Sovet ordusunun hərb maşını 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğından sonra – yanvarın 26-da Lənkəranda da oxşar hadisələr yaşandı. Yanvar hadisələri zamanı Lənkəran 11 şəhid verdi. Onlardan 5-i Bakıda, 6-sı isə Lənkəranın Haftoni meşəsində qətlə yetirildi.
AZƏRTAC xəbər verir ki, sovet hərbiçiləri Lənkəranda da dinc əhaliyə divan tutmaqla, hədə-qorxu gəliblər. Bunu görən özünümüdafiə batalyonunun üzvləri şəhərdə baş verə biləcək qırğının qarşısını almaq üçün Haftoni meşələrinə çəkilib. Həmin qanlı günlərin şahidi olan Hicran Əsədov deyir ki, yanvarın 26-da saat 15 radələrində sovet ordusunun xüsusi təyinatlıları meşəyə yeridilib: “Onlar silahlı idilər, bizə güllə atmağa başladılar. Həmin vaxt 5 şəhid verdik, yaralananlarımız oldu. Təslim olduqdan sonra əl-qolumuzu bağladılar. Bizi vertolyotla türməyə aparanda Tariyel boğularaq şəhid oldu”.
Həmin günlərdə yaşanan hadisələrin digər iştirakçısı isə Aftandil Vəliyevdir. Onunla da söhbət edirik. O günləri yenidən yada salaraq deyir ki, sovet hərbçiləri meşədə onu da saxlayaraq, əl-qolunu bağlayıblar. “Həmin hadisələri unuda bilmirəm. Hər dəfə yadıma düşəndə sanki yenidən o günləri yaşayıram. Allah xalqımıza bir də faciələr yaşatmasın”, – deyən Aftandil Vəliyev şəhidlərimizin bizim üçün qürur yeri olduğunu söyləyir.
Sovet rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, insanların haqq səsini, azadlıq istəyini boğmaq mümkün olmadı. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən bu qırğınlarda xalqımız qurbanlar versə də, mübarizə əzminin qırılmaz olduğunu, bir yumruq kimi birləşə bildiyini sübut etdi.
Qanlı Yanvar günlərində şəhidlik zirvəsinə ucalan 11 lənkəranlının adı şəhərin girişindəki Şəhidlər xiyabanında əbədiləşdirilib. Hər il minlərlə sakin bu müqəddəs məkanı ziyarət etməklə, onların xatirəsini anırlar.
Müəllim Rahim Şiriyev bildirir ki, şəhidlərimizin məzarlarını ziyarət etmək, onların qəhrəmanlıqlarını xatırlamaq hər birimizin vətəndaşlıq borcudur: “Bu günləri unutmamışıq və unutmamalıyıq. Şəhidlərimizi yad etmək, şagirdlərimizə onların qəhrəmanlığından danışmaq borcumuzdur. Şagirdlərimiz də qəhrəmanlarını tanımaq üçün maraq göstərirlər. Şagirdləri Şəhidlər xiyabanına gətirib, onlara şəhidlərimizin qəhrəmanlıqlarından danışırıq. İnanıram ki, bizim gənclərimiz də onlar kimi vətənpərvərdirlər və bu Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar”.