baxanda bu klassik güclü sözləri kim söyləmişdi: “Cənablar, hər dəqiqə tərəddüd etməyimiz, bircə dəqiqə gecikməyimiz bəlkə də bir neçə insanın həyatı bahasına başa gələ bilər! Gəlin gedək: mən əlimə “Quran” götürüb qabaqda gedirəm, qoy birinci güllə mənə dəysin!” Bunu deyən elə həmin qazı idi. Və onun bu hərəkəti bütün o biri insanlara da ürək-dirək verdi, bu, hər iki qardaş xalqın onları bürümüş qəflət yuxusundan ayılmaq, xilas olmaq anı idi. Elə həmin gün, bəlkə də elə həmin dəqiqələrdə başqa bir molla qubernator məclisindən qayıdırdı – molla Ağa Axundzadə eyni fədakarlıq və eyni cəsarətlə sənaye rayonundakı xalqa müraciət etdi, onları sülhə və dostluğa çağırdı. Bəs Zaqafqaziyanın şeyxülislamı və müftisi – Məhəmmədin dininin bu diyardakı bu iki ali nümayəndəsi nə etdi? Məgər onlar erməni yepiskopu ilə birlikdə başını itirmiş, ağlı başından çıxmış və bədbəxt Bakıya sülh, məhəbbət və qardaşlıq çağırışları ilə müraciət etmədimi?
Küçələrdə, bazarlarda, məscidlərdə və kilsələrdə moizə oxuyaraq ağlını itirmiş bu kütləyə onlar başa salmadımı ki, müsəlmanların və ermənilərin dinlərinin mahiyyəti birdir, onların vətənləri, tarixləri ümumi, taleləri müştərəkdir. Mən çox istərdim ki, cənab Doluxanov, bu günlərdə siz burada olaydınız, ümumi nadanlığın, ümumi ağılsızlığın qurbanı olmuş bu erməni və müsəlman kütlələrinin öz ruhani ağsaqqallarının moizələrini necə dinlədiklərini, öz əməllərindən peşman olaraq xəcalət içində necə acı göz yaşları axıtdıqlarını, onları qəflət yuxusundan oyatmış sözlərin təsiri altında çöhrələrinin necə nurlandığını öz gözünüzlə görəydiniz.
Bəs mollalara, baş mollaya böhtan atmaq cənab Doluxanovun nəyinə lazım idi? Doğrudanmı bunu etmək bu dərəcədə vacib idi? Doğrudanmı, heç olmasa, burada bütün Qafqazın müsibət içində olduğu bir vaxtda müvəqqəti də olsa qərəzli ideyalardan əl çəkmək, bu qanlı müsibətin əsl kökünün harada gizləndiyini axtarmaq olmazdı?
Xeyr! Görünür, İlovayski bizim başımızın üstünü fatal şəkildə kəsdirib, bizim intelligentlərə xas olan səfehliklərimizə fatal şəkildə rəhbərlik edir. Biz – gələcək “intelligentlər” və “publisistlər” hələ yeniyetmə yaşlarında məktəb skamyasında onun “Tarix” kitabını öyrənməkdən aldığımız təəssüratlar, bizim hələ yetkinləşməmiş şüurumuza və qəlbimizə “Məhəmmədə”, “səlib yürüşləri”nə, xristianların yaşadığı və sarasin-basurmanlardan əziyyət çəkdikləri “Fələstinə” həsr edilmiş kitabların səhifələrinə və sərlövhələrinə yayılmış zəhəri acgözlüklə dadanda baxışlarımız hələ uzun müddət kütləşəcək, hisslərimiz təhrif olunacaqdır. Bu “ən xalis xristian” yazılarının “zəhəri” hələ neçə-neçə nəsilləri zəhərləyəcək və nəinki indiki, həmçinin gələcək Doluxanov cənabları da, mediumlar hipnozçuların onlara aşıladıqları fraza və fikirləri təkrarladığı kimi, Doluxanovların aşıladığı fraza və fikirləri təkrarlamaqda davam edəcəklər. Cənab Doluxanov cənab Bunyatovun mollalar barəsində qorxu hissindən aşılanmış fantasmaqoriyanı, necə deyərlər, elə-belə, adamlar çoxdan məlum olan aksiomları, labüd və hamı tərəfindən qəbul edilmiş həqiqətləri necə qəbul edirlərsə eləcə, yoxlamadan qəbul etmişdir. Əcəba, bu o qədər həqiqətə oxşayır, o qədər təbii görünür ki, mollalar kafirlərin döyülməsini təbliğ etsinlər. Cənab Doluxanovun fikrində və qəlbində İlovayskilər, Çrevanskilər, Krımskilər dilə gəlmiş və onun “intelligent” qəlbində onların müsəlmanlar və müsəlmanlıq haqqında yazdıqlarını oxuyarkən yaranmış şüalar əks etmişdir.
Beləcə nəsilbənəsil, cərgəbəcərgə insanlara təlim və tərbiyə verirlər. Xristian müsəlmanı tanımır, müsəlman xristianı tanımır. Yanıldım: onlar bir-birini tanıyırlar, lakin əslində olduqları kimi deyil, cənab İlovayskinin onları bir-birinə təqdim etmək istədiyi kimi bilirlər. Bu cür tanışlıq nəticəsində aradan qaldırılması mümkün olmayan ümumi bəlalar baş verir. Əlbəttə, bunların cənab İlovayskilərə heç bir zərəri yoxdur, bəlkə də daha çox cənab İlovayskilərin davrandığı, onların məxsusi nəzərdə tutduğu nəhəng kütlə bütün bunlara münasibətdə tamamilə indeferentdir.
Onlar özlərinə əsla ziyan vurmadan bizim barəmizdə istədikləri fikri və ya təsəvvürü yarada bilərlər. Onlar elə fikirləşə bilərlər ki, biz nə isə xüsusi növlü adamlarıq, antropofaqlarıq, sikloplarıq və bəlkə də anlaşılmazlıq nəticəsində insanlara çevrilmiş itlərik, buna görə də hətta bəşər ailəsinə yaxın buraxılmağa da layiq deyilik.
Bir yerdə yaşayan, eyni bir hava ilə nəfəs almağa, eyni bir torpağa ana vətən deyə müraciət etməyə, anadan olduğu gündən ölən günə qədər eyni təəssüratlar almağa, taleyin bəxş etdiyi bütün sevinci və kədəri bir-biri ilə bölüşməyə, eyni bir bəla üzündən sarsılmağa məcbur olan Əhməd və Karapet kimi adamlar üçün bu tale qismətini onlara təbiətin, həyatın, yoxsa tarixin bəxş etməsindən asılı olmayaraq, bir-biri barəsində hər hansı təsəvvür yaratmaq o qədər də fərqsiz deyil. Burada hər hansı anlaşılmazlıq, hər hansı saxta anlayış, hər hansı yalan fikir yaranması labüddür və insanlara çox baha başa gəlir.
Onda ümumi həyat başdan-başa anlaşılmazlığa, münaqişələrə, bitib-tükənməyən mübahisə və savaşlara çevrilir. Halbuki onların bir-birindən ayrı salınması və bir-birini başa düşməməsi sanki “crecsendo” tərzdə baş verir.
Düzdür, biz bir yerdə yaşamışıq və yenə bir yerdə yaşayırıq, dumalarda, klublarda, meydanlarda, bazarlarda üz-üzə gəlirik, bizim taleyimiz müştərəkdir, eyni hadisələrin şahidi oluruq, lakin bizim ürəklərimiz bir-birindən uzaq olmuşdur və zaman keçdikcə aramızdakı uçurum genişlənmiş, dərinləşmişdir. Hələ aşağılarda ciddi və əməksevər insanlar, özləri və ailələri üçün bir tikə çörək qazanmaqla məşğul olan adamlar bir-birini başa düşə bilərlər, çünki əməyin birləşdirdiyi bu adamların bütün fikirləri və hissləri bu ümumi əməyin dövrəsində fırlanırdı. Lakin biz – İlovayskilərin rəhbərlik etdiyi üzdəniraq intelligentlər bir-birimizdən get-gedə uzaqlaşırdıq. Daha mədəni, daha mütərəqqi olanlar çox irəlidə gedir, nisbətən az mədəni olan digərləri isə birincilərlə ayaqlaşa bilməyib geri qalırdılar.
Birincilər ikincilər tərəfindən dəstək görməyəndə əsəbiləşir, ikincilər isə birincilərin onlara kömək etmək, onların qayğılarını və ehtiyaclarını anlamaq istəmədiklərini görəndə onlar da əsəbiləşirdilər. Bəziləri özlərindən razı halda o birilərinə heç nəyə qabil olmayan adamlar kimi nifrətlə baxır, digərləri isə birincilərə şübhə ilə yanaşır, onlara etibar etmirdilər.
Dostcasına söhbətlər, salamlaşmaq, hal-əhval, çıxışlar, debatlar – bütün bunlar bizdə inkivizitor baxışları ilə düşmənin qəlbinə nüfuz etmək, onun gizli hisslərini araşdırmaq istəyi ilə müşayiət olunurdu, lakin bunu etmək mümkün olmadığına görə hər kəs digərində gizli fikirlər, bədxah niyyətlər olduğunu güman edirdi. Bu hələ harasıdır: indi insanların qəlbinin dərinliklərində cənab İlovayskinin qayğıkeş əli ilə yaranmış zəhərli toxumlar baş qaldırmışdır. İndi insanların təxəyyülündə antipod anlayışlar, xristian və müsəlman kimi düşmən rəmzlər yaranmışdır! Bunun nəticəsində biz bir-birimizə qarşı münasibətdə öz çıxışlarımızda və debatlarımızda heç istəsək də, ədalətli ola bilməzdik. Buna görə də həmin çıxışlar və debatlar bu qədər kəskin, düşmən xarakteri daşıyırdı və buna görə də cənab Doluxanov mollalara böhtan atmağı özünə rəva görmüşdür.
Biz cənab İlovayskilərdən aldığımız zəhərlə öz xalqlarımızı və xalq kütlələrini zəhərləməyə başlamışıq. Biz maarifçilər rolunu öz üzərimizə götürənə qədər həmin kütlələr öz hisslərinin və fikirlərinin sadəliyi və səmimiliyi, instinktlərinin saflığı ilə yaxşıca dil tapır və bir-birini başa düşürdü, lakin biz onlara rəhbərlik etməyə, onları maarifləndirməyə başlayan vaxtdan elə özümüzün İlovayskilərdən aldığımız zəhərlə onları da zəhərləmişik; hisslər, fikirlər, anlayışlar tədricən təhrif olunmuş, bir-birindən uzaqlaşmışdır və yaranmış uçurum xalqları bir-birindən ayırmağa başlamışdır. Amma biz nəinki bu iki xalqın bir-birinə yaxınlaşmasını, onların birləşməsi və bir-birini başa düşməsi üçün heç nə etməmişik, hətta onları bir-birindən ayırmaq və bir-birinə düşmən etmək üçün əlimizdən gələni etmişik. Qırğın dövründə yaralananlar və zərərçəkənlər arasında paylanmaq üçün ianələr toplayan komitənin bir üzvü kimi mən zərərçəkənlərin yanında olarkən istər-istəməz onların üzləşdiyi müsibətlərin, çəkdikləri əzabların və arasıkəsilməz göz yaşlarının şahidi oluram və hər dəfə də həm özümü, həm də üzdəniraq intelligent adamların hamısını lənətləyərək öz-özümə deyirəm: axı heç bir günahı olmayan bu bədbəxt insanlar nəyə görə əziyyət çəkirlər?
Xeyr, cənab Doluxanov, günahkar nə mollalardır, nə də baş molla, günahkar siz özünüzsünüz. Qafqazın əsl bəlası sizin axtardığınız yerdə deyil, bizim özümüzdədir. Nə qədər ki qəzet səhifələrini sizin fikirləriniz və hissləriniz “bəzəyəcək”, nə qədər ki siz cənab İlovayskilərdən oxuduğunuz zəhərləri bizim orqanizmimizə yeritməkdə davam edəcəksiniz, bizə nicat yolu olmayacaq. Bizim nicatımız özümüzün ayılmağımızdadır, qərəzli ideyalar və hisslərdən əl çəkməyimizdədir – vəssalam! Doğrudan da ayılmağın vaxtıdır.
(Ə.(Əhməd bəy) AĞAYEV
“Kaspi” qəzeti, 18, 23 mart
1905-ci il, № 48, 52)
“Azərbaycan”qəzeti
18.03.2015