XV əsrdə erməni kilsəsi Kilikiyadan Eçmiədzinə köçdü. XIX əsrdə çar Rusiyası Qafqazda xristian dövlətləri anklavı yaratmaq niyyətində idi. O vaxt Gürcü çarlığı hələ mövcud idi. Çar hökuməti Azərbaycan sərhədləri hüdudunda Alban dövlətini yaratmağı nəzərdə tutmuşdu.
Üçüncü xristian dövləti isə Zaqafqaziyada heç vaxt öz dövləti olmayan Ermənistan olmalı idi.
Məhz həmin vaxtdan etibarən qədim alban torpaqlarına – xüsusilə də Qarabağ və Zəngəzura İran və Türkiyədən fəal surətdə ermənilər köçürülməyə başlandı. Lakin 1828-ci il tarixli Türkmənçay müqaviləsi çar Rusiyasının niyyətlərini dəyişdi. Rusiyanın əlinə Azərbaycan ərazilərində daha güclü erməni dövləti yaratmaq fürsəti düşmüşdü. “Böyük Ermənistan” ideyası belə yarandı. O Rusiya imperiyası ilə müsəlman dünyası arasında buferə çevrilməli idi.
Məkrlilik baxımından dahiyanə olan bu planının mərkəzi müddəalarından biri Alban kilsəsini ləğv etməkdən və onun bütün mülkiyyətini, arxivlər və sənədləşdirmə də daxil olmaqla Eçmiədzin kilsəsinə verməkdən ibarətdi. Bu, 1836-cı ildə I Nikolayın fərmanı ilə baş tutdu. Nəticədə Qarabağın bütün kilsələri erməni kilsəsi adlandırılmağa başlandı, vilayətin xristian əhalisi isə ermənilər kimi qeydə alındı. Qafqaz Albaniyası əhalisinin böyük əksəriyyəti İslamı qəbul etdikdən və türkdilli Azərbaycan etnosu tam bərqərar olduqdan sonra, Azərbaycanın yerli əhalisindən yalnız etnik azlıqlar xristianlığa etiqad etməkdə davam edirdilər. Onlar arasında qədim Albaniya ilə mədəni və mənəvi bağları qoruyan udinlər xüsusi yer tutur. Lakin çar hökumətinin dəstəyi ilə udinləri Eçmiədzin kilsəsinin tərkibində hesablamağa və onları erməni kimi qeydə almağa başladılar. 1853-cü ildə udinlərin öz kilsələrinə getmələrini qadağan edən və onların yaşadıqları yerin yaxınlığında erməni kilsəsinin tikilməsi haqqında fərman dərc olundu. Nəticədə XIX əsrin ortalarında Qarabağada çoxlu udin kəndləri olsa da, XX əsrin əvvəllərində onların biri də qalmamışdı.
Zorla “erməniləşdirilməyə” müqavimət göstərən udinlər həm öz kilsələrinə, həm də erməni kilsəsinə getməklərini dayandırdılar. Bir çoxları öz uşaqlarını xaç suyuna salmaq üçün Gürcüstan gedirdilər, Azərbaycanda rus pravoslav kilsəsi yarandıqdan sonra isə Bakıya və Gəncəyə getməyə başladılar. Nəticədə udinlərin əksəriyyəti pravoslavlığa itaət edirlər.
1989-cu il əhalinin siyahıya alınmasına görə, keçmiş Sovet İttifaqında 8 min udin vardı. Onlar əsasən Azərbaycanın Qəbələ və Oğuz rayonlarında yaşayırlar. Vaxtilə çoxsaylı olan bu xalqın yalnız kiçik bir hissəsi öz milli və dini özgürlüklərini saxlayıblar.
Udinlərin inancları xristianlıqla bəzi bütpərəst təsəvvürlər, hətta islamla sinkretik vahidlik təşkil etsə də mütəxəssislər asanlıqla bu ənənələrin Qafqaz Albaniyası ilə aydın əlaqələrini aşkarlamaqda çətinlik çəkmirlər. Qarabağda və müasir Ermənistan ərazisindəki kilsələrin üslubu alban məbədlərinin memarlıq üslubudur. Udin etnosunun ən müqəddəs abidələri içərisində bu gün yalnız xarici divarı və yeraltı saxlancları da daxil olmaqla bəzi tikililəri qalan Ləki monastırı seçilir. Alban kilsəsinə həmçinin aşağıdakı məbədlər daxildir – Mamrux (Zaqatala rayonu – IV əsr), müqəddəs Yelisey (VI-XIII əsrlər), Xatravak (XIII əsr), Böyük Aran (VI-XIII əsrlər), Gəncəsar (Ağdərə rayonu – XIII əsr), Yedi kilsə (V-VIII ərlər), Amaras (Xocavənd rayonu –IX-XIII əsrlər), Xotavənk (Kəlbəcər rayonu – XIII əsr), Həmşivank (Gədəbəy rayonu – XIII əsr), Hütəbənk (Hadrut rayonu (Hadrut rayonu – XIII əsr), Tatev (Zəngəzur rayonu – IX-XI əsr), Ağarsin (İcevan rayonu IX – XIII), Qoşavənk (İçevan rayonu – XI – XIII), Keçaris (İcevan rayonu XI-XIII əsr).
“Право выбора”,qəzeti, № 4 (5), 2004