Məkrli erməni millətçiləri 1905-ci ildə Şamaxıda həyata keçirə bilmədikləri genişmiqyaslı soyqırımı planlarına 1918-ci ildə müvəffəq olmuşdular

Erməni-daşnak birləşmələrinin 1918-ci ilin mart-aprel aylarında törətdikləri dəhşətli soyqırımı aktlarını Şamaxı sakinləri də öz talelərində yaşamalı olmuşlar. Bu qanlı hadisələrin də törədilməsində S.Şaumyan və onun əlaltılarının xüsusi rolu vardı. O özü 1918-ci il aprelin 13-də Xalq Komissarları Sovetinə göndərdiyi məktubda etiraf etmişdi ki, Şamaxıya artilleriya və pulemyotları olan yeni dəstələr göndərmişdir. Bu dəstələrə Şaumyanın yaxın silahdaşlarından olan və Şamaxı qırğınının əsas təşkilatçısı daşnak S.Lalayev rəhbərlik etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild 925 vərəqdən ibarət topladığı materiallar ermənilərin burada törətdikləri qırğınlar barədə ətraflı məlumat verir.
1918-ci il noyabrın 20-də Fövqəladə İstintaq Komissiyasının sədri Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzədə göstərilirdi ki, Şamaxı şəhəri iki hissədən ibarətdir: yuxarı – erməni hissəsi, aşağı – müsəlman hissəsi. Birincidə əsasən ermənilər, malakanlar, müəyyən qədər də müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti azərbaycanlılar idi. Ermənilər və malakanlar 6 kənddə yaşayırdılar.
Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlmanlarına qarşı düşmən mövqedə olmuş ermənilər həmişə fürsət gözləyiblər ki, qırğın törətsinlər. Ona görə də 1918-ci il martın 18-də şəhərin müsəlman hissəsinə quldurcasına daxil olan daşnaklar “Biz bu günü 12 ildir gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün müqəddəs həzrəti Abbasınızı çağırın”, – deyə bağırırmışlar.
1917-ci il fevral çevrilişindən sonra çar hakimiyyət orqanlarının yerli komandası Şamaxıdan getdikdən sonra ermənilər gizli surətdə silah anbarını ələ keçirmiş və bu barədə nə qəza komissarına, nə də yerli Müsəlman Milli Şurasına məlumat vermişdilər. Onlar əsasən ermənilərdən ibarət hərbi qarnizon təşkil edib çalışmışdılar ki, oraya müsəlmanları buraxmasınlar.
Martın birinci yarısında məlumat alınmışdı ki, Bakıdan Şamaxıya bolşevik hakimiyyəti adından çoxlu hərbi sursat, top və pulemyotlarla silahlanmış 3 minədək erməni qoşun dəstəsi gəlir. Onları qarşılamağa gələn nümayəndə heyəti malakan kəndi Qozluçayda görüşürlər. Hərbi dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və bildirirlər ki, dəstənin başlıca məqsədi Şamaxı qəzasını quldur birləşmələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən keçərək Mədrəsəyə gedəcəklərinə söz verirlər.
Tarixi mənbələrdə göstərilir ki, martın 18-də Şamaxı şəhərinin sakinləri yuxudan sübh çağı top atəşlərinin sədaları altında oyanırlar. Evlərindən çıxarkən görürlər ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınmışdır. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur. Yuxarı hissədə yaşayan ermənilər isə azərbaycanlılar olan məhəllələri gülləbaran edirlər. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz olur.
Ermənilər və malakanlar həmləyə başladıqdan bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və erməni hissəsi ilə sərhəd olan “Piran-Şirvan” bölməsinə daxil ola bilirlər. Onlar yerli əhalinin evlərini talan edir, yandırır, dinc sakinləri qəddarlıqla qətlə yetirirdilər. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərə od vurulurdu. Ermənilərin qarət edib yandırdığı mülklər arasında Şıxıyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının imarətləri var idi. Gecə müsəlmanlar təslim olmaq barədə ermənilərin yanına nümayəndələr göndərir və sülh barədə xahiş edirlər. Lakin atəş dayandırılmır.
Adamları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirdilər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yaranırdı. “Daşnaksütyun”çuların Şamaxı şəhərində törətdikləri bu vəhşiliklər bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin buraya köməyə gəlməsindən qorxuya düşən erməni quldurları Şamaxı qəzasının Qozlu-çay malakan kəndinə geri çəkilirlər.
Gəncədən gələn silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni quldurları şəhərdə yenidən peyda olurlar. Bu dəfə talanlar və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, xüsusi qəzəb və qaniçənliklə həyata keçirilir. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolur. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilir, bir müsəlman evi belə salamat qalmır.
Ə.Xasməmmədovun məruzəsində göstərilir ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir neçə min azərbaycanlı qətlə yetirilib. Onların arasında tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər məşhur Axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşdülər. Nüfuzlu şəxslər sırasında şəhər hakimi Teymur bəy Xudaverdov, I Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məhəmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxəlil Əhmədov və bir çox başqaları işgəncələrlə qətlə yetirilmişdilər.
Ermənilər Axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda azərbaycanlı qadın və uşağı da güllələmiş, sonra isə meyitlərə od vurub yandırmışdılar. Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. Şəhərə hücum, onun dağıdılması, dinc əhaliyə – qadına, qocaya, uşağa qəddarcasına divan tutulması ermənilərin azərbaycanlılara qarşı kin-küdurət və düşmənçilik hisslərindən irəli gəlirdi. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, şuşalı Aqamalov və digərləri rəhbərlik etmişdilər. Yüzlərlə şahid və zərərçəkən dindirilərkən bu qatillərin adlarını çəkmişdir.
Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatski komissiya sədrinin adına yazdığı məruzədə dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş cinayətlər törətmiş bu qatillər barədə cinayət işi qaldırmağı təklif edirdi.
Tədqiqat materiallarından və tarixçilərin araşdırmalarından məlum olmuşdur ki, təkcə mart ayında Şamaxının 58 kəndi erməni silahlı birləşmələri tərəfindən dağıdılmış, təxminən 8 000-dən çox insan öldürülmüşdü. 1918-ci ildə 15 min əhalisi olan Şamaxıda bu rəqəm 1921-ci ildə xeyli aşağı enmişdi. Bundan başqa, şəhərdə azərbaycanlıların bütün hərəkət edən əmlakı qarət edilmişdi. Azərbaycanlılara məxsus evlər dağıdılmış, 13 məscid, o cümlədən böyük tarixi abidə olan Cümə məscidi yandırılmışdı (“Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabı, Bakı 2012).
Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilərin qəfil hücumlarına məruz qalmışdı. Martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində olan Ərgəxan kəndinə də hücumlar olmuşdu. Bu kənddə ermənilər böyük işgəncələrlə 237 nəfəri qətlə yetirmişdilər.
Şamaxıda törədilmiş cinayətlərlə bağlı tədqiqat işləri hələ də davam etdirilir. Baş vermiş qanlı hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə ermənilərin azğınlıqlarının tam mənzərəsi bu günə qədər aydınlaşmayıb. Tədqiqatçılarımızın araşdırmaları nəticəsində müəyyən olunub ki, ermənilər Şamaxı şəhərində təqribən 14-16 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
İradə ƏLİYEVA
31.03.2024, “Azərbaycan”
20.11.2025, 1905.az
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








