İşğal altında olan torpaqlarımızın geri qaytarılmasını hamı kimi sənətçilərimiz də istəyirlər. Məsələn, Azərbaycan Dövlət Televiziya və Radiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin ali kateqoriyalı tar ifaçısı Vüsal İsgəndərzadə bu günlərdə “Palitra” qəzetinə müsahibə verib və deyib ki, ən böyük arzusu “Ü.Hacıbəylinin “Koroğlu” uvertürasını Qarabağın gözbəbəyi olan Şuşada ifa etməkdir”.
“X-trio” qrupunun üzvü, 1987-ci ildə Qubadlı rayonunda anadan olmuş Rəşad da bir neçə ay əvvəl “Güney Press”ə müsahibəsində ən böyük arzusunun “doğma Qarabağımızda «Qarabağ Şikəstəsi»ni oxumaq” olduğunu gizlətməmişdi.
Qarabağ azad edildikdən sonar orada mahnı oxumaqdan da vacib sayıla biləcək işlər görmək istəyən sənətçimiz də var. Axşam.az-ın məlumatına görə əməkdar artist Ədalət Şükürov “Star life” verilişinə açıqlamasında aşağıdakıları deyib: “Tək arzum gələn il bu bayram günü Qarabağda ucu-bucağı olmayan bir iftar süfrəsi açmaqdır. Həmin masa böyüklüyünə görə səs-küy doğursun və dünyanın ən uzun stolu adını qazansın. Bunun həyata keçəcəyinə çox inanıram”.
Hərçənd ki,torpaqlarımız azad edildikdən sonra, belə demək mümkünsə, bilavasitə öz işləri ilə məşğul olmaq niyyətli sənətçilərimiz daha çoxdur. Onların içində məşhur tarzən, xalq artisti Möhlət Müslümov kimi ən böyük arzusunun “Qarabağın məşhur Cıdır düzündə saatlarla tar çalmaq” olduğunu deyən sənətçimiz də var, Füzuli Dövlət Dram Teatrının qocaman aktyoru Vaqif Rəhimov kimi Füzulidəki teatrda öz rollarını ifa etmək istəyən aktyorumuz da.
Allah arzularına çatdırsın!
Özünü “ilk peşəkar region saytı” kimi təqdim edən zerdab.com resursunda da “Zərdab rayonunda klassik musiqiyə böyük maraq var” adlı maraqlı material dərc edilib. Bu material Musiqili Komediya Teatrının solisti, vokalçı Ramil Qasımovla müsahibədir. Jurnalist Ümidə Həsənli onun sənətdə ən böyük arzusunun nədən ibarət olması ilə maraqlananda solist deyib:
“Sənətdə ən böyük arzum budur ki, Qarabağda – Cıdır düzündə Koroğlunu oynayım. Mən and içmişəm ki, Qarabağda atın belində canlı olaraq, mikrofonsuz, orda ət bişə-bişə, qoyun təmizlənə-təmizlənə mən də Koroğlunu ifa edim.”
Ramil müəllim sonra da deyib ki, hamının ona xalqın qəhrəmanı kimi baxmasını istəyir.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 96-97)