Yanvar faciəsi tarixi yaddaşmıza kədərli hadisə kimi, hüznlü gün kimi, lakin bununla bərabər həm də Azərbaycan xalqının tarixində fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olmuşdur. Azərbaycan xalqı yüzilliyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi.
Dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz ləyaqətini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir. Xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı.
Yanvar faciəsi Azərbaycanın dövlət müstəqilliyi qazanması yolunda dönüş məqamı oldu. Xalq bu mərhələdən keçərək başa düşdü ki, əvvəlkı həyata, yarımmüstəmləkə halında yaşamağa həmişəlik son qoyulmuşdur. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı.
Yanvar faciəsinin müxtəlif cəhətlərinin dərindən dərk edilməsi və araşdırılmasının dövlətyaratma proseslərinin inkişafı üçün çox böyük əhəmiyyəti vardır. Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının ağır və əzablı yolunu uğurla keçmək üçün Yanvar faciəsini bütün təfərrüatı ilə bilmək və yadda saxlamaq lazımdır. Belə bir həqiqəti hamımız dərk etməliyik ki, dövlətin siyasəti xalqın mənafelərinə cavab verməli və onun dəstəyinə arxalanmalıdır. Yalnız bu halda biz yeni qurbanların qarşısını ala bilərik. O faciəli günlərin tarixi təcrübəsi sübut edir ki, düşmənlərin müstəqilliyimizə qarşı yönəlmiş fitnə və hücumlarının qabağını almaq üçün, hüquqi, demokratik dövlət qurmaq üçün ölkədə sabitliyi təmin etmək, xalqı sıx birləşdirmək, vətəndaşları ümummilli ideya ilə birləşdirmək gərəkdir. Siyasi mübarizə Konstitusiyanın tələblərinə uyğun şəkildə, hüquq normaları çərçivəsində aparılmalıdır.
80-ci illəruı axırları, 90-cı illər sübut etdi ki, tarixi yaddaşsızlıq ciddi nəticələrə səbəb ola bilər və o, taleyüklü məsələlərin həllində qarşısıalınmaz sədlər yaradır. Ona görə də Azərbaycanın faciəli, bir çox cəhətdən ziddiyyətli və eyni zamanda qəhrəmanlıq tarixini öyrənərkən bu tarixin ibrət dərslərini nəzərə almaq və dəfələrlə faciələrə gətirib çıxarmış səhvləri təkrarlamamaq lazımdır. Bu, böyüməkdə olan nəsli əsl vətənpərvərlik və vətəndaşlıq ruhunda daha səmərəli tərbiyə etməyə, onlara gerçəkliyin tələblərini nəzərə almaq və konkret siyasi məqamın xüsusiyyətləri ilə hesablaşmaq bacarığı aşılamağa imkan verər.
Yanvar faciəsinin daha bir mühüm ibrət dərsi bundan ibarətdir ki, biz dünya ictimaiyyətinin Azərbaycan haqqında son dərəcə az məlumatı olduğunu yəqin etdik. Təəssiif ki, biz indiyədək xaricdə təşkilati cəhətdən möhkəm diaspor yaratmağa, güclü lobbi, milli icmalar formalaşdırmağa müvəffəq olmamışıq ki, onlar MDB, Qərb və Şərq ölkələrində mənafelərimizi qoruya bilsinlər. Bu, ümummilli vəzifədir və aktuallığını indiyədək itirməmişdir. Odur ki, kütləvi informasiya vasitələrinin, dövlət orqanlarının və ictimai qurumların geniş imkanlarından istifadə edərək, Azərbaycan haqqında məlumatı bütün dünyaya operativ surətdə, başlıcası isə – peşəkarlıqla yaymaq, Azərbaycan barədə həqiqəti danışmaq, ölkəmizdə gedən proseslərə dair obyektiv və qərəzsiz ictimai rəy yaratmaq lazımdır. Bu, ona görə lazımdır ki, “Qara yanvar” bir daha heç zaman təkrar edilməsin.
Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” (Bakı-2010) kitabından