
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər Qarabağ bölgəsində uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival Qarabağ regionunda 24 nominasiya üzrə 644 məktəblini əhatə edir. Uşaq İncəsənət Festivalının ikinci mərhələsi üzrə seçimlər Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbində keçirilir.
Festivalın seçim turunda bölgənin bütün rayonlarından müxtəlif yaş qrupunda iştirakçılarla qarşılaşmaq mümkündür. Ağcabədi uşaq incəsənət məktəbinin 2-ci sinfində təhsil alan Fidan Namazova festivalın seçim mərhələsinə böyük həvəslə qatıldığını bildirib: “Çox hazırlaşsam da, bir qədər həyəcanlıyam. İnanıram ki, növbəti mərhələyə keçə biləcəyəm”.
“Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlərdə ən çox nümayəndə ilə iştirak edənlər sırasında Bərdə rayonu da var. Bərdə Uşaq İncəsənət Məktəbinin nümayəndəsi Ləman Həsənova sözlərinə görə, builki seçim turlarına 100-dən çox şagird qatılıb.
Münsiflər heyətinin üzvü Məhbubə Əliyeva bildirib ki, festival uşaqların gələcək həyatında böyük rol oynayacaq. Bütün iştirakçılar festivala çox böyük həvəs və məsuliyyətlə hazırlaşıblar.
Hər bir iştirakçıya çıxışlarının cavabları elektron qaydada portal vasitəsi ilə yönləndirilir. Qarabağ bölgəsi üzrə festivalın II mərhələsinin seçim turları avqustun 25-dək davam edəcək.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









