Kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reyestri verilir. Göründüyü kimi, 44 rəqəmi millətimiz üçün fərqli ruh yaradaraq keçmişimizə münasibəti dəyişir, yüzillliklər əvvələ gedərək tarixin silinmiş səhifələrindən qurucu kimliyimizi görməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikriləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimat mərasimində söyləyib.
O qeyd edib ki, əsərdə 49 pir, ocaq, ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə edilib. Yüzlərlə xarici və mötəbər ədəbiyyat sənədlərinə, etibarlı, nüfuzlu mərkəzlər tərəfindən qəbul olunan müəlliflərə istinad olunub.
Qarabağ və ona bitişik yeddi rayonun, Qazax rayonunun və Naxçıvanın Kərki kəndinin 738 tarixi abidəsi, 83500-dən çox eksponatla 28 muzeyi, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursu işğal nəticəsində böyük itkiyə məruz qalıb. Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Şuşada XVII-XIX əsrlərin Gövhərağa və Saatlı məscidləri öz dağılma estafetini İrəvandakı Qacar dövrünün qiymətli saray arxitekturası olan “Sərdar sarayı” və ya “Xan sarayı” kompleksi, Sərdar məscidi və minlərlə digər irs nümunəsindən alarkən itkilərimizin coğrafiyası və miqyası tam aydın görünür. Halbuki mədəni mülkiyyətin hansı millətə mənsub olsa da, xüsusi qorunduğu hamıya bəllidir. 1949-cu il IV Cenevrə Konvensiyası, 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”, “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyası mədəni irsə qarşı aktları beynəlxalq cinayət hüququ ilə müharibə cinayəti sayır və hüquqi məsuliyyət, onların yenidən təkrar olunmayacağına dair müvafiq vəd və təminatlar, kompensasiya və zərərə görə tam təzminat tələbi yaradır.