20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb
20 Yanvar faciəsi 1918-ci ilin mart qırğınlarından sonra Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayət idi.
İnsanlıqla bir araya sığmayan bu qanlı qırğına aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından keçirdi. Bunlara etiraz edən xalqımız ayağa qalxmışdı, küçələrə və meydanlara axışan on minlərlə insan SSRİ rəhbərliyindən ayrı-seçkiliyə son qoyulmasını tələb edirdi. Sonradan mitinqlərdə azadlıq nidaları da səslənməyə başladı, üçrəngli bayrağımız göründü. Ayrı-ayrı günlərdə indiki Azadlıq meydanına bir milyonadək insan toplaşırdı. Azərbaycanda gündən-günə genişlənməkdə olan kütləvi xalq hərəkatı Kremli qorxuya salmışdı. Bakıya qoşun yeridiləcəyi barədə söz-söhbətlər dolaşırdı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif növ silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olundu. Bunu təkcə bir faktdan aydın görmək olar ki, fövqəladə vəziyyətin tətbiqi elan olunana qədər 82 dinc sakin amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin tibb işçiləri də vardı.
“Şit” təşkilatının hesabatından: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.
Ümumiyyətlə, yanvar hadisələri zamanı paytaxt Bakıda, eləcə də Neftçalada və Lənkəranda 150 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdı.
Sovet ordusunun törətdiyi cinayət və cəza tədbirləri xalqımızın iradəsini sarsıda bilmədi. 20 Yanvar şəhidlərinin dəfn edildiyi gün bunun bariz nümunəsidir. Fövqəladə vəziyyət rejiminin qüvvədə olmasına baxmayaraq, yanvarın 22-də Azadlıq meydanına toplaşan iki milyon insan şəhid tabutlarını dağüstü parka (indiki Şəhidlər xiyabanı) çiyinlərində apardı.
Xalqımızın başına gətirilən müsibətin bu gün on minlərlə canlı şahidi var. İmperiya qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin dəhşətli nəticələrini, eyni zamanda, xalqın yenilməzliyini əks etdirən dəlil-sübutlarından biri də fotoşəkillərdir. Qanlı Bakı gecəsinin, günahsız insanların küçələrə səpələnmiş cəsədlərinin, şəhidlərin dəfnində yaşanan izdihamın və digər epizodların əks olunduğu fotolara baxdıqca həmin günlər bir daha göz önündə canlanır. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Şəhidlərin dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının böyük kədəri ilə yanaşı, mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini nümayiş etdirdi. O vaxt çəkilmiş fotolar özündə bu qürurverici anları yaşadır. AZƏRTAC-ın arxivindən götürülmüş bu fotoşəkillərin bəzilərini təqdim edirik.
İllər keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar da dəyişir. İlk vaxtlar yalnız ağlayıb-sızlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər həm də sonsuz fərəh, qürur hissi ilə döyünür. Həmin qanlı günlər Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazıldı. Ulu Öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələri haqqında danışarkən deyirdi ki, o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Belə də oldu. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi kimi qiymətləndirildi.
20 Yanvarın tariximizdə tutduğu yeri indi – 33 il keçdikdən sonra daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı müstəqillik yolunda ilk şəhidlərini verdi. Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.
1990-cı ildən başlanan məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu, Qarabağ Zəfəri ilə ən yüksək zirvəyə çatdı. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. 1990-cı illərdə Şəhidlər xiyabanına gəlib, şəhid məzarlarını ziyarət edən uşaqlar illər keçdikdən sonra özləri qəhrəmanlıq dastanı yazdılar, düşməni Vətən torpaqlarından qovub çıxardılar.
Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da uyuyur. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını qurban verən şəhidlərimiz müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoyublar. Xalqımız 20 Yanvar faciəsinin 33-cü ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.
Təpədən-dırnağa kimi silahlanmış sovet əsgərləri tərəfindən əliyalın insanların qəddarcasına gülləyə tutulduğu, tankların altında əzildiyi həmin qış gecəsi, əslində, azadlıq günəşinin ilk şəfəqləri parlayırdı.
Ötən illər ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib. Zamanın sürətli axarında dəyişməz qalan yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.
Sovet ordusunun hərbi müdaxiləsindən sonra Azərbaycan informasiya blokadasına alınmışdı. Televiziya və radiolar işləmirdi, qəzetlər çıxmırdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü – yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini vurğulayaraq dedi: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı… Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törədilən dövlət terrorundan xəbər tutdu.
1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir… Bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Noyabrın 21-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini belə qiymətləndirib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Şəhidlərimizə bir çox əsərlər həsr olunub, sair və yazıçılarımız onların qəhrəmanlığını vəsf ediblər. Bu əsərlərin sırasında Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması xüsusi yer tutur. 20 Yanvar faciəsinin Azərbaycan tarixində nə ilk, nə də son olmadığını vurğulayan şairi yazırdı:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər…
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Çox keçmədən bu tumlar cücərdi, illər ötdükcə tufanların əyə bilmədiyi qol-budaqlı ağaclara çevrildi. Bu gün bayraqlar sırasında bizim də bayrağımız, imzalar içində bizim də imzamız var. Otuz üç il əvvəl qanlı qış gecəsində doğmaqda olan azadlıq günəşi bu gün başımız üstündə bütün parlaqlığı ilə bərq vurur.
Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti Ulu Öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Bakının ən hündür nöqtələrinin birində yerləşən bu məkan həm ümummilli kədər və iztirabın, həm də xalqımızın mübarizliyinin, yenilməz iradəsinin təcəssümüdür. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır.
Hikmət Əhmədov, AZƏRTAC