Tarixi abidənin təmirə ehtiyacı var
Tarixi abidələrin qorunması, mühafizəsi və gələcək nəsillərə çatdırılması yönündə davamlı işlər aparılır. Aidiyyatı qurumların həyata keçirdiyi işlər nəticəsində bir sıra tarixi abidə “yenidən doğulub”. Bütün bunlara baxmayaraq nəzər və diqqətdən kənar qalan tarixi abidələr də var və bu abidələrin qısa zamanda təmir olunmaması onların təmamilə məhv olmasına gətirib çıxaracaq. Söhbət Quba rayon Xanəgah kənd məscidindən gedir. Sözügedən məscidin tarixinə nəzər salanda aydın görünür ki, vaxtilə nəinki Quba, eyni zamanda Qubaətrafı rayon sakinlərinin iman gətirdiyi Allahın evi indi bayquş və digər heyvanların yuvasına çevrilib. Mətləbə keçməmişdən öncə məscid barəsində qısa arayış verməyi özümüzə borc bildik.
“Burda iki yazılı kitabə var idi”
Mərhum professor İlyas Babayev ildə mətbuata verdiyi müsahibələrinin birində (2015-ci ildə )məscidlə bağlı xatirələrini bölüşür: “Kəndimizin məscididir. Mən uşaq olanda istifadə edilmirdi. Amma məscid salamat idi. Yerli əhali tikib, inqilaba qədərki dövrdə tikilib. Bizim bu bölgədə, hətta balaca kəndlərdə də məscid vardı. Əlbəttə, cümə məscidi deyildi. Bu ətrafda cümə məscidi Rustovda idi. Bəzi kitablar, hətta yadımdadır ki, minbər də vardı. Sonra bir ara anbara çevirmişdilər. 19-cu əsrdə tikilib. Arzu Kəlbi: Camaat məscidə gəlib namaz qılırdı? İlyas Babayev: Yox, bizim dövrümüzdə elə şeylərə icazə vermirdilər. Amma məscid, onun başqa dəsgahları var idi. Onlar mənim yadıma gəlir. İndi dağılıb. Burda eyvanvari bir şey vardı. Məhəccərləri var idi. Bizim bölgədəki məscidlərin hamısında minarə mərkəzdən qalxır. Görünür, bu, xristian məbədlərinin təsiridir. (İçəri girir) Burada pilləkən var idi, yuxarı qalxırdı. Pillələrlə lap yuxarıya kimi qalxmaq olurdu. Ora dan azan verirlərmiş. Mən uşaq olanda, sovet dövrü idi, elə şeylər artıq yox idi. Bəzən bayramlarda adamlar gəlirdi. Sonradan ambara çevrildi, mağazanın əşyalarını gətirib, bura qoyurdular. Pis məscid deyildi. Burda iki yazılı kitabə var idi. Biri o tərəfdə idi (əliylə göstərir), pozulub, yaxşı oxunmur. Amma burdakı aydın oxunur, gözəl və savadlı yazılıb: Ləiləhə illəllah. Allahdan başqa Allah yoxdur. Muhəmmədun rəsulallah- Məhəmməd Allahın rəsuludur. O tərəfdə ustanın adı yazılıb, amma daşı üstünə dirədiklərindən, yazı yadımda qalmayıb. Adətən ərəbcə yazırlar – “əməl”, yaxud da farsca yazırlar – “saht”. Yəni eləyib”.
Müraciətlər cavabsız qalıb
Kənd sakini Xanəli Absəlimov da deyir ki, məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib. Onun sözlərinə görə, həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub. Mənim yadımdadır ki, çoxlu kitablar, bəzi kağız sənədlər də var idi. Onları kimsə daşıyıb, aparıb: “Kənd camaatı bir neçə dəfə əllərindən gələn qədər məscidi təmir etməyə çalışdı. Amma bir müddət sonra o külək və yağışa tab gətirə bilmədi. Artıq məscid sıradan çıxıb və dağılıb. Məscid tarixi abidə kimi qeydə alındığı üçün kənd camaatının ona əl vurmağa səlahiyyəti yoxdur. Abidənin ya təmir edilməsi, ya da yerində yeni məscidin tikilməsi lazımdır. Kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi müraciət ediblər. Amma heç bir tədbir görülməyib. Mədəniyyət Nazirliyinə müraciət edilib. Əvvəl məscidin təmir ediləcəyi deyilirdi, amma bu baş tutmadı”.
Abidənin unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, abidənin uçulmasının qarşısını almaq üçün, bərpa edilənə qədər abidə təcili koservasiya olunmalıdır. Bu barədə yerli icra strukturları, Mədəniyyət Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir”.
Ədil Ədilzadə