“İnterfaks-Azərbaycan” informasiya agentliyində “voiceofkarabakh.com” portalının təqdimatı olub. Portalda Qarabağ münaqişəsinin müxtəlif məsələlərinə və tarixinə dair Azərbaycan, ingilis və rus dillərində nadir materiallar toplanıb. Portal Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində Qafqaz Tarixi Mərkəzi tərəfindən yaradılıb.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov yeni portalın məqsəd və funksiyalarından söhbət açaraq bildirib ki, bu portal Qarabağın tarixindən, mədəniyyətindən, Ermənistan-Azərbaycan münaqişəsindən söz açan ən məzmunlu internet resurslarından birinə çevriləcək.
Rizvan Quliyev bildirib ki, saytda yerləşdirilən materiallar Türkiyə, Rusiya, Gürcüstan və bəzi Avropa ölkələrinin arxiv materialları əsasında hazırlanıb. Saytın səkkiz bölməsi var.
Hazırda portalda Qarabağ müharibəsi dövründə erməni terrorçularının Xocavənd rayonunda törətdikləri cinayətlər, Qaradağlı kəndinin azərbaycanlı əhalisinin soyqırımı, habelə Qarabağın bu regionu haqqında tarixi arayışlar, xəritələr və digər informasiyalar yerləşdirilib.
R.Hüseynov bildirib ki, yeni sayt dünən gecə ermənilər tərəfindən haker hücumuna məruz qalıb. Texniki xidmət internet-resursun fəaliyyətini bərpa etsə də, hazırda o, yenə də fasilələrlə işləyir.
Bundan əlavə, layihə çərçivəsində ingilis və rus dillərində “Qarabağ münaqişəsinin qısa tarixi və səbəbləri” kitabçasının təqdimatı olub. Bildirilib ki, kitabça “Bakı–2015” birinci Avropa Oyunları zamanı qonaqlara və turistlərə paylanıb. Kitabçanın nüsxələri xarici ölkələrə də göndərilib.
AZƏRTAC