“2017-ci ildə Dağlıq Qarabağ problemi ilə bağlı danışıqları necə qiymətləndirirsiniz”, bu sualla politoloqlara müraciət etdik. Aldığımız cavablar da fərqli oldu:
Politoloq Tofiq Abbasov danışıqların Azərbaycanın sayəsində davam etdiyini və ölkəmizin problemi həll etməyə hazır olduğunu vurğuladı: “Danışıqlarda lənglik və sabotaj işartıları əks olunsa da, onlar davam edəcək və bu daha çox Azərbaycan tərəfinin xidmətidir. Ermənistanın ilk gündən qeyd etdiyi “status-kvo dəyişilə bilməz, çünki bu böyük fəlakətlə nəticələnə bilər”, fikri cəfəngiyyatdan başqa bir şey deyil. Rəsmi İrəvan siyasi proseslərə ona görə maneələr törədir ki, işğalçı qoşununu Azərbaycan ərazilərindən çıxarmasın, sonra isə qondarma DQR-in yaranmasını rəsmiləşdirsin. Lakin bu mümkün deyil. Çünki Azərbaycan münaqişənin güclü bəndi olaraq buna imkan verməyəcək. Bir də ki, rəsmi Bakının ərazi bütövlüyünün toxunulmaz olması ilə əlaqəli tələbi bütün hallarda qüvvəsini saxlayacaq və bunun üçün də tələb olunan resurslar mövcuddur. O ki qaldı status-kvonun vəziyyətinə, bu artıq dəyişilir. Bu proses 2014-cü ilin avqustundan sonra başlayıb. Ön xətdə şiddətli döyüşlər zamanı Azərbaycan ordusu düşmənə təsirli zərbələr endirməklə onu yerinə oturtdu. O zaman qəsbkara elə gəlirdi ki, onun duruş gətirəcək hazırlığı var. Lakin 2016-cı ilin aprelində münaqişə bölgəsində çox vacib transformasiyalar baş verdi. Azərbaycan ordusu lokal müharibə əsnasında 2 min hektardan çox ərazini işğaldan təmizlədi. Lələ-təpə və digər yüksəkliklər yenidən Azərbaycana qayıtdı, Cocuq-Mərcanlı azad olundu, sonra isə tam bərpa edildi. Bu onu göstərir ki, Azərbaycan problemi həll etmək üçün tam hazırdır və “Böyük qayıdış” planının gerçəkləşməsi üçün şərait yetişib”.
Ceyhun Əhmədli il ərzində bu poblemin bir neçə dəfə ən ciddi səviyyədə qaldırılmasını müsbət amil sayır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son aylarda ciddi aktivlik müşahidə olunur. İstər Avropa rəsmi qrumları tərəfindən səsləndirilən müsbət bəyanatlar, istər Rusiya XİN rəhbəri səviyyəsində dilə gətirilən reallıqlar, istərsə də Türkiyə XİN-in münaqişənin həlli ilə bağlı yeni çağırışı, eləcə də İran rəsmilərinin Qarabağla bağlı son səsləndirilən fikirləri onu deməyə əsas verir ki, region ölkələri münaqişənin həllində müəyyən mənada maraqlıdırlar və ən azından buna cəhdlər var”.
Nəzakət Məmmədova 2017-ci il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin nəticələrinə nikbinliklə yanaşmır: “Təəssüf ki, 2017-ci il də 23 illik danışıqlar prosesində irəliləyiş ili kimi yaddaşımızda qalmadı. Hərçənd bu il bir neçə mühüm görüşlər keçirildi, prezidentlərin Cenevrə görüşü, habelə xarici işlər nazirlərinin və ATƏT Minsk Qrupunun həmsədrlərinin müəyyən fəallığı nəzərə çarpdı. Türkiyə prezidenti Putinlə görüşdə Qarabağ məsələsinə də toxundu. Lakin təəssüf ki, bunların heç biri münaqişənin həllində hər hansı bir irəliləyişə səbəb olmadı. Həm münaqişə tərəflərinin, həm regionda maraqlı ölkələrin rəhbərlərinin diplomatik səylərinin nəticəsiz qaldığı bir dövrdə, ən mühüm, yaddaqalan hadisə Avropa Birliyinin Şərq tərəfdaşlığı sammitində qəbul edilən və münaqişələrin həllində dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin önə çəkilməsi oldu. Bu, Avropanın münaqişələrə yeni, obyektiv yanaşmasının təzahürü və Şərq tərəfdaşlığı prosesinə üzv olan Azərbaycan və Ermənistana da Dağlıq Qarabağ münaqişəsini məhz bu prinsiplər əsasında həll etməyə çağıran mühüm bir sənəd oldu. Bunu Azərbaycanın böyük diplomatik uğuru hesab etmək olar”.
Zaur Məmmədov rəsmi Bakının problemin həlli istiqamətində səylərini yüksək dəyərləndirsə də, bütövlükdə danışıqlar prosesinin nəticəsindən məyusdur: “Təəssüflər olsun ki, 2017-ci ildə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişə nail olmaq mümkün olmadı. Bu təbii ki, Azərbaycan tərəfini məyus edir. 21-ci əsrdə işğalçı Ermənistan tərəfindən beynəlxalq hüquqa əməl olunmaması, qlobal güclərin bu fonda İrəvana təzyiq göstərməmələri məsələni daha da təhlükəli edir. Aprel hadisələri də göstərdi ki, atəşkəs olduqca kövrəkdir, istənilən anda müharibə başlaya bilər. Müharibənin başlanması isə regional güclərin hətta dövlətçilikləri üçün təhlükə yarada bilər. Çünki Dağlıq Qarabağ problemi sıradan bir münaqişə deyil. Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, münaqişə ilə, ərazi bütövlüyümüzlə bağlı bu il Azərbaycanın maraqlarına cavab verə biləcək bəyanatların, sazişlərdə bəndlərin qeyd olunmasının da şahidi olduq. Rəsmi Bakı bu il müxtəlif arenalarda ərazi bütövlüyümüz, münaqişə ilə bağlı lehimizə qərarların, bəyanatların səsləndirilməsinə nail olub.”
Elşad Mirbəşir 2016-cı il aprel hadisələrindən sonra problemin nizamlanması istiqamətində güclənən fəallığın 2017-ci ilə yansımadığını qeyd etdi: “2017-ci il bütövlükdə münaqişənin tənzimlənməsi istiqamətində ciddi addım atılmayan il kimi yadda qaldı. 2016-cı ilin aprelində Azərbaycan öz hərbi qüdrətini nümayiş etdirərək, Ermənistanın hərbi provakasiyalarına layiqli cavab verdikdən sonra beynəlxalq ictimaiyyət münaqişənin tənzimlənməsi istiqamətində bir fəallıq nümayiş etdirdi. Həmin fəallıqdan çıxış edərək proqnozlaşdırırlırdı ki, artıq yaxın zamanlarda münaqişənin tənzimlənməsi istiqamətində beynəlxalq iradə ortaya qoyulacaq. Lakin 2017-ci il sübut etdi ki, beynəlxalq ictimaiyyətin fəallığı bir növ deklorativ xarakter daşıyır. Düzdür, 2017-ci ildə prezidentlər arasında görüş keçirildi, iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər oldu, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri baş tutdu, amma məsələ bu çərçivədən kənara çıxmadı. Bir daha qeyd edirəm, 2016-cı il aprel döyüşlərindən sonra həm beynəlxalq təşkilatların, həm münaqişənin tənzimlənməsində iştirak edən vasitəçi dövlətlərin rəsmi dairələrinin münasibətində bu döyüşlərin yenidən təkrarlanmasından ciddi narahatlıq duyulurdu. Xüsusilə Rusiya böyük fəallıq göstərirdi, hətta danışıqlarda bu ölkənin təklif etdiyi nizamlanma variantı daha çox müzakirə olunurdu. Regionda baş verən proseslərə nəzarət etdiyini göstərməyə çalışan Rusiyanın qətiyyətlə mövqe ortaya qoymaq cəhdini də sezdik. Amma hələlik ortada bir nəticə yoxdur”.
Əli Hacızadə Ermənistan və havadarlarının movcud vəziyyəti dondurmaqda maraqlı olduqlarını bildirdi: “Azərbaycan ilə Ermənistan arasında danışıqlar bu və ya digər formada 1990 – cı illərin əvvəlindən bəri davam edir. Lakin münaqişənin sülh yolu ilə həllinə dair hələ ki, heç bir konkret nəticə görmürük. 2017 –ci il də danışıqlar prosesində prinsip etibari ilə digər illərdən bir o qədər də fərqlənmədi. Münaqişədə müəyyən irəliləyiş 2016 – cı ilin aprelində əldə olunmuşdu, bu da ATƏT-in Minsk qrupunun deyil, Azərbaycan ordusunun nailiyyəti idi. Ermənistan və onun havadarları, hazırki vəziyyətin dondurulmasında maraqlıdırlar. Ona görə də onların əsas məqsədi danışıqlar prosesini mümkün olduğu gədər çox uzatmaqdır”.
Mürtəza Bünyadlı 2017-ci ildəki danışıqlar prosesinin fəallığından razıdır: “2017-ci ildə danışıqlar prosesini əvvəlki illərlə müqayisədə gərgin və aktiv il kimi xarakterizə etmək olar. Ermənistan danışıqlar prosesini pozmaq istiqamətində təxribatçı fəaliyyətlə məşğul olub. Düzdür, Ermənistanın bu təxribatçı hərəkətlərinə Azərbaycan ordusu layiqincə cavab verib. Məğlubiyyətlə barışmaq istəməyən Ermənistan mütəmadi olaraq cəbhə xəttində təxribatlara əl ataraq prosesləri genişmiqyaslı hərbi toqquşmalar müstəvisinə keçirməyə çalışırdı. Bu məqsədlə Ermənistan ordusu hətta dinc əhaliyə qarşı silah işlətməkdən çəkinmədi. Cari ilin may ayında Azərbaycanın işğal olunmuş ərazilərinə “OSA” zenit-raket kompleksini yerləşdirməsi və Azərbaycan ordusunun bu qurğunu məhv etməsi, daha sonra işğal olunmuş ərazilərdə hava uçuşlarını həyata keçriməsi, ardınca isə insanlığa sığmayan vandalizm aktına əl ataraq iyun ayında Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində yaşyarımlıq Zəhranın ölümü buna misaldır. Yaranmış vəziyyətin gərginliyini və proseslərin genişmiqyaslı hərbi əməliyyatların başlaması ehtimalının böyük olduğunu nəzərə alan ATƏT MQ həmsədrləri tərəfləri hərbi qarşıdurmadan çəkinməyə çağırmaqla yanaşı, aktiv diplomatik fəaliyyətə başladılar. 2016-cı ilin ikinci yarısından etibarən Ermənistanın təxribatçı fəaliyyəti nəticəsində pozulmuş faktiki danışıqlar prosesi Azərbaycanın razılığı ilə yenidən bərpa olundu. Çünki Azərbaycan münaqişənin hələ də danışıqlar yolu ilə həll olunmasının bitmədiyi qənaətindədir. İl ərzində Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ həmsədləri 4 dəfə bölgəyə səfər edib, beynəlxalq təşkilatların toplantılarında münaqişə tərəfləri ilə görüşlər keçiriblər. Məhz bunun nəticəsi olaraq il ərzində Azərbaycan və Ermənistan XİN başçıları 5 dəfə görüşüb. Həmçinin münaqişənin həllində aktiv rol oynayan Rusiya XİN başçısı Bakı və İrəvana səfər edib. XİN başçıları ayrı-ayrılıqda Moskvaya səfər ediblər. Bu görüşlərin nəticəsi olraq noyabrda Cenevrdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan arasında görüş olub. Burada digər bir aspekti də qeyd etmək lazımdır ki, Qarabağ məsələsində Türkiyə də yetərincə aktivləşib və mövzunu gündəmdə saxlayıb. Türkiyə prezidenti Ərdoğan Qarabağ məsələsini RF prezidenti Putinlə müzakirə edib. Düzdür, bu aktiv danışıqlar nəticəsiz olub. Bunun da səbəbi münaqişənin tənzimlənməsi ilə məşğul olan vasitəçilərin işğalçıya təzyiq edib, İrəvandan işğalçılıq siyasətinə son qoymağı tələb etməməsidir. Danışıqların aktiv keçməsi fonunda ciddi nəticənin olmaması mənfi haldır. Lakin bununla belə, beynəlxalq aləmin münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllini tələb etməsi müsbət haldır.”
“Bəs 2018-ci ilin birinci yarısında bu problemlə bağlı proqnozlarınız necədir” sualımıza cavablarında isə politoloqların fikirləri haçalandı.
Tofiq Abbasov 2018-ci illlə bağlı nikbin proqnozlar verir: “Hesab edirəm ki, hazırda tək hərbi yox, həm də siyasi üstünlük Bakının tərəfindədir və ermənilərin sabotaj gedişi tam iflasa uğrayıb. Odur ki, prezident İlham Əliyev ermənilərin qarşılıqlı inam və ön xətdə monitorinq proqramının yeni tərtibatı ilə bağlı səylərini boşa çıxartdı. Gözlənilən odur ki, siyasi proses davam edəcək və qarşıdan gələn 2018-ci ilin sonunda nəticə özünü biruzə verəcək. Əsas odur ki, Rusiya və Azərbaycanda seçki kampaniyaları keçirilsin, Ermənistan parlament üsuli idarəetməsinə tam keçid alsın. Sözügedən kampaniyalar bitdikdən sonra ermənilərin bəhanələri də bitəcək. Belə olduqda isə rəsmi Bakı problemin həllini tezləşdirmək iqtidarında olacaq…”
Ceyhun Əhmədli münaqişənin həllində Rusiya faktorunu qabardır: “Təbii ki, əsas faktor Rusiya olaraq qalır və 2018-ci ildə münaqişənin həllində hər hansısa ciddi bir dəyişikliyin olması birbaşa rəsmi Kremlə bağlıdır. Serj Sarkisyanın yenicə söylədiyi “Lavrov konkret təkliflərlə gəlməmişdir”, kimi açıqlamasından da görünür ki, Moskva tərəfindən Ermənistana münaqişənin həlli ilə bağlı təzyiqlər var. İstənilən halda tam olaraq prosesə XİN rəhbərlərinin görüşü bir qədər də aydınlıq gətirəcək…”
Nəzakət Məmmədova Ermənistanda seçki dövründə baş verə biləcək gərginliklərin Dağlıq Qarabağ problemindən yan keçməyəcəyini istisna etmir: “ATƏT münaqişə ərazisində müşahidə missiyasının genişləndirilməsi ilə bağlı qərar qəbul edib və görünür ki, bu, 2018-ci ildə Ermənistan tərəfindən cəbhə bölgəsində təxribatların artması ehtimalı ilə əlaqədardır. Çünki 2018-ci ildə işğalçı ölkədə və Rusiyada prezident seçkilərinin keçirilməsi gözlənilir. Ermənistan konstitusiyasında bir sıra mühüm dəyişikliklər edilib və ölkənin siyasi sistemi artıq xeyli dərəcədə dəyişikliyə məruz qalıb. Artıq ölkəyə prezident yox, parlament rəhbərlik edəcək. Sarkisyanın prezidentlik limiti tükəndiyi üçün bu yolla onu parlamentin başına gətirmək və yenə də ölkənin faktiki rəhbəri kimi qalması üçün iş aparılır. Bu isə həm daxildə Qərbyönümlü müxalifət qüvvələri, həm də xaricdəki erməni diasporu arasında narazılığa səbəb olub. Ölkənin Avropa Birliyi ilə saziş imzalaması da əslində seçki ərəfəsində Qərbpərəst müxalifəti sakitləşdirmək və diasporanın dəstəyini qazanmaq məqsədi daşıyırdı. Əks halda, Ukrayna hadisələri İrəvanda təkrar oluna bilərdi və Rusiya Ermənistanda ikinci Maydan istəmirdi. Bununla belə, seçki dövründə Ermənistanda müəyyən gərginliklərin, narazılıqların olması istisna edilmir. Bu, Qarabağ probleminə də təsir edə bilər”.
Zaur Məmmədov Azərbaycan, Rusiya və Ermənistanda seçki ili olacağından 2018-ci ildə xüsusi bir dəyişikliyə ümid etmir: “2018-ci il həm Azərbaycanda və Ermənistanda, həm də Rusiyada prezident seçkiləri ilidir. Belə bir məqamda daxili auditoriyaya hesablanmış bəyanatları S.Sarkisyanın dilindən artq indidən eşidirik. Rusiyanın da başı daxili siyasətə, Yaxın Şərq və Ukrayna hadisələrinə qarışdığından, 2018-ci ilin sakit il olacağını gözləyirəm”.
Elşad Mirbəşir problemin nizamlanmasında Ermənistanın mövqeyində dəyişikliklərə məcbur edən addımların atılmasını vacib sayır: “Bu günkü reallıqdan çıxış edərək təəssüflə deyirəm ki, 2018-ci ildə münaqişənin tənzimlənməsi istiqamətində irəliyə doğru addım atılacağına ümid verən məqam mövcud deyil. Əvvəla ona görə ki, hələ də münaqişə ilə bağlı obyektiv beynəlxalq rəy formalaşmayıb. Ermənistan birmənalı olaraq işğalçı kimi tanınmayıb. Düzdür, Azərbaycanın iradəsi sayəsində 2017-ci ildə bu istiqamətdə müəyyən nailiyyətlərin əldə olunduğunu qeyd edə bilərik. İkincisi, isə Ermənistanın mövqeyində hər hansı bir dəyişiklik baş verməyib. Ermənistanı bu dəyişikliklərə məcbur edən addımların atılmasını isə biz münaqişənin nizamlanmasına vasitəçilik edən tərəflərdən gözləyirik”.
Əli Hacızadə də 2018-ci ildə danışıqlar prosesində hansısa irəliləyiş olmayacağına inananlardandır: “2018 – ci ildə danışıqlarda müəyyən irəliləyişin olmasına inanmıram. Hər halda hələ ki, bu irəlləyiş üçün əlverişli zəmin yoxdur. Digər tərəfdən, istisna etmək olmaz ki, həmsədrlər hər hansısa bir təkliflər irəli sürə bilər, ancaq bu təkliflərin Azərbaycanı qane edə biləcəyinə inanmıram. Hesab edirəm ki, bütün bunlar və Azərbaycanın artan hərbi, iqtisadi və siyasi imkanları nəzərə alınaraq, Qarabağ münaqişəsinə və onun həllinə rəsmi Bakının yanaşmasına yenidən baxılmalıdır. 1994-95 – ci illərdə erməni tərəfinə, Azərbaycan tərəfindən olunan təkliflər artıq aktual deyil. ”
Mürtəza Bünyadlı bir sıra faktorlara görə, 2018-ci ildə problemin tənzimlənməsi üçün irəliləyiş olmayacağını iddia edir: “2018-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansı irəliləyişin olacağına ümid etmək olmaz. Bunu şərtləndirən bir sıra faktorlar var. Birincisi və ən əsası Azərbaycan, Ermənistan və münaqişənin həllində lokomotiv rolunu oynayan Rusiyada prezident seçkiləri keçiriləcək. O baxımdan da ciddi nəticə gözlənilmir. Lakin Ermənistanın cəbhə xəttində hər hansı formada təxribatlar törətməsi və vəziyyəti gərginləşdirməsi istisna deyil. Növbəti ildə Qarabağ münaqişəsinin həllində ümidverici məqam sadəcə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın bir ayda münaqişəsinin tənzimlənməsi ilə bağlı detalların bəlli olacağı barədə verdiyi bəyanatdır. Azərbaycan danışıqların danışıq xatirinə deyil, nəticəli olmasını istəyir”.
Beləliklə, Ermənistanın Azərbaycana təcavüzü probleminin aradan qaldırılması ilə bağlı 2017-ci ildəki danışılar prosesi də arxada qaldı. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar var. Amma hələ də problem həll edilməmiş qalır. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin aprel döyüşlərinin ildönümündə hərbçilərlə görüşdə dediyi kimi, “Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.
Hazırladı: Gündüz Nəsibov
1905.az