Sovetlər birliyinin dağılması ərəfəsində xalqımızın tarixində ən ağrılı məsələlərdən olan Dağlıq Qarabağ problemi yenidən gündəmə gəldi. Ermənistan beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozaraq? Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə məkrli fəaliyyətə başladı. Lakin bu istək təkcə DQMV hüdudları ilə məhdudlaşmadı, ərazi iddiası Dağlıq Qarabağ ərazisində yaradılmış DQMV-nin ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini də əhatə etdi və Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Nəticədə, yüz minlərlə (qaçqınlarla birlikdə 1 milyondan artıq) azərbaycanlı qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur edildi.
Çox təəssüf ki, bütün dünyanın gözü qarşısında baş verən bu təcavüzkarlığa beynəlxalq təşkilatlar etinadsızlıq göstərir, dünyanın böyük dövlətləri isə ikili mövqedən yanaşırlar. Beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozan Ermənistana qarşı bu günə kimi nəinki heç bir ciddi tədbir görülməmiş, hətta BMT Təhlükəsizlik Şurası təcavüzkarı öz adı ilə adlandırmağa belə təşəbbüs göstərməmişdir.
Arxasında böyük gücün durduğu və cəzasızlıq mühitinin olduğunu görən Ermənistan BMT-nin münaqişəyə dair 4 qətnaməsinə də (30 aprel 1993-cü il tarixli 822 №-li; 29 iyul 1993-cü il 853№-li; 14 oktyabr 1993-cü il 874№-li və 11 noyabr 1993-cü il 844№-li) məhəl qoymur.
1992-ci ilin əvvəllərindən Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təşkilatların müntəzəm olaraq müzakirə obyektinə çevrilmiş və bu günə kimi də davam edir.
Azərbaycan beynəlxalq təşkilatların, xüsusən bu münaqişəni dinc yolla nizama salmaq məqsədilə yaradılmış ATƏT-in sülhyaratma təklifinə hörmətlə yanaşır, onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Çox təəssüf ki, münaqişənin dinc vasitələrlə aradan qaldırmaq sahəsində ATƏT-in Minsk prosesi çərçivəsində dünya birliyinin yarımçıq səyləri heç bir nəticə vermir.
Ümumiyyətlə, problemin səbəbləri ciddi düşünüldükdə aysberqin görünməyən bir çox tərəfləri üzə çıxır. Dünyanın gözü qabağında işğalçılıq siyasəti yeridən Ermənistan nə üçün cəzasızlıq mühitində yaşayır?
Tarixə nəzər saldıqda məsələnin mahiyyəti tam üzə çıxır. Bu gün baş verənlərin əsası hələ I Pyotr dövründə qoyulmuşdu. Belə ki, 1723-cü ildə Bakını işğal edən I Pyotr 1724-cü ildən şəhəri rus komendantı knyaz Bryatinskinin idarəsinə tapşırdı. Bakı və ona yaxın yerlərə xaçpərəstləri köçürmək siyasəti yeridən I Pyotr 1724-cü il 10 noyabrda üç erməni katalikosunu qəbul edib Xəzəryanı vilayətlərdə yerləşmək barədə onların xahişini dinləmişdi. Bu məsələ ilə bağlı I Pyotrun verdiyi göstərişdə deyilirdi ki, ermənilərin Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və başqa yerlərdə yerləşdirilməsinə çalışın, bu bölgədəki yerli müsəlman əhalini isə imkan düşdükcə sıxışdırıb çıxarın.
Tarixə “Pyotrun vəsiyyəti” (Qafqazı işğal etmək, islam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada yaymaq) adıyla daxil olan “böyük siyasət” bu gün “Qarabağ düyünü” kimi taleyimizə daxil olmuşdur.
Pyotrun ölümündən sonra onun “vəsiyyətləri” dövlət səviyyəsində həyata keçirilməyə başlandı. 11 fevral 1925-ci ildə Rusiyanın Xarici İşlər Kollegiyası ermənilərin köçürülməsi haqda fərman verdi. Bu günə qədər davam edən və tarixin sərt anlarında müxtəlif formada davam etdirilən “erməni siyasəti” məkrli istəklərin reallaşmasına imkan verdi.
Bu məkrli və işğalçılıq siyasətinin reallaşması bir neçə mərhələdə başa gəldi.
İlk mərhələ Türkmənçay sülhünün (1828-ci il 9 fevral) bağlanması ilə başladı. Azərbaycan Rusiya və İran tərəfindən zorla ikiyə parçalandı. Çar I Nikolayın 1828-ci il 21 mart fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, bu ərazidə “Erməni vilayəti” yaradıldı. Bu addım, yəni Türkiyə və İranın sərhədləri boyunca “xristian dövləti”nin yaradılması Rusiyanın Şərq siyasətinin tərkib hissəsi idi. Yaradılmış “erməni vilayəti”ndə əhalinin etnik tərkibinin öz xeyirlərinə dəyişdirmək üçün bu planın müəllifləri ciddi addımlar atdılar. 1826-1828-ci illərdə Cənubi Qafqaza 40 mindən çox İran və 84. 600 nəfər Türkiyə ermənisi köçürüldü. Bu köçürmə ilə bağlı rus müəllifi N. Şavrov yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətinə Güney Qafqazda rus əhalisinin deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq. İrandan və Türkiyədən köçürülən ermənilər onların sayının az olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. Onlara 200 min desyatindən çox xəzinə torpağı ayrıldı və 2 milyon manatlıq xüsusi sahibkar torpağı satın alınıb verildi. Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahilində həmin ermənilər yurd saldı”.
1890-cı ildə Tiflisdə “Daşnaksutyun” partiyasının yaradılması ilə “Böyük ermənistan” iddiaları yeni mərhələyə daxil oldu.
XX əsrin əvvəllərində dünyada baş verən geosiyasi dəyişikliklər ermənilərin dövlət yaratmaq istəyini reallaşdırdı. 1918-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqi altında Azərbaycanın qədim şəhəri olan İrəvan ermənilərə paytaxt kimi güzəşt edildi. Lakin bununla kifayətlənməyən ermənilər Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədilər. 1920-ci ildə Azərbaycanın XI ordu tərəfindən işğalı ermənilərin yeni ərazi iddialarını “ruhlandırdı”. 1920-ci il noyabrın 29-da Ermənistanda “inqilab” baş verdi. Noyabrın 30-da AK(b)P MK-nın Siyasi və Təşkilat bürosunun birgə keçirilən iclasında qəbul edilmiş qərarla Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin mövcudluğu inkar edildi. Əslində bu o demək idi ki, AK(b)P Zəngəzurun bir hissəsinin işğalı ilə razılaşır. Bəyanatın digər prinsipinə əsasən, AK(b)P Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verirdi. Lakin bununla da razılaşmayan ermənilər öz havadarlarının köməyinə arxalanaraq, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi məsələsini irəli sürdü. 1921-ci il iyulun 27-də Azərbaycan K(b)P MK-nın siyasi və təşkilat bürosunun iclasında bu məsələyə baxıldı. Bu dəfə milliyətcə azərbaycanlı olan kommunistlər birləşərək Ermənistanın iddialarını rədd etdi.
Lakin RK(b)P Qafqaz bürosu rəhbərlərinin erməni və gürcü çoxluğu Qarabağ məsələsinin ermənilərin xeyrinə həll etmək fikrinə düşdü. 1921-ci il iyulun 4-də keçirilən PK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə olundu. İclasda səs çoxluğu ilə Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar qəbul edildi. Lakin bu qərarla razılaşmayan N. Nərimanovun təkidi ilə məsələ PK(b)P MK-nın müzakirəsinə verildi.
Bu məsələ ilə bağlı N. Nərimanovun V. İ. Leninə yazdığı məktubda deyilirdi: “Vladimir İliç! Teleqramda göstərdiyimizi təkrar etməyə məcburam. Vəziyyət dözülməzdir. Mərkəz Azərbaycanın, Ermənistanın və Gürcüstanın müstəqilliyini qəbul edib. İndi isə mərkəz Azərbaycanın mübahisəsiz ərazisini Ermənistana verir… Bütün vaxtlar Denikini müdafiə edən Ermənistan müstəqillik, əlavə olaraq ərazi alır… Sovet Rusiyasına ilk meyl edən Azərbaycan isə həm müstəqilliyini, həm də ərazisini itirir. Mən qəti bildirirəm: Əgər bizim fikirlərimizə əhəmiyyət verməsəniz bizim geri çağırılmağımız haqqında məsələ qaldıracağam… mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əgər mərkəz qısa müddətdə daşnak kommunistlərinin iyrəncliyinə son qoymasa bütün müsəlman şərqi bizdən üz döndərəcəkdir (APSPİH Dövlət arxivi f. 609, s. 1, iş 71, v. 1-7)”. Belə təkidli tələbin qarşısında mərkəz geri çəkilməli oldu. İyulun 4-də Qafqaz bürosunun Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərarı bir gün sonra, yəni iyulun 5-də dəyişdirildi.
1922-ci ildə SSRİ-nin yaradılması ilə Azərbaycan öz formal müstəqilliyini itirdi. Artıq məsələlər məsləhətləşmə yolu ilə deyil, ultimatum yolu həll edildi.
PK(b)P MK-nın Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyulun 27-28-də keçirilən plenumu Orcenikidzenin təzyiqi ilə ultimatum formasında bir ay ərzində Dağlıq Qarabağa vilayət muxtariyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur edilən Azərbaycan MİK “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi.
Beləliklə, Qarabağın dağlıq hissəsində muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfindən bu torpaqların itirilməsi yolunda bir addım, Ermənistana və onun himayədarlarına gələcək SSRİ təşkili zamanı Azərbaycan üçün süni surətdə yaradılmış Dağlıq Qarabağ probleminin SSRİ dağıldığı ərəfədə yenidən gündəmə gəlməsi təsadüfi deyildi. Moskvanın köməyi ilə XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur ərazisinə yiyələnən ermənilər elə əsrin sonunda da öz din qardaşlarının köməyi ilə Azərbaycanın 20 faiz torpağını işğal etdilər. Məhz buna görə də dünyanın gözü qabağında Azərbaycan torpaqlarını işğal edən ermənilər cəzasız qalır, Azərbaycan üçün yaradılmış “Qarabağ düyünü” açılmır.
Ancaq tarixin qəti qanunları var. Tarixin sərt sınaqlarından şərəflə çıxan Azərbaycan xalqı itirilmiş torpaqlarını geri qaytaracaq, xalqımız öz halal müstəqillik taleyini şərəflə yaşayacaqdır.
Fəzail İbrahimli
http://karabakh-doc.azerall.info