Avqust ayında cəbhə xəttində baş vermiş gərginlik və toqquşmalardan sonra Dağlıq Qarabağ problemi ilə bağlı xəbərlər və araşdırmalar dünya mediasının gündəminə yenidən daxil oldu. Dünya mediasının “dondurulmuş” kimi qələmə verdiyi münaqişənin, əslində, ətrafımızda baş verən təlatümlər fonunda geostrateji Cənubi Qafqaz regionunda müxtəlif dövlətlərin mənafeləri üçün real və güclü təhlükə olaraq qaldığı etiraf olundu. Ərəbdilli elektron informasiya resursları da bu mövzuda geniş materiallar dərc ediblər. Diqqətinizi ərəbdilli media resurslarında Dağlıq Qarabağ problemi barədə azərbaycanlı müəlliflərin məqalələrinə deyil, qeyri-azərbaycanlıların yazdıqlarına yönəltmək istərdim. Misirli tədqiqatçı Əhməd Əbdoh Tarabikin və Misirin Ayn Şəms universitetinin doktoru Əhməd Sami əl-Ayidinin bu mövzuda məqalələri obyektivliyi və problemi dərindən əhatə etmələri ilə seçilir.
Əhməd Tarabikin bu yaxınlarda Misirdə çapdan çıxan “Qarabağ – Qafqazda sülh yolu” kitabını ərəb dünyasında bu sahədə azsaylı elmi araşdırmalardan biri hesab etmək olar. Müəllifin problemin kökünü dərindən bilməsi, Qarabağın tarixinə, coğrafiyasına bələd olması, ən əsası isə ərəb oxucularına onların başa düşdükləri tərzdə – Fələstin problemi ilə müqayisəli şəkildə çatdırmağa cəhd etməsi ortaya maraqlı iş qoyub. Amma bu kifayət deyil. Belə ki, bəzi ərəbdilli resurslarda bəzi müəlliflər ya bilərəkdən, ya da məlumatsızlıqdan Dağlıq Qarabağ münaqişəsi, bölgənin tarixi barədə qeyri-obyektiv, yanlış məlumatlar verirlər. Ərəb mediasının monitorinqi nəticəsində məlum olur ki, bəzi müəlliflər Dağlıq Qarabağın guya Sovet İttifaqı tərəfindən Azərbaycana birləşdirildiyini qeyd edir və ermənilərin bu əraziyə iddialarına tarixi bəraət qazandırırlar. Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı qeyri-obyektiv yazılar dərc edən “əl-Qüds əl-ərəbi” qəzeti 22 avqust sayında Süleyman əş-Şeyx adlı fələstinli müəllifin məqaləsini yerləşdirib.
Ölkəmizin Fələstin probleminə münasibətini, Bakının Fələstinlə bağlı beynəlxalq konfransa ev sahibliyi etdiyini və bir sıra təşəbbüslər irəli sürdüyünü unudan müəllif “Qarabağ problemi Azərbaycan və Ermənistan arasında niyə vaxtaşırı qızışır” adlı məqaləsində Qarabağın guya keçən əsrin 20-ci illərində ermənilərin Ermənistanla birləşmək istəyinə zidd olaraq Sovet hakimiyyəti tərəfindən Azərbaycana birləşdirildiyini qeyd etməklə, əslində, separatçılığa haqq qazandırmağa çalışır. Amma müəllif Qarabağın həmin dövrdə hansı konkret sərhədlərə malik olduğunu yazmır. Halbuki Dağlıq Qarabağın 1921 –ci ildə guya Azərbaycana verilməsi fikri erməni təbliğat maşınının uydurmalarından biridir. Görünür, müəllif ya bilmir, ya da özünü bilməməzliyə vurur ki, həmin dövrdə sovet dövləti Dağlıq Qarabağı ermənilərin tələblərinin əksinə olaraq, aid olduğu öz tarixi Azərbaycan torpaqları daxilində saxlamağa qərar verib. Sonradan orada erməni əhalisinin kompakt yaşadığı 4 rayon və Şuşa rayonu daxil olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Dağlıq Qarabağ ermənilərinin heç vəchlə Ermənistanla bağlı olmadıqlarını hətta ermənilərin bəziləri də bildirib. Məsələn, Anastas Mikoyan da 1919-cu il 22 may tarixində V.İ Leninə göndərdiyi məktubunda bunu qeyd edir.
Müəllif vilayətin əhalisinin sayının məhz 500 min nəfərdən az olduğunu göstərməklə oxucunu rəqəmlərin illüziyasına salaraq çaşdırmağa çalışır. 200 min nəfərdən az olan əhalinin sayını süni şişirdərək 500 min nəfərdən az göstərən müəllifin məqsədi yalnız bu ola bilər.
Müəllif yazısına davam edərək bildirir ki, iki tərəf arasında baş vermiş müharibənin nəticəsində ermənilər Dağlıq Qarabağdan azərbaycanlı əhalini “çıxara” bildilər və əlavə olaraq təxminən 13 kənd və qəsəbəni ələ keçirdilər. Buradan da müəllifin məlumatsızlığı deyil, məhz qərəzliliyi üzə çıxır. Sən demə, zəngin söz ehtiyatına malik ərəb dilində “qovmaq”, “deportasiya etmək”, “didərgin salmaq” mənalarının qarşılıqları müəllif üçün yoxa çıxıb və o , sadəcə “çıxarmaq, xaric etmək” mənasında söz işlətməklə öz gizlin niyyətini ortaya qoyur. Çünki onun düşüncəsinə görə, ermənilər sonradan oraya gələnləri kənara “çıxarıblar”. Bütün bunlar erməni psevdotarixçilərinin uydurmalarından qaynaqlanır. Onlar Azərbaycan ərazilərinə iddialarını, həm də bununla əsaslandırmağa çalışırlar ki, guya ermənilər Qarabağda qədimdən məskunlaşıblar, azərbaycanlılar isə həmin əraziyə sonradan köçüblər. Məqalə müəllifinin rəqəmləri qərəzli olaraq bəzən azaltması və ya şişirtməsinin də şahidi oluruq. Guya bədxah qonşularımızın Azərbaycandan işğal etdikləri kənd və qəsəbələrin sayı cəmi 13 imiş (!).
Süleyman əş-Şeyx məqaləsini özünəməxsus sualla bitirir: “Qarabağ bölgəsinin sahəsi kiçik, əhalisinin sayı az olsa da, onunla bağlı problemin münasib həlli niyə hələ də tapılmayıb?” Cavab sadədir: Nə vaxta qədər ki, Süleyman əş-Şeyx və onun kimiləri dünya ictimaiyyətini çaşdıran məqalələr yazacaqlar, problemin həlli də bir o qədər uzanacaq.
Qeyd olunan məqalələrin qarşısını almaq üçün Qarabağ problemi ilə bağlı ərəb dünyasını daha çox məlumatlandırmağa ehtiyac vardır. Bu mövzu ilə, ümumiyyətlə Azərbaycan tarixi ilə bağlı kitabların ərəb dilinə tərcümə edilməsi, sənədli filmlərin dublyaj edilib yayımlanması, elektron informasiya resurslarında Azərbaycanla bağlı materialların izlənməsi və lazım gəldikdə şərhlərdə polemika aparmaq, ərəbdilli Wikipediya-da ölkəmizlə bağlı materialların sayını artırmaq, bir sözlə problemə elmi yanaşma ortaya qoymaq lazımdır. Sevindirici haldır ki, problemə elmi yanaşma sahəsində diqqətəlayiq araşdırmalar ortaya qoyulur. Burada alimlər Kəmalə İmranlının, Rizvan Hüseynovun, Elxan və Vurğun Süleymanovların araşdırmalarını qeyd etmək olar. Amma işğal olunan bölgələrimiz, azərbaycanlıların Ermənistandan deportasiyası, soyqırımlara məruz qalmaları haqqında geniş tədqiqatlara ehtiyac qalmaqdadır.
Şıxəli Əliyev
AzərTAc-ın ərəb bölməsinin müdiri